Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/90-cı xütbə

89-cu xütbə Nəhcül-bəlağə. 90-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
91-ci xütbə


İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir. Bu, böyük və əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi. Məs’ədə ibn Sədəqə Həzrət İmam Cə’fər Sadiq ibn Məhəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz və elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi və camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş və qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam və salavat göndərərək buyurdu: Həmd olsun Allaha ki, əta etməyi kəsməsi və bağışlamaması malını, dövlətini artırmaz, səxavət və bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta və bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə də İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-təaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir. Odur böyük nemət, nəsib və bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş və müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər və vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət və səadətin) yolunu aydın və işıqlı etmişdir. Ondan istənilən şeydəki əta və bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil. İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun. (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) və Onu dərk etməsinə mane olan Odur. Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət və gücsüzlük, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik və bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə və (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun. Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr və mirvarini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə və dənizdə olan xəzinə və mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş və səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq və nöqsan mümkünə xasdır, vacibə aid deyil). Ey sual verən, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal və Qur’anın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-təalanı həmin sifətlə vəsf et). Qur’anın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi və kitabda (Qur’ani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, Həzrət Peyğəmbər və doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm və biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-təalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qur’ani-Kərimdə, Həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar və sifətlərlə çağırasan, vəsf edəsən). Bunu bil ki, elm və bilikdə qüvvətli və möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdəli olan və təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-təala da onların elm və biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk və gücsüzlüklərini etiraf etmələrini mədh etmiş və onların həqiqət və zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik və mətanətlilik adlandırır. Belə isə sən də Qur’anın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak və nöqsansız Allahın əzəmətini və böyüklüyünü öz ağlınla ölçmə ki, həlak və puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət və gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə və fikirlər qeyb və görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, ürəklər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran və vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-təala, (gücü və qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl və düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda və Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət və böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət və örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq və mə’buddan nümunə götürməyə ölçü və əndazə olmadığı halda məxluqatı xəlq edən. Öz padşahlığının güc və qüdrəti, Onun hikmətinin nümunə və nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut və qəti dəlilləri bizə göstərdi və bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri və hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər və bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr də), Onun varlığına dəlil və sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə və misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı və müqəddəsliyi barədə buyurur:) Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin və ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən də Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma və imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qur’ani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək və fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər və oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil və sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir. Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son və nəhayət yoxdur. Buna görə də düşüncələrin mənşəyində keyfiyyət və necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan və yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət və dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)


Bu da həmin xütbənin (əşyanın xilqəti və pak Allahın yaradılmışların sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir

Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət və məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması və arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onun iradə və istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın. Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.

Bu xütbənin bir hissəsi səmanın vəsfi haqqındadır

(Allah-təalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:) Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı. Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi. Onun bağlanmış qapılarını yığıldıqdan sonra açdı. Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən və dağılmaqdan qorudu. Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi. Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən də tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin. Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə və cismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları və (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı. Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiq olanları və müvafiq olmayanlarını Öz iradəsi və əmri ilə) ram və bərqərar etdi.

Bu xütbənin bir hissəsi mələklərin vəsfi barəsindədir Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onları ibadət və itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar. Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər. Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir. Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi. Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) mə’sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan və nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə və nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə də insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənn və yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq və sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-təalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (və qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər. Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanın qüdrət və əzəmətini bildiklərinə görə) Onun (əzabının) xof və qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət və bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir. Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (və başqasına ürək bağlamırlar). Münacat və (Allah-təala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur və öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən və itaətin çoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-təalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət və rahatlıq heyvani məzacın tələbatlarındandır və mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar. Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişə xof və ümid içində olar və bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı) səy və zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu və xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-təala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm və iradələri Allaha ibadət və itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr və fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.


Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan edilir

Böyük Allah yeri (yerin çoxunu) erkək heyvanın öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaların arasında erkək heyvanların şəhvani həyəcan və məst vaxtı ağzı köpükləndiyi tək biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətrafları ilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağın suda yerləşməsindən sonra onun çalxalanması dayandı və dalğaları sakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, boyun əyməmək və böyüklükdən (öz dalğalarının coşub daşması nəticəsində səs-küy salmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünə çevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birinin üstünə çevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-təala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-təala göylə yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlini (onun üzərində yaşamaq üçün) bütün ehtiyaclarını ödəyən şeylərlə birgə yaratdı. Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerə su versin) onun bitkilərini cücərtsin. Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanların döşündən süd sağan kimi sağdı). Sonra bulud (ağır yüklü dəvə sinəsi üstə yerə çökən kimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağış yağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-təala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər ələflər bitirdi. Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəl görünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşıl olar). Allah-təala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədikləri hər bir yerə gedib gəlmələri üçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlar və dağlar kimi) əlamətlər, nişanələr qoydu (ki, ətraf aləmə yol tapa bilsinlər). Allah-təala yeri açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Sonra Allahın əvvəlcədən onun barəsində olan elminə uyğun olmaq üçün Adəm Allah-təalanın qadağan etdiyi işi gördü. Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunla olan və ya sonradan dünyaya gələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıca və məada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən Allahı tanımaq məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onları doğru yola yönəltdi.) Bu minvalla peyğəmbərimiz Məhəmməd (səlləllahu əleyhi və alih) vasitəsilə hüccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi. Ruziləri təyin etdi (ölçüsünü müəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələri arasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hər kəsə Öz hikmətinə və məsləhətinə uyğun, onun bacarığı müqabilində bağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsün ki, varlılar şükr, yoxsullar səbr edirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlını kasıb, sağlamı xəstə və şadı qəmgin etdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülmək və bu kimi) səbəblərini yaratdı. Ölümü (quyudan vedrə çəkən kimi) ömürlərin uzun kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərinin uzunluğuna ümidvar olan qüvvətli insanlar bilsinlər ki, ölüm güclü və zəif tanımır). (İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-təalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir və buyurur:) Allah-təala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqası hiss etmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heç kəsin agah olmadığından), hicab və pərdələrlə örtülmüş (heç bir kəsə aşkar olmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların ah-nalə səsləri və hönkürtülərindən, (addımlayanların) addımlarının ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqanadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağac budaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaq və çör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarət və bu qəbildən tikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləl və mərcandan), gecə qaranlığının örtdüklərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-huyunu, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insanda olduğu kimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahı tanıma, ibadət, nemətə şükr etmə və təşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi. (İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:) Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən. İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tovhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən.