Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/83-cü xütbə

82-ci xütbə Nəhcül-bəlağə. 83-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
84-cü xütbə


İmam Əli əleyhis-salamın Əmr ibn As barəsində (onun nadürüst söz və əməllərini pislədiyi və qınadığı) xütbələrindəndir: Zinakar arvadın oğluna heyrətlənirəm. (Belə atasızın biri) Şam camaatına yalandan deyir ki, mən zarafatcıl, lağlağı bir adamam və daim zarafatla, oyunla məşğulam. Nadürüst söz danışıb, bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır və (hər kəsə) vəd etsə, onun əksinə əməl edər, öz sualları ilə naqqallıq edər, ondan soruşulduqda isə (cavabında) xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə qılınclar işə düşməyənə qədər (fəsadı və müharibə atəşini alovlandırmaq üçün) çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir. Bilin! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün (öz zəmanəsinin İmamının əleyhinə çıxması üçün) azacıq rüşvət (Misirin bir neçə günlük hakimliyi) bağışlamasaydı, Müaviyəyə bey’ət etməzdi.