Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/66-cı məktub

65-ci məktub Nəhcül-bəlağə. 66-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
67-ci məktub


İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (dünyada sevinməmək və kədərlənməmək barəsində öyüd-nəsihət verdiyi) məktublarındandır. Bu məktub bundan öncə (iyirmi ikinci məktubda) başqa ibarələrlə keçdi. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Bəndə həmişə əldən çıxarması təqdir edilməmiş şeyə çatanda sevinir. Ona çatması təqdir edilməmiş şeyə görə isə kədərlənir. Buna görə də dünyadan əldə etdiyin ən yaxşı şey ləzzət və şadlığa çatmaq və (intiqam almaq və incitməkdə) qəzəb işlətmək deyil, batil və nahaqqı yatırmaq (məhv etmək) və haqq və düzlüyü diriltmək (bərpa etmək) olmalıdır. Gərək sevincin qabaqcadan göndərdiyin (sabahına tədarük gördüyün) şey üçün, kədərin görmədiyin (dünyada axirət üçün yerinə yetirmədiyin) iş üçün, fikir-düşüncən isə ölümdən sonra üçün olsun.