Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/68-ci məktub

67-ci məktub Nəhcül-bəlağə. 68-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
69-cu məktub


İmam Əli əleyhis-salamın (zahiri) xilafətə çatmamışdan qabaq Salman Farsiyə (Allah ona rəhmət etsin) olan məktublarındandır (ki, onda onu dünyaya aldanmaqdan çəkindirib). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Dünya əl vuranda yumşaq, zəhəri isə həlakedici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən (maldan) uzaq ol. Ona görə ki, onun malından bir azı (ancaq bir kəfən) səninlə birgə qalacaqdır (qəbrə gedəcəkdir). Həmçinin onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan (bilirsən ki, nəhayət ondan ayrı qalacaqsan və onun rəftarı hər an əvvəlki vaxtdakı rəftarına ziddir. Buna görə də ona ürək bağlama və bir neçə günlük yaşayış üçün özünü qəmləndirmə). Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir, yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda onu həmin haldan (çıxarıb) qorxu və vahiməyə düçar edir. (Buna görə də ağıllı adam bu cür düşmənlə dostluq etməyə aldanmamalıdır, əksinə, o, özünü dost kimi göstərəndə ondan daha çox uzaqlaşmalıdır.) Salama layiq kimsəyə salam olsun!