Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Hikmətli sözlər

III fəsil Nəhcül-bəlağə. Hikmətli sözlər (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev


1 İmam Əli əleyhis-salamın (Həzrət Sahibəzzamanın–Allah onun mübarək zühurunu tezləşdirsin–əzəmət və böyüklüyündən xəbər verdiyi) hədisində deyilir: Onun vaxtı çatanda alicənab başçı və dinin rəhbəri (gizlin qalmadan və nigarançılıqdan çıxıb öz səltənət və xilafət məqamında) yerini tutacaq. Sonra (möminlər, dünyanın müxtəlif yerlərindən) bulud parçaları payız fəslində bir yerə toplaşıb bir-birlərinə birləşdikləri kimi o Həzrətin yanında bir yerə toplaşacaqlar. (Bu kəlam aşkar şəkildə İmami-Zaman əleyhis-salamın sağ olmasına, düşmənlərdən gizlin olmasına, yer üzünü seyr etməsinə və Allah istəyən zaman üzə çıxacağına dəlalət edir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) (Əsas mətndə işlədilmiş) «يَعْسُوبُ الدِّينِ» «yə'subuddin» kəlməsinin mənası «alicənab başçı»dır. (O Həzrətin işlətdiyi «ضَرَبَ بِذَنَبِهِ» «zərəbə bizənəbihi» kəlməsinin mənası budur ki, İmami-Zaman nigarançılıqdan sonra öz yerini tutacaqdır. Çünki «يَعْسُوب» «yə'sub» lüğətdə «bal arılarının şahı» mənasındadır ki, günün çox hissəsini iki qanadı ilə uçur, quyruğunu yerə qoyduqdan sonra isə hərəkət və uçuşu dayandırıb öz yerində durur.) «قَزَع» «Qəzə» (istər sulu, istər də) susuz və yağışsız (nazik) bulud parçalarıdır. (Lüğət yazan alimlər də onun mənasını deyilən kimi yazıblar. Həzrət Sahibəzzaman əleyhis-salamın əshabı ona görə payızın bulud parçalarına oxşadılıb ki, payız qışın əvvəlidir və dağınıq buludlar həmin vaxt bir-birlərinə tez birləşirlər.)

2 İmam Əli əleyhis-salamın (Əmirəl-möminin əleyhis-salamın səhabələrinin əzəmətli, xas və yaxşılarından olmuş Sə'sə’ə ibn Sauhan Əbdini təriflədiyi) hədisində deyilir: Bu xütbə oxuyan mahir və zirəkdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) (Əsas mətndəki «شَحْشَح» «şəhşəh» kəlməsindən) məqsəd xütbə oxumaqda mahir, zirək və usta olan və dolğun söz söyləməkdə bacarığı olan şəxsdir. Danışıq və hərəkəti iti olan hər bir şəxsə «شَحْشَح» «şəhşəh» deyirlər. «شَحْشَح» «şəhşəh» bundan başqa yerdə bəxşiş etməyən xəsis və simic mənasında işlədilib.

3 İmam Əli əleyhis-salamın (çəkişmə və dava-dalaşın ziyanı barəsindəki) hədisində deyilir: Çəkişmə və dava-dalaşda çətinlik və məhv olma vardır. (Çünki əgər şəxs çalışaraq onda israrlı olsa günaha düçar olar, ona göz yumub əl çəksə isə məğlub olar və zülmə məruz qalar. Hər iki halda əziyyətə və çətinliyə düşər. Belə olan şəxs pərhizkarlıqdan qalar, necə ki, iki yüz doxsanıncı kəlamda bu nöqtəyə təkid edilib. Buna görə də gərək insan elə iş görsün ki, çəkişmə və düşmənçilik qarşıya çıxmasın. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) İmam əleyhis-salamın (əsas mətndəki) «قُحَم» «quhəm» kəlməsindən məqsədi «məhv olmaqlıqlar»dır. Çünki çəkişmə çox vaxt insanları çətinliklərə və məhvə düçar edir. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab», yəni, «ərəb çölçülərinin çətinlikləri» də ondan götürülüb. Məqsəd budur ki, onlar qəhətlik və quraqlığa düçar olurlar. Belə ki, bu, onların var-yoxlarını aradan aparır, heyvanlarından ətsiz quru sümükdən başqa bir şey qoymur və var-yoxlarının məhv olmasının mənası da elə budur. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab»ın (mənası) barəsində başqa cür də deyilib və o budur ki, qəhətlik və quraqlıq onları abad şəhərlərə getməyə məcbur edir. Yəni, çöllərin quruması (və onda ot və suyun olmaması) onları möhtac edir və şəhərə gəlməyə vadar edir.

4 İmam Əli əleyhis-salamın (qız üçün ər seçmək barəsindəki) hədisində deyilir: Qadınlar (qızlar) həddi buluğa çatan zaman (onların ərə getmək və öz hüquqlarını ələ almaq vaxtları çatanda) ata qohumları (onu ərə verməyə ana qohumlarından) daha layiqdirlər. (Seyyid Rəzi-rəziyəllahu ənhu-deyir:) (Əsas mətndə olan «نَصُّ الْحَقائِق» «nəssul-həqaiq» kəlməsinin yerinə) «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» da rəvayət edilib. «نَصّ» «nəss» hər bir şeyin son həddi və axırıdır. Məsələn, yol getməkdə «نَصّ» «nəss» heyvanın getməyə qadir olduğu hərəkətin son həddidir. Sən o vaxt «نَصَصْتُ الرَّجُلَ عَنْ الْأَمرِ» «nəsəstur-rəculə ənil-əmr», yəni, «filan şey barəsində filan kişidən sualımı sona çatdırdım» deyirsən ki, həmin şey barəsindəki suallarını onda olanları əldə edənə kimi verib sona çatdırmış olasan. Buna görə də Həzrətin «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan (bu cümlədən) məqsədi, qızların, uşaqlığın sonu olan və uşağın böyüklük həddinə çatdığı «həddi-buluğ»a yetişmələridir. Həzrətin (نَصُّ الْحِقاقِ «nəssul-hiqaq») kəlamı, bu mənada ən dolğun və heyrətləndirici metaforalardandır. Buyurur ki, qızlar həmin həddə (ərə getmək vaxtına) çatan zaman onu ərə vermək istəsələr qızın ata qohumları–əgər qardaşlar və əmilər kimi ona məhrəm olsalar–onu ərə verməyə anadan daha layiqdirlər. «حِقاقِ» «hiqaq» (kəlməsi) ananın, qızı barəsində qızın ata qohumları ilə çəkişməsi mənasında olan «مُحاقَّة» «muhaqqə»dən götürülüb. «مُحاقَّة» «muhaqqə» onların hər birinin digəri ilə, qızı ərə verməyə daha layiq olması barəsində çəkişmə aparması və qalmaqalıdır. «جادَلْتُهُ جِدالاً» «cadəltuhu cidalən» kimi olan «حاقَقْتُهُ حِقاقاً» «haqəqtuhu hiqaqən», yəni, onunla çəkişdim və dava etdim, ibarəsi də ondan götürülüb. Deyiblər ki: «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» əqlin həddi buluğa, kamillik həddinə çatmasıdır. Çünki İmam əleyhis-salam (bu kəlamda) o sonun və zamanın çatmasını nəzərdə tutub ki, onda haqq və hökmlər (qıza) vacib olur. «نَصُّ الْحَقائِق» «Nəssul-həqaiq» rəvayət edən kəs, «حَقائِق» «həqaiq»i «حَقِيقَة» «həqiqə»nin cəmi hesab edib. Bu deyilənlər Əbu Ubəyd Qasim ibn Səlamın bəyan etdiyi məna idi. Mənim fikrimcə isə burada «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan məqsəd, qızın, ərə getməsi və öz hüquqlarını ələ alması rəva olan həddə çatmasıdır. Çünki o, dəvə barəsində işlədilən «حِقاق» «hiqaq»-a oxşayır və o, «حِقّ» «hiqq» və «حِقَّة» «hiqqə»-nin cəmidir. Bunların mənası üç yaşı tamam olmuş və dörd yaşına keçmiş dəvədir və o, həmin vaxt minilmək və yaxşı sürülməsi mümkün olan həddinə çatır. «حَقائِق» «həqaiq» də «حِقَّة» «hiqqə»nin cəmidir və hər iki rəvayətin («نَصُّ الْحَقائِق» «nəssul həqaiq» və «نَصُّ الحِقاقِ» «nəssul-hiqaq»-in) mənası birdir. (Bizim dediyimiz) bu (məna), ərəbin məslək və yoluna, deyilmiş birinci mənadan daha çox oxşayır.

5 İmam Əli əleyhis-salamın (iman barəsindəki) hədisində deyilir: İman qəlbdə ağ nöqtə kimi yaranır, zahir olur. İman artdıqca həmin ağ nöqtə də artır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) (Əsas mətndəki) «لُمْظَة»«lumzə», nöqtə və ya onun kimi ağ bir şeydir. Aşağı dodağında ağ xal olan ata deyilən «فَرَسٌ أَلْمَظ» «fərəsun əlməz» (ifadəsi) də bu mənadan götürülüb.

6 İmam Əli əleyhis-salamın (borcun zəkatı barəsindəki) hədisində deyilir: Əgər birinin alacağı varsa və həmin borcu (borcludan) alıb-almayacağını bilmirsə, onu alanda üzərindən keçmiş il üçün onun zəkatını (verilməsi layiq olan kəsə) verməsi vacibdir. (Seyyid Rəzi əleyhirrəhmə deyir:) (Əsas mətndəki) «الدَّيْنُ الظَّنُونُ» «əd-dəyn əz-zənun» borc sahibinin borcludan alıb-almayacağını bilmədiyi borcdur. Belə ki, borc yiyəsi onun barəsində zənn və gümandadır. Bəzən onun çatacağına ümid bəsləyir, bəzən də naümiddir. Bu, (məqsədə dəlalət edən) ən fəsahətli və dolğun kəlamlardandır. Həmçinin sənin axtardığın, amma tapıb-tapmayacağını bilmədiyin hər bir şey «الظَّنُون» «əz-zənun»dur. (Cahiliyyət dövrünün məşhur şairlərindən olmuş və ərəblərin, onun şe’rlərinə mahnı qoşub oxuduğu) Ə’şanın sözü də bu mənadadır ki: ما يُجْعَلُ الْجُدُّ الظَّنُونُ الَّذِى جُنِّبَ صَوْبَ اللَّجِبِ الْماطِرِ مِثْلَ الْفُراتِىِّ إِذا ماطَما يَقْذِفُ بِالْبُوصِىِّ وَ الْماهِرِ «Suyunun olub-olmaması barəsində zənn və güman edilən və səs–küylü axar yağışın gəlməsindən uzaq olan quyunu, Fəratın tüğyan edən zamanda (suyun çoxluğu və dalğaların təlatümü nəticəsində) gəmi və mahir üzgüçünü diz çökdürən suyuna tay tutmaq olmaz.» (Bu cümlə simic və xəsis adamla comərd və əliaçığın bərabər olmaması barəsində bir məsələdir. Şe’rin mətnində olan) «جُدّ» «cudd» (kəlməsi) çöl və səhrada olan köhnə quyu mənasındadır. «الظَّنُون» «Əz-zənun» isə suyunun olub-olmaması bilinməyən bir quyudur.

7 İmam Əli əleyhis-salam, müharibəyə göndərdiyi qoşunu ötürərkən (onlara öyüd-nəsihət verib belə) buyurmuşdur: Bacardıqca qadınlardan uzaq olun. (Seyyid Rəzi–rəhiməhullah–deyir:) Bu kəlamın mənası budur ki, (müharibə zamanı) qadınları yadınıza salmaqdan və onlara ürək bağlamaqdan çəkinin və özünüzü onlarla yaxınlıq etməkdən saxlayın. Çünki bu, qeyrət və kişilik gücünü süstləşdirir, qəti qərarlara xələl gətirərək onlarda boşluq yaradır, insanı düşmən müqabilində məğlub edir və müharibəyə gedərək onda səy və təlaş göstərməkdən uzaqlaşdırır. Bir şeydən çəkinən şəxs (barəsində «أَعْذَبَ عَنْهُ» «ə’zəbə ənhu», yəni,) «ondan uzaqlaşıb və özünü ondan saxlayıb» deyilir. Özünü yemək-içməkdən saxlayan kəsə «عاذِب» «azib» və «عَذُوب» «əzub» deyilir.

8 İmam Əli əleyhis-salamın (23-cü xütbədə paxıllıq etməmək və həsəd aparmamaq barəsindəki) hədisində deyilir: Qələbə axtaran mahir qumarbaz kimi olsun ki, qələbəni əvvəlcə öz qumar oxlarından gözləyir. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) (Əsas mətndə olan) «ياسِرُون» «yasirun», alıb kəsdikləri dəvənin üstündə qumar oxları ilə qumar oynayan kəslərdir. «فالِج» «falic», qələbə axtaran və mahir mənasındadır. (Bu barədə belə) deyirlər: «فَلَجَ عَلَيْهِمْ وَ فَلَجَهُمْ» «fələcə ələyhim və fələcəhum», yəni, dostlarına qalib gəldi və onlardan uddu. (Döyüş meydanında) hərif çağıraraq rəcəz oxuyan şəxs belə deyir: «لَمّا رَأَيْتُ فالِجاً قَدْ فَلَجا» «ləmma rəəytu falicən qəd fələca» yəni, «o zaman ki, qələbə çalanı qalib gələndə gördüm.»

9 İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - şücaət və cəsurluğu barəsindəki və oxşarı doqquzuncu məktubda keçmiş) hədisində deyilir: Biz qorxu və vahimə qızaranda (döyüş çətinləşəndə) özümüzü Allahın elçisi (səlləllahu əleyhi və alih) vasitəsi ilə qoruyurduq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Bu sözün mənası budur ki, düşməndən qorxu artanda və müharibənin sancmaqları ağırlaşanda müsəlmanlar Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) vuruşan tərəfə qaçırdılar və Allah-təala o Həzrətin bərəkətindən onlara yardım göndərirdi. Onlar da həmin Həzrət vasitəsi ilə qorxduqları şeydən xatircəm olub rahatlanırdılar. Həzrətin «إِذَا احْمَرَّ الْبَأْسُ» «qorxu və vahimə qızaran zaman» ibarəsi, döyüşün ağırlığını məcazi dillə anlatmaqdır. Bu barədə bir neçə fikir deyilib. Onların ən yaxşısı budur ki, Həzrət, müharibənin qızışmasını istilik və qırmızılığı öz əməl və rəngində toplayan oda bənzədib (ki, həm yandırıcıdır həm də şöləli). Bu nəzəri Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Taif ilə Məkkə arasındakı yerin adı ilə adlandırılan) Hüneyn müharibəsində müsəlmanların qılınc çalmalarını görən zaman buyurduğu söz də təsdiqləyir. O, (Qeys qəbilələrindən olan) Həvazən döyüşü idi (ki, Həzrət onda buyurdu): «الْانَ حَمِىَ الْوَطِيسُ» «indi müharibənin təndiri qızışdı». (Əsas mətndəki) «وَطِيس» «vətis» (kəlməsi) od yandırılan yer mənasındadır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onların döyüşlərinin qızışmasını odun alışaraq şölələnməsinə bənzədib.


Bu fəsl sona çatdı və biz özümüzün bu bölümün əvvəlindəki üsulumuza (o Həzrətin buyurduğu kəlmələrin təfsiri deyil, İmam əleyhis-salamın sözlərinin bəyan edilməsi olan məqsədimizə) qayıdırıq

253 Müaviyənin qoşununun (İraqın qədim şəhərlərindən olan) Ənbara hücum edərək qarətçilik və soyğunçuluq etməsi xəbəri İmam Əli əleyhis-salama çatanda, o Həzrət təkcə piyada (Kufədən) çıxaraq (Kufə yaxınlığındakı) Nuxəyləyə kimi gəldi. Camaat (onun arxasınca gəlib) xidmətinə yetişərək belə dedi: Ey Əmirəl-möminin! Sənin yerinə biz onlara bəsik. Sonra Həzrət (onların məzəmmətində belə) buyurdu: Allaha and olsun ki, siz mənə özünüz (sizə gələn ziyanlar) üçün bəs deyilsiniz, başqaları üçün necə bəs ola bilərsiniz? Əgər məndən əvvəlki rəiyyətlər hakimlərinin zülmündən şikayətlənirdilərsə, bu gün mən öz rəiyyətimin zülmündən şikayətlənirəm. Sanki mən tabe, onlar rəhbərdirlər, yaxud mən əmri yerinə yetirən, onlar isə əmr verəndirlər! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) İmam əleyhis-salam bu sözü – bizim, bir hissəsini xütbələr fəslində (iyirmi yeddinci xütbədə) bəyan etdiyimiz uzun bir söhbətdə –deyəndə, səhabələrindən iki nəfər qabağa çıxdı və onların biri dedi: Mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır. Ey Əmirəl-möminin! Bizə istədiyin şeyi əmr et, yerinə yetirək. İmam əleyhis-salam buyurdu: Mənim istədiklərim sizinlə hara kimi qabağa gedər və siz iki nəfərin əlindən nə gələr?


254 Deyirlər ki, Haris ibn Hut (və ya Xut) İmam Əli əleyhis-salamın yanına gələrək deyib: Elə bilirsən mən Cəməl əhlinin (Təlhə, Zübeyr, Aişə və onların tərəfdarlarının) azğınlıqda olmasını güman edirəm? İmam Əli əleyhis-salam (onun məzəmmətində) buyurub: Ey Haris! Sən öz altına baxdın (onların batil və səhv sözlərini qəbul etdin), amma üstünə və yuxarı baxmadın (mənim haqq və doğru sözlərim barəsində isə düşünmədin), beləliklə, çaş-baş və avara qaldın! Sən haqqı tanımadığın üçün onun əhlini də tanımadın, batili tanımadığın üçün onun davamçılarını və arxasınca gedənlərini də tanımadın. Haris dedi: Mən Sə’d ibn Malik (Sə'd ibn Əbi Vəqqas) və Abdullah ibn Ömər (ibn Xəttab) ilə kənara çəkilib bir guşəyə gedirəm. Sonra İmam əleyhis-salam buyurdu: Sə’d ilə Abdullah ibn Ömər haqqa kömək etmədilər və batili tərk etmədilər. 255 İmam Əli əleyhis-salam (padşahın həmsöhbəti barəsində) buyurmuşdur: Padşahın həmsöhbəti şir minmiş kəs kimidir. Xalq onun məqam və yerinin arzusundadır, o isə öz yerindən daha yaxşı xəbərdardır (ki, nə qədər təhlükəlidir).

256 İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur: Başqalarının övladlarına yaxşılıq və mehribançılıq edin ki, sizin övladlarınızın hörmətini saxlasınlar.

257 İmam Əli əleyhis-salam (böyüklərin sözləri barəsində) buyurmuşdur: Elm və bəsirət sahiblərinin sözü əgər düz olsa (dünya və axirət dərdləri üçün) dərman, səhv olsa isə dərddir (fitnə-fəsada səbəb olar. Buna görə də hikmət sahibi və alim çalışmalıdır ki, səhv söz deməsin. Çünki deyiblər ki: «زَلَّةُ الْعالِمِ زَلَّةُ الْعالَمِ» «alimin büdrəməsi aləmin büdrəməsidir.»)

258 Bir kişi İmam Əli əleyhis-salamdan imanın (mənasının) nə olmasını ona başa salmasını istədi. O Həzrət (sözün hürkəkliyi barəsində belə) buyurdu: Hamı eşitsin deyə sabah mənim yanıma gəl və mən sənə xəbər verim ki, əgər sən mənim sözlərimi unutsan başqası onu əzbərləsin. Çünki söz hürkək ov kimidir. Biri (öz hafizəsi ilə) onu oğurlayır, başqa birisi isə (kütbeyinliyinə görə) onu əldən çıxarır. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Biz o Həzrətin həmin kişinin cavabında buyurduqlarını bu fəslin keçən hissəsində (otuzuncu kəlamda) bəyan etmişik və o, «iman dörd dirək (sütun) üzərində möhkəmlənib» (cümləsi ilə başlayan) kəlamıdır. 259 İmam Əli əleyhis-salam (gəlib çatmamış şey üçün qəmlənməmək barəsində) buyurmuşdur: Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək. (Buna görə də yaxşı olar ki, insan özünü gəlib çatmamış günlərə görə əldən salmasın və hər gün həmin gün üçün çalışsın.)

260 İmam Əli əleyhis-salam (dostluq və düşmənçilik barəsində) buyurmuşdur: Dostunu sev, amma həddi aşmaq miqdarında yox (onu bütün sirlərdən xəbərdar etmə). Ola bilər ki, o, bir gün sənin düşmənin olsun (və peşman olasan). Həmçinin düşməninlə orta səviyyədə düşmənçilik et (aradakı pərdələri tam götürmə). Ola bilər ki, günlərin bir günü o, sənin dostun olsun (və onda sən xəcalətli və başıaşağı olarsan).

261 İmam Əli əleyhis-salam (dünya və axirət üçün çalışmaq barəsində) buyurmuşdur: İnsanlar dünyada iki dəstədirlər: Biri dünyada dünya üçün işləyir və dünya onu özünə məşğul edərək axirətindən (axirət işlərindən) saxlayıb. O, varislərinin yoxsulluğa düçar olmalarından qorxur (onlar üçün mal və sərvət toplayır ki, birinə möhtac olmasınlar), öz yoxsulluğu barəsində isə xatircəmdir. Beləliklə, öz həyatını başqasının xeyrinə sona çatdırır. Digəri isə dünyada axirət üçün işləyir, dünyadan onun üçün olan (təqdir edilmiş) şey işləmədən ona çatır. Beləliklə, o, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edib. Həmçinin Allahın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istəyi rəva olar. (Çünki onun Allah yanında hörmətli olması istəklərinin rəva olmasına səbəb olur.)

262 Nəql edilib ki, Ömər ibn Xəttabın xilafəti zamanında onun yanında (Allahın əzəmətli Məkkə şəhərindəki evi) Kə’bənin zinəti və bu zinətin çoxluğu barəsində söhbət düşür və bir dəstə belə deyir: Əgər onları götürüb müsəlmanların qoşununa xərcləsən savab və mükafatı çox olar, Kə’bə zinəti nə edir? Ömər də onları götürmək qərarına gəlir. Bu barədə Əmirəl-möminin Əli əleyhis-salamdan sual soruşur. O Həzrət (Kə’bənin zinətlərinə toxunmamaq barəsində belə) buyurur: Qur’an Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil oldu və mallar dörd qisim idi: (Birincisi:) Müsəlmanların (öləndən sonrakı) malları ki, onları hesab əsasında varislər arasında böldü və payladı. (İkincisi:) Qənimət (qələbə nəticəsində düşməndən əldə edilən şey) ki, onu, ona layiq olan kimsələr arasında böldü. (Üçüncüsü:) Xums (qazanc və alverin beşdə biri) ki, Allah onu müəyyənləşdirdiyi yerdə yerləşdirdi (və onun kimlərə çatmalı olmasını buyurdu). (Dördüncüsü:) Sədəqələr (zəkat və bəxşişlər) ki, Allah onu (da) öz yerinə qoydu (ondan kimlərin istifadə etməsini müəyyənləşdirdi). Kə’bənin zinəti həmin vaxt da onda idi və Allah onu öz vəziyyətində saxladı (onları xərcləmək və sərf etmək barəsində bir göstəriş vermədi). (Allah) onu unutqanlıq səbəbindən tərk etmədi və onun yeri Allaha gizli və qaranlıq deyildi. Buna görə də (bütün mallar barəsində hökm verdiyi, Kə’bənin zinəti barəsində isə heç nə buyurmadığı üçün sən də) onu Allah və Peyğəmbər qoyduğu kimi öz yerinə qoy. Ömər dedi: Əgər sən olmasaydın, biz (Allahın hökmünü bilmədiyimiz üçün) rüsvay olardıq. O, zinətləri öz yerinə qoydu (onları heç yerə sərf etmədi).

263 Rəvayət edilib ki, İmam Əli əleyhis-salamın yanına Allahın malından (beytülmaldan) oğurluq etmiş iki kişini gətirirlər. Onlardan biri qul və kölə və beytülmalın əmlakı, digəri isə camaatdan birinin qulu idi. Buna görə də o Həzrət (beytul-maldan oğurluq etmiş hansı şəxsin əlinin kəsilməsi barəsində) buyurdu: Beytülmala məxsus olan bu qula gəldikdə, ona (şər'i) hədd və cəza icra edilmir (onun əlini kəsmək lazım deyil, çünki) beytülmalın bir hissəsi digər hissəsini yeyib. Amma o biri barəsində (şər'i) hədd icra edilir. (İmam) sonra onun əlini kəsdi.

264 İmam Əli əleyhis-salam (öz çətinlikləri barəsində) buyurmuşdur: Əgər ayaqlarım bu sürüşkənliklərdə möhkəm qalsa (xilafətim sabitləşsə və daxili müharibələrdən qurtulsam) bir sıra şeyləri dəyişdirəcəyəm (müxaliflərin bid'ətlərini aradan apararaq hökmləri, Allahın Peyğəmbərinin – səlləllahu əleyhi və alih – göstərişlərinə uyğun şəkildə həyata keçirəcəyəm).

265 İmam Əli əleyhis-salam (təqdir edilmiş şeylərlə razılaşmağın gərəkliyi barəsində) buyurmuşdur: Tam yəqinlik və inamla bilin ki, Allah bəndəyə, o nə qədər çox zirək, çox çalışqan və hiylə-kələkdə çox bacarıqlı olsa da, ilahi elmdə onun üçün təqdir edilib müəyyənləşdirilmiş şeydən artıq nəsib etməyib. Həmçinin bəndənin zəif və aciz olmasına görə, onunla, ilahi elmdə onun üçün təqdir edilmiş şeyin ona çatması arasında fasilə və ayrılıq salmayıb. Bu sirdən agah olan və onu həyata keçirən kəs (dünya və axirətdə) qazanc əldə etmək rahatlığı baxımından insanların ən üstünüdür. Ona göz yumaraq onda şəkk edən ziyana düçar olmaq baxımından insanların ən giriftarıdır. Nə çox nemətə çatan ki, nemətə görə yavaş-yavaş əzab və cəzaya yaxınlaşıb. Nə çox çətinliyə düçar olan ki, giriftarçılığına görə ona ehsan və yaxşılıq edilib. Buna görə də ey (bu sözləri) eşidən kəs! Çox şükr et və az tələs, ruzindən sənə çatanla kifayətlən və razı ol (ki, insana, çatması labüd olan miqdardan artıq verilmir).

266 İmam Əli əleyhis-salam (ibadətə təşviq edərək) buyurmuşdur: (Dünyanın yox olacağına dair) elminizi (axirətə göz yumub dünyaya ürək bağlamaq üçün) nadanlıq (la əvəz) etməyin, (ölüm barəsindəki) yəqinliyinizi şəkkə çevirməyin. (Buna görə də) əgər (dünyanın yox olacağını) bilirsinizsə (axirət üçün) iş görün, (ölümə) yəqin edəndə (azuqə götürərək) irəli durun.

267 İmam Əli əleyhis-salam (tamah və arzudan uzaq olmaq barəsində) buyurmuşdur: Tamah (insanı) suyun üstünə apararaq geri qaytarmayandır (insanı suyun yanına aparar və onu sudan doydurmadan geri qaytarar. Kim ona düçar olsa məhv olar və ondan qurtula bilməz) və o, (öz əhd-peymanına) vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış çeçiyir. (Nə çox tamahkar və həris ki, mətləbini əldə etmək yolunda ona çatmamış və bəhrələnməmiş məhv olur.) Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kor edir. (Təqdir edilmiş) pay və qismət, ona tərəf getməyən şəxsə tərəf gəlir. (İnsan onu əldə etmək üçün çalışmasa və onu arzulamasa da təqdir edilmiş pay və qismət ona çatacaqdır.) 268 İmam Əli əleyhis-salam (zahirin yaxşı, batinin isə pis olması barəsində) buyurmuşdur: Allahım, zahirimin gözlərin müqabilində (xalqın gözlərinin qarşısında) yaxşı, batinimin isə gizlətdiklərim şeylərdə Sənin yanında çirkin olmasından, özümü camaatın yanında Sənin məndən də (yaxşı) xəbərdar olduğun şeylərlə riyakarcasına qorumağımdan, beləliklə, xalqa zahirdə yaxşı görünüb pis əməllərimi Sənə tərəf gətirməyimdən və nəticədə bəndələrinə yaxınlaşaraq Sənin razılıqlarından (və mərhəmətindən) uzaqlaşmağımdan Sənə pənah gətirirəm.

269 İmam Əli əleyhis-salam (Həzrət Sahibəzzamanın zühurunu xəbər verərək) buyurmuşdur: Əlbəttə! Aydın gündüzdən yaranan qaranlıq gecənin qalan hissəsində (qüdrəti ilə) gecələdiyimiz Allaha and olsun ki, filan-bəhmən olmayıb.

270 İmam Əli əleyhis-salam (əzmkarlıq göstərərək çalışmağın mədhində) buyurmuşdur: Davam etdirdiyin az iş (onun xeyir verməsi), bezib yorulduğun (və nəticədə tərk edilən) çox işdən ümidvericidir.

271 İmam Əli əleyhis-salam (vacibi əməllərə təşviq edərək) buyurmuşdur: Müstəhəbbi əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) həmin müstəhəbbiləri tərk edin. 272 İmam Əli əleyhis-salam (itaətə rəğbət göstərmək barəsində) buyurmuşdur: Səfərin (axirət səfərinin) uzaqlığı yadında olan kəs hazırlıq görər (təqva və pərhizkarlığı öz şüarı edər).

273 İmam Əli əleyhis-salam (ağla tabe olmaq barəsində) buyurmuşdur: Görmək (qəlbin xəbərdar və agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir).

274 İmam Əli əleyhis-salam (öyüd-nəsihətə qulaq asıb tabe olmaq barəsində) buyurmuşdur: Sizinlə moizə və nəsihət (onlara qulaq asıb tabe olmaq) arasında qəflət və xəbərsizlik pərdəsi vardır.


275 İmam Əli əleyhis-salam (ifrat və səhlənkarlıq barəsində) buyurmuşdur: Nadanınız (işi nadanlıq ucbatından) çox edir, aliminiz isə (işi öz vaxtından) təxirə salır.

276 İmam Əli əleyhis-salam (elmin bəhanə yollarını bağlaması barəsində) buyurmuşdur: Elm və (dinin hökmlərini) bilmək («Allah kərimdir, rəhimlidir, bizim əziyyət çəkməyimizə və bəndəlik etməyimizə ehtiyacı yoxdur» deyən) bəhanə axtaranların yolunu bağlayır. (Buna görə də din, kitab və Peyğəmbərlə tanış olan şəxsin bəhanəsi qəbul deyil.)

277 İmam Əli əleyhis-salam (işi vaxtında yerinə yetirməyən şəxsin məzəmmətində) buyurmuşdur: Kimi tələsdirirlərsə (ölümü tez çatırsa) möhlət istəyir (ki, ibadət və bəndəlik etsin), kimə möhlət verirlərsə və tələsdirmirlərsə (ömrü uzundursa, ölümün) təxirə düşməsi ilə («vaxtım var və gələcəkdə yerinə yetirərəm», deyib) bəhanə axtarır (bu günün işini sabaha saxlayır).

278 İmam Əli əleyhis-salam (şadlığa ürək bağlamamaq barəsində) buyurmuşdur: Ruzigar xalqın «xoş halına» dediyi hər bir şey üçün bir pis gün gizlədib. (Zəmanə insanda gördüyü nemətə paxıllıq edər və onu, onun əlindən alar. Buna görə də ağıllı adam dünyanın şadlıqlarına ürək bağlamaz və rahat oturmaz.) 279 İmam Əli əleyhis-salamdan qəzavü-qədər (onun necəliyi) barəsində sual soruşdular. O Həzrət (onun barəsində düşünməkdən çəkindirərək belə) buyurdu: O, qaranlıq bir yoldur, onunla getməyin (ki, şübhələr nəticəsində onların həllində aciz və sərgərdan qalar, yolunuzu azarsınız); dərin bir dənizdir, ona daxil olmayın (ki, müxtəlif düşüncələrdə qərq olarsınız); Allahın sirridir, özünüzü onda (onu aydınlaşdırmaq üçün) əziyyətə salmayın (ki, xeyir görməz və bir yerə çatmazsınız).

280 İmam Əli əleyhis-salam (itaətsizliyin ziyanı barəsində) buyurmuşdur: Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər.

281 İmam Əli əleyhis-salam (gözəl xasiyyətlərə həvəsləndirərək) buyurmuşdur: Keçmiş zamanlarda mənim Allah yolunda (Əbuzər Qəffari və ya Osman ibn Məz’un adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi (danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə və öyüd-nəshətlə) yatırdardı. (Allaha itaət və bəndəlik, xalqla səbrlilik nəticəsində) zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir və ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi. Vaxtından qabaq) qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər və düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi (və bu üsul, ədalət və insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük və doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. (Yersiz danışıq və söhbətlərdə sakit idi.) Danışmaqdansa qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən (düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. (Buna görə heç olmasa həmin xüsusiyyətlərin bəzilərinə də olsa yiyələnin.)

282 İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) buyurmuşdur: Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm də əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə də itaət və şükrün zərurət və tələblərindən olan günahın tərk edilməsi də vacib olacaqdır.)

283 İmam Əli əleyhis-salam (öz səhabə və yoldaşlarının münafiq simalarından olmuş) Əş’əs ibn Qeysə övladının ölümünə görə baş sağlığı verib onu səbr və dözümlülüyə təşviq edərkən (dözümsüzlük etməmək barəsində) buyurmuşdur: Ey Əş’əs! Əgər oğluna (onun ölümünə) görə kədərlənsən, (onunla) bağlılığına görə qəmlənməyə haqlısan (sənin övladının ölümünə görə kədərlənməyin yersiz deyil). Amma səbr etsən Allah yanında hər bir müsibət və kədərin canişini (əvəz və mükafatı) vardır. Ey Əş’əs! Əgər səbr etsən sənin barəndə qəza-qədər cari olacaq və sən savab və mükafat alacaqsan, amma dözümsüzlük etsən sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Ey Əş’əs! Oğlun (dünyaya gələn zaman) səni şad etdi, halbuki o, (sənin üçün) bəla və çətinlik idi və (ölümü ilə) səni kədərləndirdi, halbuki (sənin üçün) mükafat və mərhəmət vardır. (Buna görə də onun müsibətində səbrli olmağın daha münasibdir.)

284 İmam Əli əleyhis-salam Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) dəfn edən zaman o Həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur: Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən Həzrətin qəminə nisbətdə) asan və kiçikdir.

285 İmam Əli əleyhis-salam (axmaqla yoldaşlıq etməyin ziyanı barəsində) buyurmuşdur: Axmaqla yoldaşlıq etmə. Çünki o (öz ağılsızlığı ucbatından) işini sənin nəzərində bəzəyib gözəlləşdirir və sənin də onun kimi olmağını (onun axmaqlıqlarına tabe olmağını) istəyir.


286 İmam Əli əleyhis-salamdan şərqlə qərb arasındakı məsafənin nə qədər olmasını soruşdular. O Həzrət (onların arasındakı məsafənin müəyyənləşdirilməsi barəsində belə) buyurdu: Günəşin bir günlük hərəkət və fırlanması miqdarında!

287 İmam Əli əleyhis-salam (dost və düşmən barəsində) buyurmuşdur: Dostların da üçdür, düşmənlərin də: dostların sənin öz dostun, dostunun dostu və düşməninin düşmənidir. Düşmənlərin isə sənin öz düşmənin, dostunun düşməni və düşməninin dostudur.

288 İmam Əli əleyhis-salam gördü ki, bir kişi düşməninə ziyan vurmaq üçün elə bir işdə səy və təlaş edir ki, özünə ziyan vurur. (Ziyan vurmağın məzəmmətində) buyurdu: Sən tərkinə minmiş şəxsi öldürmək üçün özünə nizə batıran kəs kimisən .

289 İmam Əli əleyhis-salam (öyüd-nəsihət qəbul etməmək barəsində) buyurmuşdur: (Ruzigar və öyüd verənlərdən götürülməli) ibrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul etmək isə nə qədər də az!

290 İmam Əli əleyhis-salam (dava-dalaşın məzəmmətində) buyurmuşdur: Çəkişmə və dava-dalaş istiqamətində çalışaraq israrlı olan kəs günah edib. Onda səhlənkarlıq və təmkinlilik göstərən isə zülmə məruz qalar. (Başqası ilə) dava-dalaş edən kəs (dava-dalaş əsnasında günahdan uzaq olub) pərhizkar ola bilməz. (Çünki dava-dalaşda təqva və pərhizkarlığın zərurətlərindən olan ədalətlilik və həddi aşmamaq çətindir.)

291 İmam Əli əleyhis-salam (tövbə etməyə həvəsləndirərək) buyurmuşdur: O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdım (qəflətən ölmədim), məni kədərləndirmədi.

292 İmam Əli əleyhis-salamdan soruşurlar ki: Allah bu qədər çox məxluqla (qiyamət günü) necə hesab aparacaq və sorğu-sual edəcəkdir? O Həzrət (Allahın hər şeyə qadir olması barəsində belə) buyurdu: Bu qədər çoxluqla onlara ruzi verdiyi kimi! Soruşdular: Onlar Onu görməyə-görməyə onlarla necə sorğu-sual aparacaq? Buyurdu: Onlar Onu görməyə-görməyə onlara ruzi verdiyi kimi! 293 İmam Əli əleyhis-salam (xəbər göndərmək barəsində) buyurmuşdur: Sənin qasidin (başqası üçün) sənin ağlını bəyan edir. (Buna görə də gərək zirək və bilikli olsun ki, sənin məqsədini şirin kəlmə və dolğun sözlərlə tərəf müqabilə başa sala bilsin.) Həmçinin sənin məktubun sənin tərəfindən danışan ən yetərli şeydir. (O, sənin dilin kimidir. Artıq-əskik danışaraq çətinliklərə düçar olmaq və məhvə gətirib çıxarmaq ehtimalı olan elçi kimi deyil.)

294 İmam Əli əleyhis-salam (dua etməyə həvəsləndirərək) buyurmuşdur: Dərd-qəmin çətinliyə salmış olduğu giriftar kəs, duaya bəla və dərddən amanda olmayan sağlam şəxsdən daha möhtac deyil. (Əksinə, onların hər ikisi Allaha dua edib Ondan kömək istəməyə möhtacdırlar. Biri sağalmasını, digəri isə sağlamlığının davamlı olmasını istəməyə möhtacdır.)

295 İmam Əli əleyhis-salam (dünyapərəstlərin məzəmmətində) buyurmuşdur: İnsanlar dünyanın oğullarıdır və kişini anasını sevməyə görə məzəmmət etməzlər. (Bu o sözə oxşayır ki: «pis əməl və çirkin işlər filankəsin təbiətinə çevrildiyi üçün onu məzəmmət etməzlər.»)

296 İmam Əli əleyhis-salam (ehtiyaclılara əl tutmaq barəsində) buyurmuşdur: Yoxsul və fəqir Allahın elçisidir. (Çünki Allahın onu ruzidən az bəhrələndirməsi buna oxşayır ki, varlı və imkanlı bəndəsini öz elçisi ilə sınamaq üçün yoxsulu onun yanına göndərib.) Buna görə də onu (yoxsulu) məhrum edən (ona kömək etməyən) Allahı məhrum edib (Onun, varlıların yoxsullara kömək etmələrinin zəruriliyi göstərişinə əməl etməyib.) Ona (yoxsula) bir şey verən isə Allaha verib (Onun göstərişinə əməl edib). 297 İmam Əli əleyhis-salam (zina barəsində) buyurmuşdur: Qeyrətli şəxs heç vaxt zina etməz. (O, kiminsə onun yaxınları ilə zina etməsini qəbul etmədiyi kimi, qeyrəti, onun özünün də ona haram olan qadınla yaxınlıq etməsinə icazə vermir.)

298 İmam Əli əleyhis-salam (ömrün başa çatması barəsində) buyurmuşdur: (İnsanı hər bir hadisədən) qorumaq üçün əcəl (ömrün sona çatma müddəti) kifayətdir. (Əcəl çatmayınca heç kəsin ölməməsi buna bənzəyir ki, əcəl onun qoruyucusudur.)

299 İmam Əli əleyhis-salam (mal və sərvətə bağlılıq barəsində) buyurmuşdur: İnsan övlad ölümündə yatar (səbr edər), mal və sərvətinin oğurlanmasında isə yatmaz (dözümsüzlük edərək çalışar)! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlamın mənası budur ki, insan övladlarının öldürülməsinə səbr edir, sərvətinin oğurlanmasına isə səbr etmir. (Çünki ölümdən sonra övladın qayıtması mümkün deyil, var-dövlətin qayıtması isə mümkündür.)

300 İmam Əli əleyhis-salam (dostluq barəsində) buyurmuşdur: Ataların dostluğu (dostluqlarının əsəri) oğullar arasında qohumluqdur (qohumluq kimidir. Çünki oğullar ataları arasında olan dostluq və düşmənçiliyi irs aparırlar və onların bir-birlərinə kömək etmələrinin kökü dostluqdur və qohumluq onun amillərindəndir). Və (buna görə də) qohumluq dostluğa, dostluğun qohumluğa ehtiyaclı olmasından daha möhtacdır. (İbn Əbil Hədid burada belə yazır: Birindən soruşurlar ki: «Qardaşını çox istəyirsən, yoxsa dostunu? Deyir: Əgər dost olsa qardaşımı.»)


301 İmam Əli əleyhis-salam (möminin zirəkliyi barəsində) buyurmuşdur: Möminlərin gümanlarından çəkinin (ona əhəmiyyət verin). Çünki Allah haqq və düzlüyü onların dillərində qoyub.

302 İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək barəsində) buyurmuşdur: Bəndənin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (qüdrət) əlində olan şeyə arxayınçılıq və inamı öz əlində olan şeyə inamından çox olmayınca, onun imanı doğru deyil.

303 İmam Əli əleyhis-salam Bəsrəyə gələndə (Həzrət Peyğəmbərin səhabələrindən olmuş və rical alimlərinin məzəmmət etdikləri) Ənəs ibn Maliki Təlhə və Zübeyrin yanına göndərdi ki, (o Həzrətin yanında) Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) onların barəsində eşitdiyi sözü («Siz Təlhə və Zübeyr Əli ilə müharibə edəcəksiniz və ona qarşı zalımsınız» hədisini) onların yadına salsın. Ənəs isə bu barədə şəhadət verməkdən boyun qaçırdı və o Həzrətin yanına gələndə dedi: Peyğəmbərin o sözü mənim yadımdan çıxıb. Həzrət (ona qarğış edərək) buyurdu: Əgər yalan deyirsənsə, Allah sənə elə bir parlaq ağlıq vursun ki, əmmamə və çalma onu örtməsin (sənin üzünə elə ağ ləkələr salsın ki, əmmamə onu xalqın gözündən gizlədə bilməsin. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Həmin ağlıqdan məqsəd qoturluqdur ki, ondan sonra Ənəsin hər iki üzündə zahir oldu və o, (xəcalətindən el arasında) ancaq rübənd ilə görünürdü.

304 İmam Əli əleyhis-salam (vacibata əhəmiyyət vermək barəsində) buyurmuşdur: Qəlblərin üz tutma və üz döndərmələri (hazırlıq və əzginlikləri) vardır. Buna görə də üz tutma zamanı onları (vacibatdan əlavə) müstəhəbbiləri də yerinə yetirməyə vadar edin. Üz döndərəndə isə vacibatın yerinə yetirilməsi ilə kifayətlənin. (Çünki vacibatı heç bir halda, hətta insanın qəlbi özünü Allah dərgahında lazımı səviyyədə hiss etməsə belə tərk etmək olmaz.)

305 İmam Əli əleyhis-salam (Qur'anı oxumağa və dərk etməyə təşviq edərək) buyurmuşdur: Sizdən qabaq olanların xəbəri (keçmişlərin əhvalatları), sizdən sonra olacaq şeylərin (qəbr, Bərzəx və qiyamətin necəliyi) xəbəri və sizin aranızda olanların (vacib, haram müstəhəb, məkruh və mübah şeylərin) hökmü Qur’andadır.

306 İmam Əli əleyhis-salam (şərin geri qaytarılması barəsində) buyurmuşdur: Daşı gəldiyi yerə qaytarın. (Pisliyi, həddi aşmamaq və dinin hökmlərinə zidd olmaması şərti ilə öz misli ilə cəzalandırın, əvəz çıxın.) Çünki şər və pisliyi şərdən başqa bir şey aradan aparmaz.

307 İmam Əli əleyhis-salam (səhabələrinin xaslarından, şiələrinin ləyaqətlilərindən və o Həzrətə tabe olanlardan olmuş) katibi Ubeydullah ibn Əbu Rafeyə (xəttin gözəlliyi barəsində) buyurmuşdur: Mürəkkəbqabını (onda olan rəngi toz-torpaq və çirkdən) təmizlə, qələminin ucunu uzun et (ki, mürəkkəb ondan kağız üzərinə yaxşı axsın), sətirlərin arasını geniş götür və hərfləri bir-birinə yaxın yaz ki, bu üsul xəttin gözəlliyi üçün daha uyğun və münasibdir.

308 İmam Əli əleyhis-salam (öz məqamı barəsində) buyurmuşdur: Mən möminlərin başçısı və rəhbəriyəm, mal və sərvət isə pis əməllilərin rəhbəridir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Bu kəlamın mənası budur ki, bal arısı öz başçısına tabe olduğu kimi möminlər də mənə tabedirlər, pis əməllilər isə var-dövlətə.

309 Yəhudilərdən biri İmam Əli əleyhis-salama dedi: Siz (müsəlmanlar) peyğəmbərinizi torpağa tapşırmamış onun barəsində ixtilaf və ziddiyyətə düşdünüz. Həzrət (yəhudilərin məzəmmətində) ona belə buyurdu: Biz onun barəsində deyil, ondan olan şey barəsində (onun ümmətində canişinlik məsələsinə görə) ixtilafa düşdük. (Onun peyğəmbərliyi, Allahın birliyi və buyurduqları barəsində fikir ayrılığımız yox idi.) Amma sizin ayağınızın dəniz suyundan olan yaşlığı qurumamış (Allah siz yəhudiləri fironçulardan nicat verərək dənizi sizin üçün yaranda və siz oradan keçəndə, fironçuları isə suda batıranda, bütün bu tovhid nişanələrini görməyinizə baxmayaraq, dənizin sahilinə çatıb orada bütlərə pərəstiş edən bir dəstəni görən kimi nadanlıq və itaətsizlik səbəbindən) öz peyğəmbərinizə (Həzrət Musa əleyhis-salama) dediniz: «اجْعَل لَّنَا إِلَـهًا كَمَا لَهُمْ آلِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ» (Ə’raf-138) «Bizim üçün onlarınkı kimi (görünən) bir tanrı düzəlt. Musa dedi: Siz doğrudan da çox nadan bir tayfasınız (və azğınlığa qərq olubsunuz ki, bu qədər tovhid nişanə və əlaməti görməyinizə baxmayaraq, yenə də bu cür yaramaz sözlər danışırsınız.).»

310 İmam Əli əleyhis-salama dedilər ki: (Döyüşlərdə) igidlərə nə ilə qalib gəldin (onları necə xar etdin və ya öldürdün)? O Həzrət (öz heybəti və camaatın ondan qorxması barəsində belə) buyurdu: (Döyüşdə) qarşılaşdığım hər bir kəs mənə öz ziyanına (onu öldürməyimə) kömək edirdi. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Həzrət bu sözü ilə özünün heybət və qorxusunun qəlblərdə yer almasına (ki, igidlər ona görə özlərini itirərək məğlub olurdular) işarə edib.

311 İmam Əli əleyhis-salam oğlu Məhəmməd ibn Hənəfiyyəyə (fəqirlik və yoxsulluğun məzəmmətində) buyurmuşdur: Ey oğlum! Sənin üçün yoxsulluqdan qorxuram (ki, məbada yoxsulluq ucbatından camaata tamah əli açaraq Allahın verdiyinə razı olmayasan). Buna görə də ondan (onun şərindən) Allaha pənah apar ki, yoxsulluq dində məğlubiyyət və nöqsan yeridir. (Çünki yoxsulluq insanı xəyanətə, yalan danışmağa, alçaqlığa və haqqa kömək göstərməməyə vadar edə bilər və bunlar dində nöqsandır.) Həmçinin ağlın sərgərdanlıq yeridir (çünki səbrsiz yoxsul düz yolu itirər və görəcəyi iş barəsində ağlı çaş-baş, düşüncəsi sərgərdan qalar). O həm də düşmənçiliyə səbəb olar. 312 İmam Əli əleyhis-salam (sınaq və imtahan etmək məqsədi ilə) o Həzrətdən çətin və ağır bir sual soruşmuş şəxsə (bilən şəxsdən sual soruşmaq üsulu barəsində) buyurmuşdur: Çətinliyə salmaq üçün deyil, başa düşmək və öyrənmək üçün soruş. Çünki elm öyrənən nadan, alimə oxşayır (çünki elm əldə etməyə hazırlaşıb və düz yola ayaq basıb). Azğınlığa qədəm basan (başqasına qalib gəlmək və üstünlük əldə etmək istəyən) alim isə nadana bənzəyir (çünki o da nadan kimi layiq olmadığı şeyi tələb edir).

313 İmam Əli əleyhis-salam Abdullah ibn Abbas o Həzrətə nəzəri ilə uyğun olmayan məsləhət verən zaman (insanın öz imamına tabe olması barəsində) buyurmuşdur: Sən gərək (məsləhət yolu ilə) məni istiqamətləndirəsən və mən öz nəzər və düşüncəm ilə ona baxam. Amma əgər (sənin məsləhətinin səhv olmasını bilib) sənə tabe olmasam, sən mənə tabe ol.

314 Nəql edilib ki, İmam Əli əleyhis-salam Siffeyndən (müharibədən) qayıdıb Kufəyə gələn zaman (ərəb qəbilələrindən biri olan) Şəbamiyyinin yanından keçəndə arvadların Siffeyn (müharibəsinin) ölülərinə ağlamalarını eşitdi. Öz qəbiləsinin böyüklərindən olan Hərb ibn Şərhəbil Şəbamı Həzrətin yanına gəldi. İmam Əli əleyhis-salam (arvadların müharibə zamanı şivən qoparmalarının məzəmmətində) ona belə buyurdu:

    Arvadlarınız eşitdiyim bu ağlamaqları ilə sizə ağalıq edirlər? Onların bu nalə və fəryadlarının qarşısını almırsınız? (Gərək bunun qarşısını alasınız. Çünki belə bir vəziyyətdə onların ağlayaraq nalə etmələri kişilərin müharibədən qorxmalarına səbəb və onların döyüşə getmələrinə mane olur.)

Hərb istədi ki, minikdə olan o Həzrətin yanı ilə piyada getsin. İmam əleyhis-salam (cah-cəlal sevməyin ziyanı barəsində) ona buyurdu: Qayıt! Sənin kimisinin mənim kimisi ilə piyada gəlməyi hakim üçün bəla və çətinlik, mömin üçün isə zillət və xarlıqdır. (Hakim üçün ona görə bəla və çətinlikdir ki, bu iş ona ilahi əzab və cəzaya səbəb olan qürur və təkəbbürlülük gətirir. Möminin də bir miniyin yanı ilə piyada getməsi xarlıqdır. Çətinlik və bəlaya, eləcə də xarlığa səbəb olan hər bir şeyi tərk etmək isə vacibdir.)

315 İmam Əli əleyhis-salam Nəhrəvan müharibəsində Xəvaricin ölülərinin yanından keçən zaman (onların məzəmmətində belə) buyurdu: Çəkin cəzanızı ki, sizi aldadan kəs ziyan vurdu sizə! Dedilər: Ey Əmirəl-möminin, kim aldatdı onları? Buyurdu: Azdıran şeytan və pisliyə əmr edən nəfslər. Pisliyə əmr edən nəfs onları arzularla aldatdı, onlara itaətsizlik yolunu açdı və (müharibədə) qələbə qazanmağı vəd etdi onlara. Beləliklə, onları çətinliklə oda atdı (əbədi əzaba düçar etdi).

316 İmam Əli əleyhis-salam (günahlardan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur: Xəlvətlərdə (də) Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür. (Əgər gizlində günah edilsə və şahid olmasa Allah həm şahiddir, həm də hökm edən. Hökm edən özü şahid olanda isə onun başqalarının şahidliyinə ehtiyacı olmur.)

317 Məhəmməd ibn Əbu Bəkrin (Allah ondan razı olsun) (Misirdə Müaviyənin qoşununun əli ilə) öldürülməsi xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun üçün təəssüflənmək və kədərlənmək barəsində belə) buyurdu: Bizim onun üçün olan kədərimiz onların ona görə (onun öldürülməsinə görə) olan sevincləri miqdarındadır. (Onun barəsində bizim kədərimizin və onların sevinclərinin çoxluğu bərabərdir.) Amma (bizimlə onlar arasındakı fərq budur ki,) onlar bir düşməni azaltdılar, biz isə bir dostu əldən verdik.

318 İmam Əli əleyhis-salam (bəhanəni qəbul etmək barəsində) buyurmuşdur: Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır.

319 İmam Əli əleyhis-salam (Allahdan başqasının yolunda qələbə qazanmağın məzəmmətində) buyurmuşdur: Günahın qalib gəldiyi kəs zəfər çalmayıb. (Allah itaətindən ayrı yerdə qələbə qazanmış kəs, nəfsi istəyə və şeytana tabedir və əslində günah ona qalib gəlib.) Pisliklə (günahla) qabağa gedən kəs (əslində) məğlub olub. (Çünki o, ən pis düşmən olan nəfsi istəyə məğlub olub və düşmənlərin ən pisinin əlində əsir olan kəs qələbə qazanmayıb.)

320 İmam Əli əleyhis-salam (zəkat verməyə təşviq edərək) buyurmuşdur: Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıların mallarında yoxsulların ruzilərini vacib edib. Buna görə də varlı ondan (onun öz haqqını) əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah (Qiyamət günü) onları bu işə görə sorğu-sual edəcəkdir.


321 İmam Əli əleyhis-salam (bəhanə gətirməməyin tərifində) buyurmuşdur: Üzr və bəhanə gətirməyə ehtiyacsızlıq, onun (üzr və bəhanənin) düzgün və yerində olmasından daha şərafətlidir.

322 İmam Əli əleyhis-salam (günahdan uzaq olmaq barəsində) buyurmuşdur: Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən (qəzəbinə səbəb olmamaq üçün) Onun nemətlərindən kömək istəməməyinizdir.

323 İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq edənlərin məzəmmətində) buyurmuşdur: Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, acizlər (itaətdə acizlər kimi başısoyuqluq edənlər) səhlənkarlıq edən zaman itaəti zirək və gözüaçıqların (yaxşı işlər görən ağıllıların) qənimət və mənfəəti edib. (Onların səhlənkarlıqları müqabilində ağıllıların çalışqanlığı mənfəət və qazancdır.)


324 İmam Əli əleyhis-salam (padşahlar barəsində) buyurmuşdur: Padşahlar Allahın yer üzərindəki gözətçiləridirlər (ki, insanların bir-birlərinə ziyan vurmalarının və pislik etmələrinin qarşısını alırlar). 325 İmam Əli əleyhis-salam möminin vəsfində buyurmuşdur: Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir (çətinliklər zamanı səbri qədərsizdir); nəfsi hər şeydən xardır (təvazökarlığı çoxdur); itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir. (İşin sonu barəsindəki) kədəri uzun, (layiqli işlərdəki) səy və təlaşı yüksəkdir. (Fikir və düşüncə nəticəsində) dinməzliyi çox, vaxtı (itaət və bəndəliyə) məşğul, (Allahın nemətlərinə) şükr edən və (bəla və çətinliklərdə) çox səbrlidir. Öz fikir və düşüncəsində (bəndəlik və işin sonu barəsində təfəkkürə) qərq olub, öz istəyində (başqasından bir şey istəməkdə) simiclik edir (ehtiyacını heç kəsə bildirmir), xasiyyəti yumşaq, təbiəti mülayimdir (təkəbbürlü, məğrur və başqalarını incidən deyil). O, quldan xar (hamıya qarşı çox təvazökar) olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir (din yolunda şücaətlidir).

326 İmam Əli əleyhis-salam (başqalarının malında gözü olmamaq barəsində) buyurmuşdur: Ən böyük zənginlik xalqın əlində olan şeylərdə (var-dövlətdə) gözü olmamaqdır. (Çünki başqalarının malında gözü olmayan kəs varlılar kimi rifah və asayişdədir.)

327 İmam Əli əleyhis-salam (vədə vəfa etmək barəsində) buyurmuşdur: Bir şey istənilən şəxs, vədə verməyincə azaddır (istəsə edər, istəməsə etməz). 328 İmam Əli əleyhis-salam (arzu barəsində) buyurmuşdur: Əgər bəndə (bəsirət gözü ilə) ömrün müddətinə və onun rəftarına (onu yoxluq və faniliyə çəkməsinə) baxsa, arzuya və onun aldatmalarına nifrət bəsləyər (ondan uzaqlaşar və fikrini onunla məşğul etməz). 329 İmam Əli əleyhis-salam (var-dövlət barəsində) buyurmuşdur: Hər bir kəsin malında iki şəriki var: biri irs aparan, digəri isə hadisələr (bəla və müsibətlər. Buna görə də ağıllı adam elə bir iş görər ki, onun payı o iki şərikindən az olmasın).

330 İmam Əli əleyhis-salam (Allahdan istəmək barəsində) buyurmuşdur: İtaət və bəndəliyi olmadan (Allahdan) bir şey istəyən, kamanının yayı olmayan ox atan kimidir (ki, oxu hədəfə çatmaz). 331 İmam Əli əleyhis-salam (elm barəsində) buyurmuşdur: Elm iki növdür: biri fitri (nişanələri əməldə aşkar) olan elm, digəri isə (öyrənmək və mütaliə ilə olan) eşidilmə elm. Eşidilmə elm fitri olmayınca fayda verməz (insanı elmin həqiqətlərinə çatdıraraq xoşbəxt etməz). 332 İmam Əli əleyhis-salam (fikir barəsində) buyurmuşdur: Düzgün fikir dövlət, üstünlük və sərvətə bağlıdır. Onların gəlməsi ilə gəlir və onların getməsi ilə gedir.

333 İmam Əli əleyhis-salam (yoxsulluq və varlılıq barəsində) buyurmuşdur: Yoxsulluğun zinəti abır-ismətdir. Varlılığın zinəti isə şükrdür. 334 İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur: Ədalət (qiyamət) günü zalıma məzluma zülm edilmiş gündən daha ağırdır. (Bu məsələnin şərhi 233-cü kəlamda keçdi.)

335 İmam Əli əleyhis-salam (bəyənilən işlərə təşviq edib nalayiq işlərdən çəkindirərək) buyurmuşdur: Sözlər qorunub (mələklər onları əməl səhifələrinə qeyd edirlər); gizli sirlər aşkar olub və (Muddəsir surəsinin 38-ci ayəsində buyurulur:) «كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ» «Hər kəs öz əməlinin girovudur (onun cəzasına çatacaq).» İnsanlar – Allahın qoruduğu (eyb və nöqsandan saxlayıb zinətləndirdiyi) kimsədən başqa – (inkişafda) naqis və (ağıldan) eyblidirlər. (Çünki) sual soruşanları insanı çətinliyə salıb incitmək istəyir, cavab verənləri (heç bir cavabda geri qalmamaq üçün) çətinliyi qəbul edir. Onların fikiri daha düz olanını da sevinc və qəzəb tez gözəl fikrindən döndərir. Ağlı onlardan möhkəm olan kəsə də gözucu bir baxış tez ziyan vurar (ağılın hökmünə zidd davranaraq hörmətini itirər) və bir kəlmə onu bir haldan digər hala salar (deyilən bir söz nəticəsində qəzəblənərək xoşagəlməz iş görər).

336 İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur: Ey camaat! Allahdan qorxun (dünyaya və onun malına ürək bağlamayın). Nə çox adam ki, çatmayacağı şeyi arzulayır, yaşamayacağı binanı tikir, tezliklə tərk edəcəyi sərvəti toplayır və bəlkə də onu əyriliklə (əyri yol ilə) toplayıb və haqqın qarşısını alıb, (yəni,) ona haram yol ilə çatıb və ona görə günahların yükü altına girib. Beləliklə, (qiyamətdə) onun ağır yükü ilə qayıdacaq və (hesab və araşdırma zamanı) Rəbbinin hüzuruna həsrət və kədərlə gələcək. O, (belə bir şəxs Qur'ani-Kərimin Həcc surəsinin 11-ci ayəsində buyurulduğu kimi) «خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ» «Həm dünyada, həm də axirətdə ziyana uğrayıb. Bu (hamıya) aşkar olan bir ziyandır.»


337 İmam Əli əleyhis-salam (günahdan kənar qalanlar barəsində) buyurmuşdur: Günahlara (onun edilməsinə) əli çatmamaq paklıqdandır (paklığa səbəb olan amillərdəndir).

338 İmam Əli əleyhis-salam (abır barəsində) buyurmuşdur: Abrın donmuş haldadır (qorunur). Ağız açmaq və istəmək onun damcılarıdır (onu tökür). Onu kimin yanında tökməyinə diqqət et. (Alçaq adamlardan bir şey istəmə. Çünki onlar istəyini yerinə yetirməsələr xəcalət çəkəcəksən, amma yerinə yetirsələr sənin həmişə qarşılarında əyilməyini istəyəcəklər.)

339 İmam Əli əleyhis-salam (yaltaqlıq barəsində) buyurmuşdur: (Birini) layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır (və ikiüzlülük nişanəsidir). Layiq olduğundan az tərifləmək isə acizlik (danışmaqda bacarıqsızlıq) və ya (ona) paxıllıqdır. (Deməli, ədalət və bərabərlik hər bir kəsi layiq olduğu qədər tərifləməyimiz və məqam və dərəcəsini həmin miqdarda üzə çıxarmağımızdır.)

340 İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur: (Allah yanında) ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır. 341 İmam Əli əleyhis-salam (bəzi xislətlərin xeyir və ziyanı barəsində) buyurmuşdur: Kim öz eybinə (çatışmazlıqları və pisliklərinə) baxsa, başqasının eybini görməz. (Çünki öz pisliklərini düzəltməklə məşğul olar və başqasında eyb axtarmağa növbə çatmaz.) Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. (Çünki insanın bir şey tapması və onun şəxsin əlində qalması, onun ruzisinin həmin şey olmasının nişanəsidir. Bir şeyi axtarıb tapmırsa, yaxud tapır və sonra əldən çıxarırsa, deməli, o, onun ruzisi deyilmiş. Buna görə də bir şeyi əldə etməmək üçün və ya tapandan sonra əldən çıxarmağa görə kədərlənmək təqdir edilmiş ruziyə razı olmamağa dəlildir.) Kim zülm qılıncını (qınından) çəksə (çox zülm etsə) həmin qılıncla öldürülər (axirətdən əlavə dünyada da məhvə düçar olar). Kim (alət və vasitəsiz, çətin) işlərdə çalışsa və əziyyət çəksə (qəza-qədərdən asılaraq) həlak olar. Özünü çətinlik və əziyyət burulğanlarına atan (zəif olmasına baxmayaraq, böyük işlərə girişən) kəs boğular (məhv olar). Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar (hətta pis iş görməsə belə). Çox danışan kəs çox səhv edər (çünki danışanda fikirləşməz). Çox səhv edən kəsin həyası az olar (çünki çirkin iş onun peşəsi olar). Kimin həyası az olsa onun pərhizkarlıq və günahdan uzaqlığı (da) az olar. (Çünki həyası olmayan kəs heç bir nalayiq işi görməkdən çəkinməz.) Pərhizkarlığı az olanın qəlbi ölər (Allahın rəhmindən uzaq olar. Çünki qəlbin yaşaması günahdan çəkinməkdən asılı, ona bağlıdır). Qəlbi ölmüş şəxs oda daxil olar. (Çünki əbədi cənnət və Allahın rəhmi qəlbi ölənlər üçün deyil.) Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özünə rəva bilsə (özü etsə), deməli, o, elə axmaq və qanmazın özüdür. (Çünki o, düz və doğru bildiyi şeyin əksinə gedib və bu, qanmazlıq və axmaqlıqdır.) Qaneçilik (öz payına razı olmaq və ya qənaət) tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. (Çünki ölümdən qafil olmaq insanda dünyaya hərislik gətirir.) Kim danışığının əmələ əsaslanmasını (dediyini etməli olduğunu) bilsə, barəsində qərara gəldiyi və əhəmiyyət verdiyi şeydən başqa az danışar.


342 İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur: Zalım insanın üç nişanəsi var: (birincisi:) günah və itaətsizliklə özündən üstün olana (Allaha) zülm edər; (ikincisi:) zor və üstünlüyü ilə əli altında olana zülm edər; (üçüncüsü:) zalımların dəstəsinə (söz, əməl və mal xərcləməklə) kömək edər.

343 İmam Əli əleyhis-salam (rahatlıq və çətinlik barəsində) buyurmuşdur: Çətinlik və sıxıntının ən son həddə çatmasında rahatlıq, bəla və müsibət halqalarının daralmasında dinclik vardır.

344 İmam Əli əleyhis-salam səhabələrinin birinə (arvad-uşaq barəsində) buyurmuşdur: İşinin çoxunu arvad-uşağına həsr etmə. Çünki əgər onlar Allahın dostu olsalar, Allah Öz dostlarını puç etməz (və onlara yardım etməkdə başqasına möhtac deyil). Amma əgər Allahın düşməni olsalar, Allahın düşmənləri üçün kədərlənərək iş görməyin nəyə gərəkdir?! (Onun düşmənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün çalışma. Çünki onlara kömək etmək əzab və cəzaya səbəb olur.)

345 İmam Əli əleyhis-salam (eyb axtarmaq barəsində) buyurmuşdur: Ən böyük eyb və qəbahət özündə olan sifəti (başqasında) nöqsan tutmaqdır.

346 İmam Əli əleyhis-salamın hüzurunda bir kişi oğlu olmuş digər bir kişini təbrik edərək belə dedi: Süvari (yaxud zəkalı və zirək) övladın mübarək olsun sənə! (Bu cümlə cahiliyyət dövründə ərəblərin şüarı idi. Onlar bu cümlə ilə təbriklərində uşağın süvarilik və xoşbəxtliyini proqnozlaşdırırdılar.) Sonra İmam əleyhis-salam belə buyurdu: (Uşağın olmasını təbrik edəndə) elə demə, de ki: Onu əta edən Allaha şükr olsun, sənə əta edilmiş övlad mübarək olsun, bu övlad tam kamala çatsın və onun yaxşı əməllərindən bəhrələnəsən.

347 İmam Əli əleyhis-salamın işçilərindən biri böyük bir ev tikmişdi. Buna görə də İmam əleyhis-salam (sərvətin aşkar olması barəsində belə) buyurdu: Dirhəmlər (gümüş pullar) başlarını üzə çıxartdılar (gizlətdiyin şeylər faş oldu). Ev sənin varlılığını vəsf edir (sənin varlılığının nişanəsidir).

348 İmam Əli əleyhis-salama dedilər: Əgər birinin evinin qapısını üzünə bağlasalar və onu orada (azuqəsiz) qoysalar, ruzisi haradan gələr? O Həzrət ruzi barəsində buyurdu: Əcəl və ölümü gələn yerdən! (Ölümü haradan gəlirsə Allah-təala ruzini də oradan göndərməyə qadirdir. Buna görə də qapının bağlı olması ölümün gəlməsinə mane olmadığı kimi, ruzinin də gəlməsinə mane olmur.)

349 İmam Əli əleyhis-salam adamları ölmüş bir tayfaya baş sağlığı verib səbr etmələrini tövsiyə edərək (ölüm barəsində belə) buyurdu: Onun bu ölümü nə sizdən başlayıb, nə də sizinlə qurtarır (ki, acı olsun. Əksinə, onda hamı bərabərdir). Sizin bu yoldaşınız (həyatı zamanı) səfərə çıxırdı (sizdən ayrılırdı). Buna görə də belə hesab edin ki, o öz səfərlərinin birinə gedib və sizin yanınıza qayıdacaq. Əgər qayıtmasa, (elə belə də olacaq) siz onun yanına gedəcəksiniz. (Buna görə də ondan ayrılmağa görə qəmlənmək yersizdir.)

350 İmam Əli əleyhis-salam (şükr və səbr etməyə həvəsləndirərək) buyurmuşdur: Ey insanlar! Allah gərək sizi (Onun) əzab və cəzasından qorxan gördüyü kimi, nemət və bəxşişlərindən də qorxan görsün. (Gərək həmişə Allahın nemətlərinə şükr etməkdə diqqətli olasınız və naşükrlük etməyəsiniz ki, əzab və cəzaya düçar olmayasınız.) Həqiqətən əlində sərvəti artan və onu əzabın tədricən gəlməsi (gəlmə səbəbi) bilməyən (və naşükrlük edən) kəs qorxuludan xatircəm və arxayın (qafil) olub. Həmçinin yoxsullaşan və onu sınaq və imtahan (öz sınağı) bilməyən (və səbrliliyi əldən verən) kəs, ümid bəslənilərək arzulanan (səbrli şəxs üçün nəzərdə tutulmuş) mükafatı zay edib.

351 İmam Əli əleyhis-salam (nəfsin istəklərindən uzaq olmaq barəsində) buyurmuşdur: Ey nəfsin istəyinin əsirləri, dayanın (ona tabe olmayın)! Çünki dünyaya ürək bağlayanı müsibət və qəm-qüssənin dişlərinin səsindən (qəzəb və sərtlikdən yaranan ağır dərdləri eşitməkdən) başqa bir şey qorxutmur (necə ki, insan birinə qarşı qəzəblənəndə dişlərini bir-birinə sürtür). Ey insanlar! Nəfslərinizi ədəbləndirmək və islah etməklə özünüz məşğul olun (bəyənilənləri öz şüarınız edin) və onları (nalayiq) xislət və vərdişlərə cürət etməkdən qaytarın (ki, qiyamət cəzasından qurtulasınız).

352 İmam Əli əleyhis-salam (pis güman barəsində) buyurmuşdur: Birindən (birinin ağzından) çıxan söz barəsində nə qədər ki, yaxşı ehtimal verə bilirsən, pis güman etməməlisən. (Nə qədər ki, mümkündür, ona qarşı pis gümanda olma. Həmçinin birindən gördüyün işi bacardıqca yaxşı san. Amma bəzi yerlərdə uzaqgörənliyi əldən vermək olmaz. 110-cu kəlamda nikbinlik və bədbinliyin yerləri müəyyənləşdirilib.)

353 İmam Əli əleyhis-salam (salavat göndərməyə təşviq edərək) buyurmuşdur: Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan hacət və istəyin olanda, öz istəyini Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) salavat göndərməklə başla və sonra öz hacətini istə. Çünki Allah Ondan istənilən iki hacətdən birini (Peyğəmbərə rəhmət və salam göndərməsi istəyini) qəbul edib digərini (sənin öz hacətini) qəbul etməməkdən çox-çox səxavətlidir.

354 İmam Əli əleyhis-salam (qalmaqal və çəkişmə barəsində) buyurmuşdur: Abrına simiclik edən (abırını qorumağı sevən) kəs, gərək (başqası ilə bir şey barəsində) mübahisə etməyi kənara qoysun. (Çünki mübahisə etmək, xüsusilə eyb axtaranlarla çəkişmək insanın abrını aparır və qəlblərdə ona qarşı kin yaradır.)

355 İmam Əli əleyhis-salam (tələskənlik və süstlüyün məzəmmətində) buyurmuşdur: (Hər hansı bir işə) imkan yaranandan qabaq (onda) tələsmək və münasib vaxt və fürsət yaranandan sonra süstlük etmək axmaqlıq və qanmazlıqdandır. (Çünki tələsmək ifrat, süstlük isə səhlənkarlıqdır və ağıllı adam onların hər ikisindən uzaq olar.)

356 İmam Əli əleyhis-salam (faydasız sual barəsində) buyurmuşdur: Olmayacaq şey (məsələn, haqqında bəhs edilən fərzi məsələlər) barəsində sual soruşma. Çünki (şər’i hökmlər və həyati işlər kimi) mövcud şeylərdə sənin üçün məşğuliyyət və iş var (ki, gərək onlarla məşğul olasan). 357 İmam Əli əleyhis-salam (bəzi bəyənilən sifətlərə yiyələnməyə təşviq edərək) buyurmuşdur: Fikir saf və aydın güzgüdür (ki, işin sonu onda görünür). (Ruzigardan) ibrət götürmək qorxudan öyüdverəndir. Başqasından bəyənmədiyin şeydən (çirkinlikdən) uzaq olmağın ədəb və zinəti sənə bəsdir.

358 İmam Əli əleyhis-salam (əməl ilə birgə olan elm barəsində) buyurmuşdur: Elm əmələ bağlıdır. Buna görə də kim bildisə əməl etdi (əks halda, yəni, əgər zahirdə bilən kimi görünüb əməl etmirsə, deməli, əslində bilmir). Elm əməli çağırır (özünə tərəf dəvət edir). Əgər onu (onun dəvət və çağırışını) qəbul etsə həmin elmdən xeyir görülür. Əks halda isə elm əməldən uzaqlaşır (həmin elmdən xeyir görülmür, necə ki, nadanlıqdan xeyir əldə edilmir. Deməli, bu elm xeyir verməməkdə nadanlıqla bərabərdir).

359 İmam Əli əleyhis-salam (dünyadan uzaq olmaq barəsində) buyurmuşdur: Ey insanlar! Dünya malı məhvedici vəba gətirən doğranmış quru otdur. Buna görə də köçmək və qalmamaq onda qərar tapmaqdan daha xeyirli olan otlaqdan uzaq olun. (Çünki onda qalmaq və ona ürək bağlamaq bədbəxtliyə səbəb olur.) Onun az (bu yolu sona çatdıracaq) ruzi və xörəyi, onun sərvətindən daha pakdır. (Çünki onun dünyada zəhməti, axirətdə isə hesabatı daha azdır.) Onda (hərislik və tamahkarlıq ucbatından) çoxlu sərvət toplayanın (axirətdə) kasıb və yoxsul olması hökm edilib. (Çünki o, dünyada giriftar olub və azuqə götürə bilməyib.) Həmçinin ondan (qənaət etmək və qane olmaqla) ehtiyacsız olan (sərvət toplamayan) kəsin (qiyamət günündə) rahat olmasına kömək edilib. Dünya, onun zinət və bəzəyinin heyrətləndirdiyi kəsin iki gözünü də anadangəlmə kor edib. (Sanki onda görmə əsər-əlaməti yoxdur.) Onunla dostluğu öz peşəsi edən kəs, fikir və zehnini kədərlərlə doldurar və həmin kədərlər onun qəlbində iztiraba səbəb olar. Bir iradə və istək onu (dünya malı əldə etmək üçün) məşğul və giriftar edər, digər bir iradə və istək isə onu qəmləndirər. O, nəfəs yolu (boğazı) tutulana (ölənə) kimi həmişə qəm-qüssə və düşgünlüklərin çəkişməsindədir. Beləliklə, qəlbinin iki damarı qırılmış (həlak olmuş) halda onu səhraya atarlar (qəbristanlıqda torpağa tapşırarlar). Allaha onun məhv olması, qardaş və dostlarına isə onu (qəbrə) atmaq yüngül və asandır. Mömin dünyaya ibrət gözü ilə baxır, naçarlıqdan məcbur olub qarnının ehtiyacı miqdarında qida və ruzi əldə edir və (dünya barəsindəki söhbəti) qəzəb və nifrətlə dinləyir. (İnsanın dünyadakı vəziyyəti isə belədir:) Əgər «filankəs varlı və imkanlı oldu» deyilsə (bir müddətdən sonra) «kasıb və yoxsul oldu» deyilər; əgər varlığına sevinsələr (digər bir gün) yoxluğuna kədərlənərlər. Budur insanın dünyadakı vəziyyəti və hələ (dünyapərəstlərin əzabın ağırlığı və çətinlik və giriftarlığın əbədiliyi səbəbindən Allahın rəhmi və asudəlikdən) naümid olacaqları gün (qiyamət) gəlməyib.

360 İmam Əli əleyhis-salam (Allahın savab və cəzası barəsində) buyurmuşdur: Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah, (itaətə möhtac olduğu və ya itaətsizlikdən qorxduğu üçün deyil) bəndələrini Öz əzabından saxlayıb onları cənnətə göndərmək üçün bəndəlik və itaətə savab və günaha cəza müəyyənləşdirib.

361 İmam Əli əleyhis-salam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur: İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qur’andan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.

362 Nəql edilib ki, İmam Əli əleyhis-salam çox az vaxtlar istisna olmaqla həmişə minbərə çıxanda xütbədən qabaq (pərhizkarlıq barəsində belə) buyurardı: Ey insanlar! Allahdan qorxun. Heç kəs boş yerə yaradılmayıb ki, oynasın; özbaşına buraxılmayıb ki, yersiz və bihudə iş görsün. Onun özünü bəzəyərək gözəl göstərən dünyası pis baxışın ona çirkin kimi göstərdiyi axirətin əvəzi və yerini tutan deyil. Həmçinin ən yüksək əzm və çalışqanlıqla dünyadan istədiyini əldə edən aldanmış kəs, axirətdən ən az payını və nəsibini əldə etmiş digəri kimi deyil.

363 İmam Əli əleyhis-salam (bəyənilən və xoşagələn xislətlər barəsində) buyurmuşdur: (İnsanı dünya və axirət səadətinə qovuşduran) İslamdan uca heç bir şərəf və böyüklük yoxdur. Pərhizkarlıqdan (Allahdan qorxmaq və Ona itaət etməkdən) üstün izzət, çəkinməkdən (günahdan və haram olması şübhəli şeylərdən özünü saxlamaqdan) gözəl və möhkəm sığınacaq və tövbədən səmərəli və nicatverici şəfaətçi yoxdur. Qənaətdən zəngin xəzinə yoxdur və verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb. Dünyaya meyl və rəğbət ən ağır çətinliyin açarı və giriftarçılığın miniyidir. Hərislik, təkəbbür və həsəd insanı günahlara düşməyə çağırır. Şər və pislik bütün çirkinlikləri bir yerə toplayır (əhatə edir).

364 İmam Əli əleyhis-salam (Həzrət Peyğəmbərin–səlləllahu əleyhi və alih–səhabələrinin yaxşılarından olmuş) Cabir ibn Abdullah Ənsariyə (din və dünyanın dayağı barəsində) buyurmuşdur: Ey Cabir! Din və dünyanın möhkəmlik və bərqərarlığı dörd kəsin vasitəsi ilədir: öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) alim, öyrənməyi eyb və ar bilməyən nadan, (başqası barəsində) öz yaxşılıq və ehsanında simiclik etməyən varlı, öz axirətini dünyaya satmayan yoxsul. Buna görə də alim öz elmini işlətməyəndə nadan öyrənməyi ar biləcək, varlı öz yaxşılıq və ehsanında xəsislik edəndə yoxsul axirətini dünyasına satacaq (nalayiq işlər görəcək). Ey Cabir! Allah hər kimin nemətlərini (hər kimə əta etdiyi mal, sərvət, böyüklük və bu kimi lütfləri) artırsa, xalqın ona olan ehtiyacları (istəkləri) da artar. Buna görə də kim Allaha görə həmin nemətlərdə vacib olan şeyi yerinə yetirsə, Allah onları davamlı və həmişəlik edər. Amma kim onlarda vacib olanları Allaha görə yerinə yetirməsə Allah onları məhv və yox edər.

365 İbn Cərir Təbəri özünün tarix kitabında nəql edib ki, (İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından və) İbn Əş’əs ilə Həccaca qarşı müharibə etmək üçün üsyana qalxanlardan olmuş Əbdürrəhman ibn Əbi Leyla Fəqih camaatı cihada (Həccac ilə müharibəyə) həvəsləndirərkən belə deyirmiş: Biz (Siffeyn müharibəsində) Şam əhli ilə qarşılaşdığımız gün Əlinin – Allah saleh və xeyirxahlar içində onun dərəcəsini ucaltsın və ona şəhidlər və doğruçuların savabını əta etsin – (əmr be mə'ruf və nəhy əz münkər barəsində) belə buyurduğunu eşitdim ki: Ey möminlər! Kim zülm və sitəm edilməsini və xalqın xoşagəlməz və nalayiq işlərə dəvət edilməsini görsə və onu qəlbi ilə inkar etsə, (qiyamət gününün sorğu-sualından) qurtulub və (günahdan) uzaq olub. (Bu, insan əl və dili ilə həmin şeyi inkar və rədd edə bilməyəndə və ya qorxu və zərər yetirilməsindən amanda olmayan zaman üçündür. Ümumiyyətlə onun hökmü yerlərinin müxtəlifliyi ilə dəyişir.) Kim onu dili ilə inkar etsə savab qazanıb və onun mükafatı qəlbi ilə inkar edəndən çoxdur. Allahın sözünün (din, tovhid və itaətin) uca, zalımların sözlərinin (şirk, küfr, azğınlıq və günahın) alçaq və xar olması üçün onu qılıncı (vuruşma) ilə inkar edən kəs isə hidayət və nicat yoluna çatıb, (Allahın bəyəndiyi) düz yolda dayanıb və (Allah və Peyğəmbərə) yəqinlik və inam onun qəlbində nurlanıb (aşkar olub).

366 İmam Əli əleyhis-salam özünün bu məzmunda (əmr be mə'ruf və nəhy əz münkər barəsində) olan digər bir kəlamında da buyurmuşdur: Onlardan (inkar edənlərdən) bəziləri pislikləri öz əl, dil və qəlbi ilə inkar edir. Beləliklə, o, gözəl xislətləri sona çatdırıb, kamala yetirib. Bəziləri əli ilə deyil, dil və qəlbi ilə inkar edir. O, iki gözəl xislətdən yapışıb, birini (əl ilə inkar etməyi isə) zay edib. Bəzisi isə əl və dili ilə deyil qəlbi ilə inkar edib. O, üç xislətin ən şərəfli ikisini zay edib və bir xislətdən (qəlb ilə inkar etməkdən) yapışıb. Bəziləri isə nalayiq işləri dil, qəlb və əli ilə inkar etmir. O, dirilərin ölüsüdür. Bütün yaxşı əməllər və Allah yolunda cihad etmək, əmr be mə'ruf və nəhy əz munkərin müqabilində geniş dəryaya ağız suyu atmaq kimidir. (Çünki İslamın vücudu əmr be mə'ruf və nəhy əz münkər ilədir.) Əmr be mə'ruf və nəhy əz münkər əcəli yaxınlaşdırmır və ruzini azaltmır . Əmr be mə'ruf və nəhy əz münkərin ən gözəli, zalım padşahın yanında (onu zülmdən saxlayan, xeyir və yaxşılığa sövq edən) bir haqq və düz sözdür (haqq söz deməkdir). 367 Əbu Cuhəyfədən nəql edilib ki: Əmirəl-möminin Əli əleyhis-salamdan (əmr be mə’ruf və nəhy əz münkər barəsində) belə buyurmasını eşitdim: Məğlub olacağınız (bədbəxtçilik və ilahi rəhmdən uzaqda qalmağınız nəticəsində sizdən alınacaq) ilk şey əllərinizlə cihaddır (vuruşmaqdır ki, kafir və müşriklərlə müharibə etməyəcək, fasiq, zalım və günahkarlar barəsində Allahın müəyyən etdiyi cəza növlərini icra etməyəcək və onları məzəmmət edərək ədəbləndirməyəcəksiniz). Ondan sonra (itirəcəyiniz şey) dillərinizlə olan cihaddır (ki, günah və çirkin əməlləri eşidib görəcəksiniz, amma görməmiş və eşitməmiş sayacaqsınız). Ondan sonra isə qəlblərinizlə olan cihaddır (ki, zalım və pis əməl sahiblərinə xeyir yetirəcək, onlarla dostluq edəcək və onlara ehtiram göstərəcəksiniz). Buna görə də qəlbi ilə bəyənilən işi tanımayan və nalayiq əməli inkar etməyən kəs (yaxşı əməl sahiblərini sevməyən və pis əməlliləri düşmən hesab etməyən – bu, əmr be mə’ruf və nəhy əz münkər məsələsində vacib olan işin ən aşağı həddidir –) tərsinə çevriləcək və başı aşağı, ayağı isə yuxarı olacaqdır (dünyada rahatlığı olmayacaq və sərgərdan qalacaq, axirətdə isə səadətini əldən verərək əbədi cəzaya düçar olacaqdır).

368 İmam Əli əleyhis-salam (haqq və batil barəsində) buyurmuşdur: Haqq (zahirdə) çətin və ağır, amma (batində) şirin, batil isə (zahirdə) yüngül və asan, lakin (batində) vəbagətiricidir (məhvedicidir). 369 İmam Əli əleyhis-salam (insanların aqibəti barəsində) buyurmuşdur: Bu ümmətin ən yaxşısı üçün belə Allahın əzab və cəzasından arxayın və xatircəm olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Ə'raf surəsinin 99-cu ayəsində) buyurub ki: «فَلا يَأْمَنُ مَكْرَ اللّهِ إِلاَّ الْقَوْمُ الْخَاسِرُونَ» «Allahın cəzasından ziyana uğramış tayfadan başqa heç kəs xatircəm olmaz.» Bu ümmətin ən pisi üçün belə Allahın rəhm və mərhəmətindən naümid olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Yusuf surəsinin 87-ci ayəsində) buyurub ki: «إِنَّهُ لا يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ» «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.» (Buna görə də hamının işinin sonunun necə olacağını Allah bildiyi üçün heç kəs zahiri vəziyyətə arxayınlaşıb onun aqibətindən xatircəm və ya naümid olmamalıdır.)

370 İmam Əli əleyhis-salam (xəsislik və simicliyin məzəmmətində) buyurmuşdur: Xəsislik pislik və çirkinliklər toplusudur. O, (insanın,) vasitəsi ilə hər bir pisliyə çəkildiyi cilovdur. (Çünki xəsislik insanı həsəd, hərislik, qohumlarla əlaqələri kəsmək, zəif və yoxsullara zülm etmək və bu kimi günahlara çəkir.)

371 İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur: Ruzi iki növdür: sənin axtardığın ruzi və səni axtaran ruzi ki, sən ona tərəf getməsən də o, sənə tərəf gələcəkdir. Buna görə də ilinin qəm-qüssəsini gününün qəm-qüssəsinə yükləmə. Sənə hər gün həmin günün öz ruzisi bəsdir. Belə olan halda, əgər (ruzisinin qəm-qüssəsini çəkdiyin) il sənin ömründən olsa, Allah-təala yeniləşən hər sabahda sənə ayırdığı ruzini tez sənə çatdıracaq. Amma əgər (həmin) il sənin ömründən olmasa, sənin olmayan şeyin qəmini çəkməklə nə işin var? Heç bir axtaran sənin ruzində səndən qabağa düşə bilməz və heç bir güclü onda sənə qalib gələ bilməz (və onu sənin əlindən ala bilməz). Sənin üçün təqdir edilmiş şey heç vaxt gecikməyəcəkdir (öz vaxtında çatacaqdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam (hər bir kəsin təqdir edilmiş ruzisinin gəlib çatması cümləsi) bu fəsildə bundan öncə (iki yüz əlli doqquzuncu kəlamda) keçdi. Amma burada daha aydın və geniş izahlı olduğu üçün kitabın əvvəlində qoyulmuş qaydaya əsasən onu bir daha, ikinci dəfə bəyan etdik.

372 İmam Əli əleyhis-salam (dünyanın uyuşmazlığı barəsində) buyurmuşdur: Nə çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz (əcəl ona axşama çıxmağa imkan verməz). Nə çox gecənin əvvəlində (vəziyyətinin yaxşılığına) qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar. (Bəli, gecənin əvvəlində taxt-tacı var idi, səhər tezdən isə torpağın altına getdi. Buna görə də ağıllı adam dünyaya və onun malına ürək bağlamaz və öz dinini və əbədi xoşbəxtliyini ona satmaz.)

373 İmam Əli əleyhis-salam (söz barəsində) buyurmuşdur: Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki dilə gətirdin sən onun əsirisən. (Əvvəlcə sən ona hakim idin, indi isə o sənə hakimdir və istəsə sənə xeyir gətirər, istəsə ziyan.) Buna görə də qızıl və gümüşü xəzinədə saxladığın kimi dilini də (ağız xəzinəsində) saxla. Çünki ola bilər ki, bir kəlmə, neməti əldən çıxarsın və qarşıya əzab və çətinlik gətirsin. (Buna görə də gərək çox danışılmasın və düşünmədən bir söz deyilməsin.)

374 İmam Əli əleyhis-salam (yenə də söz barəsində) buyurmuşdur: Bilmədiyini demə. (Çünki o, ya yalandır, ya da yalan ehtimalı olan bir şey. Nadanlıq və cahillik üzərində olan hər bir sözdən isə çəkinmək vacibdir.) Hətta bildiyin hər şeyi də demə. (Çünki sənin özünə və ya başqasına ziyanı ola bilər, birinin sirrini açmaq kimi.) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, sənin bütün bədən üzvlərinə bir sıra hökmlər vacib edib və qiyamət günü onlarla sənə qarşı dəlil gətirəcək. (Məsələn buyuracaq ki, sənə dili haqq söz danışmaq üçün verdim, sən isə itaət etmədiyin üçün əzab və cəzaya layiqsən.)

375 İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur: Allahın səni Ona qarşı günah işlətməkdə görməsi, Ona itaətdə isə tapmamasından qorx ki, ziyana uğrayanlardan olarsan. Güclənəndə, Allahın itaətində güclən. Zəifləyəndə, Allaha qarşı günah etməkdə zəiflə.

376 İmam Əli əleyhis-salam (öyüd verərək) buyurmuşdur: Gözünlə dünyanın etdiklərini (yalan və vəfasızlığını) görə-görə ona arxalanmaq, ürək bağlamaq nadanlıqdır. Savabına əmin olduğun zaman (nəticəsinin cənnət və əbədi rahatlıq olmasını biləndə) gözəl əməldə (itaət və bəndəlikdə) səhlənkarlıq etmək ziyana uğramaqdır. Sınamamış, hər bir kəsə etimad etmək acizlik və uğursuzluqdur (işdə uğursuzluğa səbəb olar. Çünki həmin şəxs kimə etimad etməsini bilmir və inama layiq adam axtara bilmir).

377 İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur: Allaha qarşı ancaq dünyada günah edilməsi və Onun yanında olan şeyə (səadət və xoşbəxtliyə) ancaq dünyadan uzaqlaşmaqla nail olunması, dünyanın Allah yanında həqirliyinin nişanələrindəndir.

378 İmam Əli əleyhis-salam (gözəl əmələ həvəsləndirərək) buyurmuşdur: Əməlinin ağırlaşdırdığı (ibadət etməyən və yaxşı işlər görməyən tənbəl) kəsi soy və kökü qoçaqlaşdırmaz. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Digər bir rəvayətdə isə belədir: Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz. 379 İmam Əli əleyhis-salam (işdə çalışmaq barəsində) buyurmuşdur: Bir şeyi axtaran kəs onu və ya onun bir hissəsini tapacaqdır. 380 İmam Əli əleyhis-salam (həqiqi yaxşılıq və pislik barəsində) buyurmuşdur: Arxasında od olan (ilahi əzaba səbəb olan) xeyir və yaxşılıq (dünya mənfəəti, əslində) xeyir və yaxşılıq deyil. Arxasında cənnət olan çətinlik və pislik (dünyada çəkilən əziyyətlər, əslində) çətinlik və pislik deyil. Cənnətdən aşağı hər bir nemət kiçik və əhəmiyyətsizdir. Oddan aşağı hər bir bəla və çətinlik rahatlıq və asayişdir. (Çünki o nemətə nemət demək olar ki, onun arxasında cəza olmasın. Həmçinin o çətinliyi çətinlik hesab etmək olar ki, onun arxasınca əbədi rahatlıq olmasın.)

381 İmam Əli əleyhis-salam (çətinliklər və nemətlər barəsində) buyurmuşdur: Bilin ki, bəla və çətinliklərdən biri yoxsulluqdur. Yoxsulluqdan daha çətini bədənin xəstə olmasıdır. Bədənin xəstə olmasından daha ağırı isə qəlbin xəstəliyidir. (Çünki o, axirət xoşbəxtliklərinin əldən çıxmasına səbəb olur.) Bilin ki, nemətlərdən biri var-dövlətin çoxluğudur. Var-dövlətin çoxluğundan daha yaxşı, sağlamlıqdır. Sağlamlıqdan daha yaxşı isə qəlbin pərhizkarlığıdır. (Çünki o, əbədi xoşbəxtliklərin əldə edilməsinə səbəb olur.) 382 İmam Əli əleyhis-salam (möminin vaxtı barəsində) buyurmuşdur: Möminin üç saatı var (gecə-gündüz saatlarını üç hissəyə bölməlidir): Rəbbi ilə razü-niyaz etdiyi saat (vaxtının səkkiz saatını Allahın işlərinə sərf etməlidir); öz məişətini (yaşayış ehtiyacını) təmin etdiyi saat (gecə-gündüzünün səkkiz saatını ticarət, müəyyən peşə və ya digər işlərə sərf etməlidir); özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat. Ağıllı adama (əməli ağıla əsasən) bu üç şeydən başqası üçün səfər etmək rəva deyil: məişətini düzəltmək (ticarət, alver və iş) üçün, yaxud məad işində addımlamaq üçün ya da (ab-havanı dəyişmək və sağlamlıq üçün edilən səfərlər kimi) haram olmayan şeylərdən ləzzət almağa görə.

383 İmam Əli əleyhis-salam (dünya və onun malı barəsində) buyurmuşdur: Dünyaya (onun malına) rəğbət və meyl göstərmə (ona ürək bağlama) ki, Allah sənə onun çirkinliklərini göstərsin. (Çünki vurğun eybləri görmür və onun görən gözü kor olur. Öz işindən) xəbərsiz olma ki, səndən xəbərsiz deyildirlər. (Allah sənə və sənin işlərinə baxır.)

384 İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur: Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıllılar və alimlər danışmayınca məqamları məlum olmaz. Cahil və nadanın danışmaması daha yaxşıdır. Çünki dilin bağlılığı qəbahət və rüsvayçılıqları gizli saxlayır.) 385 İmam Əli əleyhis-salam (müşk barəsində) buyurmuşdur: Müşk gözəl ətirlidir. Onun qabı yüngül, iyi isə gözəldir.

386 İmam Əli əleyhis-salam (təvazökarlıq barəsində) buyurmuşdur: Öyünməyini kənara qoy, kibr və lovğalanmağı başından çıxart (hamıya qarşı təvazökar ol) və qəbrini yadına sal (ki, nalayiq işlərdən çəkinəsən).

387 İmam Əli əleyhis-salam (dünya malı üçün çalışmaq barəsində) buyurmuşdur: Dünyadan (onun malından halal yol ilə) sənə tərəf gələni götür və səndən üz çevirəndən (əlin çatmayandan) sən də üz çevir. Əgər sən (bu işi) etməsən (əlin çatmayan şeylərin arxasınca getsən), onda axtarış və istəyində ifrata varma (haram və günahdan uzaq ol və özünü və ailəni çox çətinliyə salma).

388 İmam Əli əleyhis-salam (gözəl söz barəsində) buyurmuşdur: Nə çox söz ki, (qəlblərə) təsiri hücum etmək və sıçramaqdan daha çoxdur. (Ola bilər ki, ağıllı adam qılınc və döyməklə görülə bilməyən işi sözlə görsün.)

389 İmam Əli əleyhis-salam (qənaətə həvəsləndirərək) buyurmuşdur: (Ruzidən) hər nə ilə kifayətlənmək (yaşayışı keçirmək) mümkündürsə o bəsdir. 390 İmam Əli əleyhis-salam (zülmə tabe olmamaq və alçalmamaq barəsində) buyurmuşdur: (Mərd üçün) ölüm alçalmaq və həqirlikdən üstün və daha yaxşıdır. Aza razı olmaq (varlılara) yaxınlaşmaq və yaltaqlıq etməkdən daha yaxşıdır. Oturduğu yerdə bir şey verilməyən (səy və təlaş etməyib bir şey əldə etməyən) kəsə durduğu yerdə də verilməz. Ruzigar iki gündür: bir gün sənin şadlıq və kam almağın üçün, bir gün isə çətinlik və nakamlığın üçün. Buna görə də şadlıq günündə itaətsizlik etmə (naşükür olma) və çətinlik olan günündə səbrli ol (dözümsüzlük etmə və özünü alçaltma).

391 İmam Əli əleyhis-salam (ata ilə övladın bir-birlərinin boyunlarında olan haqqı barəsində) buyurmuşdur: Övladın atanın, eləcə də atanın övladın boynunda haqqı var. Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı, itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun (məsumlar əleyhimus-salamın özlərinin və ya övlad və ailə üzvlərinin birinin adını qoysun övladına), onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur’an öyrətsin.

392 İmam Əli əleyhis-salam (təsiri olan və olmayan şeylər barəsində) buyurmuşdur: Göz dəyməsi, ovsun, cadu, ağzını xeyirliyə açmaq (məsələn xəstənin kimdənsə «ey sağlam» müraciətini eşitməsi və eşitdiyi kimi olacağına inanması) haqdır (onların hər biri öz təsirini göstərir). Ağzını pisliyə açmaq və xəstəliyin birindən digərinə keçməsi düz deyil (təsirsizdir). Gözəl iy, bal, minik minmək və yaşıllığa baxmaq qəm və kədərləri aradan aparan ovsunlardır və xəstələr onların vasitəsi ilə sağalarlar.

393 İmam Əli əleyhis-salam (xalqla eyniləşmək, uyuşmaq barəsində) buyurmuşdur: Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).

394 İmam Əli əleyhis-salam onunla danışanlardan biri, özündən böyük söz söyləyərkən (yersiz söz barəsində) buyurmuşdur: Qanad çıxarmamış uçdun və körpə ikən nərildədin. (Xülasə, bizim yanımızda belə sözlər danışmaq sənə yaraşmaz. Yaxud sənin kimisinin belə bir söz deməsi layiq deyil. Seyyid Rəzi-rəhiməhullah-deyir:) Burada (əsas mətndəki) «الشَّكِيرُ» «əş-şəkir»dən məqsəd quşun güclənərək möhkəmlənəndən qabaq çıxartdığı ilk qanadıdır. «السَّقْبُ» «əs-səqb» isə böyüyənə kimi nərildəməyən dəvə balası mənasındadır.

395 İmam Əli əleyhis-salam (hər işlə məşğul olmağın ziyanı barəsində) buyurmuşdur: Kim müxtəlif işlərlə məşğul olsa (müxtəlif işlər görmək istəsə) çarə qılmaq bacarıqları onu tərk edərlər (o, qıldığı çarələrdən heç bir nəticə əldə etməz və müvəffəqiyyət qazanmaz). 396 İmam Əli əleyhis-salamdan «لا حَوْلَ وَ لا قُوَّةَ إِلاّ بِاللهِ» «Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur» kəlamının mənasını soruşarkən o Həzrət buyurmuşdur: Biz Allahla birgə bir şeyə malik deyilik (Onunla şərik deyilik) və O, bizi malik etməyincə heç bir şeyə (əndam, güc, ağıl və sairə) malik olmuruq. Buna görə də bizi bir şeyə malik edəndə – ki, Onun Özü bizdən daha qabaq malikdir – boynumuza vəzifə qoyur (nəyəsə əmr edir və ya nədənsə çəkindirir). Həmin şeyi (bir şeyə gücün çatmasını) bizdən alanda isə, o barədəki vəzifəni boynumuzdan götürür (həmin şey barəsində bizdən sorğu-sual etməyəcək).

397 İmam Əli əleyhis-salam Əmmar ibn Yasirin (rəhiməhullah) Müğeyrə ibn Şö’bənin sözlərinə cavab verməsini eşidəndə (dini dünya üçün vasitə etmiş şəxsə etina etməmək barəsində) ona buyurmuşdur: Ey Əmmar! Müğeyrəni öz ixtiyarında qoy (onun sözlərinə etina etmə). Çünki o, dindən dünyanı ona yaxınlaşdıran (dünyasına xeyri olan və yarayan) şeydən başqa bir şey götürməyib, öyrənməyib; qəsdən (bilərəkdən) özünü şübhələrə atıb ki, onları (haqqa və doğruya oxşayan əyrilikləri) öz səhv və büdrəmələrinə bəhanə gətirsin .

398 İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək və arxalanmaq barəsində) buyurmuşdur: Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Onlardan gözəl isə yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir.

399 İmam Əli əleyhis-salam (ağlın xeyri barəsində) buyurmuşdur: Allah ağlı insanda ancaq ona görə əmanət qoyub (ona bağışlayıb) ki, insana günlərin birində onun vasitəsi ilə (onun gördüyü tədbirlərlə dünya fitnə-fəsadlarından və ya itaət və bəndəliklə axirət çətinliklərindən) nicat versin.

400 İmam Əli əleyhis-salam (haqqın batil üzərində qələbəsi barəsində) buyurmuşdur: Kim haqq ilə əlbəyaxa olsa (vuruşaraq onu aradan aparmaq istəsə), haqq onu yerə vurar (məhv edər. Çünki Allah haqqın yardımçısıdır və heç kəsin Onunla əlbəyaxa olmaq qüdrəti yoxdur). 401 İmam Əli əleyhis-salam (fikirləşmək barəsində) buyurmuşdur: Qəlb gözün səhifəsidir. (Gərək gözün gördüyü şey qəlbin səhifəsinə yazılsın, barəsində fikirləşərək düşünülsün, haqq və ya batil, xeyir və şər olması aydınlaşdırılsın.)

402 İmam Əli əleyhis-salam (pərhizkarlığın mədhində) buyurmuşdur: Pərhizkarlıq xasiyyətlərin başçısıdır. (Hər bir gözəl xasiyyət ona bağlıdır və pərhizkarlıq, onların hamısını əhatə edir.)


403 İmam Əli əleyhis-salam (müəllimə ehtiram göstərməyə təşviq edərək) buyurmuşdur: Dilinin itiliyini səni danışdırana (sənə danışmaq öyrədənə), eləcə də natiqlik bacarığını səni (natiqlikdə) düz yola istiqamətləndirənə yönəltmə.

404 İmam Əli əleyhis-salam (çirkinliklərdən uzaq olmaq barəsində) buyurmuşdur: Sənin ədəb və gözəlliyin üçün başqasında pis saydığın şeydən (çirkin işlərdən) uzaqlaşmağın kifayətdir. 405 İmam Əli əleyhis-salam (səbrlilik barəsində) buyurmuşdur: Kim (müsibət və qəm-qüssə baş verəndə dünyanın bəzək-düzəyinə bağlı olmayan) azad insanlar kimi səbr etsə, səbrlidir (və öz savabını alacaqdır). Əgər (həmin hadisədə dözümsüzlük edərək) səbr etməsə, təcrübəsiz nadanların unutması kimi yaddan çıxaracaqdır. (Həmin nadanlar hadisələrlə qarşılaşanda dözümsüzlük edərlər və sonra bir çarə olmamasını görüb susarlar. Onların bu susmağında savab yoxdur və əksinə, dözümsüzlüklərinə görə cəzalandırılacaqlar.)

406 Digər bir rəvayətdə deyilir ki, İmam Əli əleyhis-salam başsağlığı və ürək-dirək verdiyi Əş’əs ibn Qeysə (yenə də səbrlilik barəsində) buyurmuşdur: Əgər böyüklər və alicənablar kimi səbrlilik etsən, bu, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın yanında) gözəl və bəyənilən bir işdir. Amma səbrsizlik etsən, (həmin müsibəti) heyvanlar (çəkdikləri əziyyətləri) unutduqları kimi yaddan çıxaracaqsan. (Axır ki, naçarlıqdan səbrli olacaqsan, amma bu dəfə savabsız.)

407 İmam Əli əleyhis-salam dünyanın vəsfi və necəliyi barəsində buyurmuşdur: Dünya (öz zinət və bəzəyi ilə) aldadır, (bəla və çətinlikləri ilə) ziyan vurur və (sürətlə, tez) keçir (onlardan ayrılır). (Dünya həqir və alçaq olduğu üçün) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah onu Öz dostlarının savabı, düşmənlərinin isə cəzası etməyə razı olmadı. Dünya əhli o karvan kimidir ki, (bir az istirahət edib yorğunluqlarını almaq üçün) düşdüyü əsnada birdən karvanbaşıları (karvanın qabağında gedən başçıları) haray salar (ki: yola düşün, bura istirahət yeri deyil) və sonra onlar yola düşərlər.

408 İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (varislərə mal-sərvət saxlamağın ziyanı barəsində) buyurmuşdur: Oğulcanım! Özündən sonra dünyadan (dünyanın mal və sərvətindən) heç nə qoyma. Çünki onu iki şəxsdən biri üçün qoyursan: ya Allahın itaət və bəndəliyi yolunda sərf edən kəs üçün ki, belə olan surətdə o, sənin bədbəxt olmağına və ziyana uğramağına səbəb olan şeylə xoşbəxt olur. Ya da Allaha qarşı günah və itaətsizlik edən kəs üçün ki, belə olan halda, o, sənin onun üçün topladığın şeyə görə bədbəxt olur və sən onun günah etməsinə köməkçi və yardımçı olmusan. Bu iki haldan heç biri sənin, özün üçün seçib götürməyinə layiq və münasib deyil. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam başqa cür də rəvayət edilib və o belədir: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünyadan (dünya malından) sənin əllərində olanların səndən qabaq sahibi olub. Səndən sonra da digər bir sahibə çatacaq. Sən (onu) iki nəfərdən biri üçün toplayırsan: (Ya) o kəs (üçün) ki, sənin topladıqların barəsindəAllaha itaət edəcək və beləliklə, sənin, səbəbindən bədbəxt olduğun şeylə xoşbəxt olacaq. Ya da o kəs (üçün) ki, onu Allaha itaətsizlikdə işlədəcək və beləliklə, sənin topladığın şeylə bədbəxt olacaq. Bu ikisindən heç birini özün üçün seçməyin və eləcə də onun üçün öz çiyinlərinə yük (günah) götürməyin layiq deyil. Buna görə də keçən (ölən) üçün Allahın bağışlamasına, qalan üçün isə Allahın ruzisinə ümidvar ol. (Nə gedənə təəssüflən, nə də qalanın dərdini çək.)

409 İmam Əli əleyhis-salam o Həzrətin hüzurunda «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyən şəxsə (istiğfar edib günahların bağışlanmasını istəməyin şərtləri barəsində) buyurmuşdur: Anan vayına otursun! İstiğfarın (həqiqi mənasının) nə olmasını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar, yüksək məqamlı dəstənin (möminlərin) dərəcə və məqamıdır. O, altı mənası (şərti) olan bir addır. (Əgər altı şərtin hamısı bir yerdə toplanmış olsa istiğfar kamil, əks halda isə naqisdir.) Birincisi keçmiş günahdan peşman olmaq; ikincisi ona qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək; üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın (mükafat əldə etməyin) üçün xalqın haqlarını əda etmək; dördüncüsü sənə (namaz, oruc və həcc kimi) vacib olmuş, eləcə də əldən çıxardığın (yerinə yetirmədiyin) hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək; beşincisi səy göstərib (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin; altıncısı budur ki, günahın şirinliyini bədəninə daddırdığın kimi ibadət və bəndəliyin əziyyətini də ona daddırasan. Belə olan halda, (deyilən şərtlər bir yerə toplanan zaman) «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyərsən.

410 İmam Əli əleyhis-salam (səbrliliyin xeyiri barəsində) buyurmuşdur: Səbrlilik qəbilədir (qəbilə və qohumlar insanı düşmənin şərindən qoruduğu kimi, səbr də insanı qoruyur. Yaxud də məqsəd budur ki, səbrliliyə görə xalq həmin şəxslə dostlaşar və onun yardımçısı olar, sanki o, qəbilə sahibi olub).

411 İmam Əli əleyhis-salam (insanın acizliyi barəsində) buyurmuşdur: Yazıq və aciz Adəm övladı: əcəli gizlidir (nə vaxt öləcəyini bilmir), xəstəlik və dərdləri naməlumdur (həmişə acı hadisələr və xəstəliklərə düçar olmaq təhlükəsindədir), əməli saxlanılır (əməl dəftərində yazılır və əgər özünün yadından çıxsa da unudulmaz). Ağcaqanad onu incidir, suyun boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı belə bir kəsə lovğalıq və məğrurluq edərək öyünmək yaraşırmı?!)

412 Nəql edilib ki, İmam Əli əleyhis-salam öz səhabələrinin arasında oturmuşdu və onların yanından gözəl bir qadın keçdi. Səhabələri ona baxdılar. O Həzrət əleyhis-salam (qadınlara baxmaqdan çəkindirərək belə) buyurdu: Bu erkəklərin gözləri (kefli və sərxoş dəvə kimi) şəhvətə bərəlir və bu cür baxışlar onlarda şəhvət və ehtirasların həyacana gəlməsi və oyanmasına səbəb olur. Buna görə də sizlərdən biri ona xoş gələn qadına baxanda gərək öz arvadı ilə yaxınlıq etsin. Çünki o da (digər) qadınlar kimi bir qadındır. (Qadınlar hamısı ləzzət vermək baxımından birdirlər.) Sonra xəvaricdən biri dedi: Allah onu kafir Öldürsün, necə də alim edib onu?! Səhabələr sıçrayıb həmin şəxsi öldürmək istədilər. İmam əleyhis-salam buyurdu: Möhlət verin ona (işiniz olmasın). Söyüşün yerinə (öldürmək deyil) ya gərək o da söyülsün, ya da günahından keçilsin.


413 İmam Əli əleyhis-salam (ağlın mənfəəti barəsində) buyurmuşdur: Ağlından sənə bu (mənfəət) bəsdir ki, o sənin üçün azğınlıq yollarını nicat yollarından seçir. (Çünki bu xeyir və mənfəət bütün xeyirləri əhatə edir.)

414 İmam Əli əleyhis-salam (yaxşı və xeyir işi kiçik saymamaq barəsində) buyurmuşdur: Yaxşı iş görün və onun azını kiçik hesab etməyin. Çünki onun kiçiyi (Allahın yanında) böyük, azı (azının savabı) çoxdur. Gərək sizlərdən heç kəs «başqası yaxşı iş görməyə məndən daha layiqdir» deməsin. Allaha and olsun ki, başqası daha layiq olar. (Çünki) yaxşı ilə pisin hər birinin öz adamı var və siz onlardan hər hansı birini tərk etsəniz, adamı onu sizin yerinizə yerinə yetirəcək (və onu yerinə yetirən daha layiqdir).

415 İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyurmuşdur: Kim öz gizlinini düzəltsə (düşüncəsini paklaşdırsa) Allah onun aşkarını düzəldər (gözəlləşdirər). Kim dini üçün iş görsə, Allah onun dünya işini təmin edər (çətinliklərdən qurtarar onu). Kim özü ilə Allah arasında olan şeyi gözəlləşdirsə (Allahdan başqasından gözünü çəksə) Allah onunla xalq arasında olanları gözəlləşdirər (xalqı ona qarşı mehribanlaşdırar).

416 İmam Əli əleyhis-salam (səbr və ağıl barəsində) buyurmuşdur: Səbr (eybləri) örtən pərdədir. Ağıl (pis işlərə əmr edən nəfsi) kəsən qılıncdır. Belə isə xasiyyətinin eyblərini səbrliliklə ört və nəfsini və şəhvətini ağıl ilə öldür. 417 İmam Əli əleyhis-salam (ehtiyacı olanlara əl tutmağa həvəsləndirərək) buyurmuşdur: Allahın bəzi bəndələri var ki, O, (digər) bəndələrinin xeyri üçün onlara nemətlər ayırır. Onlar nə qədər ki, (həmin nemətlərdən ehtiyaclılara və əl altında olanlara) bağışlayırlar, Allah həmin nemətləri onların əllərində saxlayır. Həmin nemətləri əsirgəyəndə (heç kəsə bir şey verməyəndə) isə onları onlardan alıb başqalarına həvalə edir (ki, möhtacların yolunda sərf etsinlər).

418 İmam Əli əleyhis-salam (sağlamlıq və varlılıq barəsində) buyurmuşdur: Bəndənin iki şeyə arxalanması yaraşmaz: sağlamlıq və varlılıq. (Çünki) onu sağlam gördüyün əsnada birdən xəstələnər; varlı gördüyün əsnada birdən yoxsullaşar.

419 İmam Əli əleyhis-salam (ehtiyaclılıqdan gileylənmək barəsində) buyurmuşdur: Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. (Çünki mömin Allahın dostudur.) Amma kim həmin ehtiyacından kafirə gileylənsə, sanki Allahdan gileylənib. (Çünki kafir Allahın düşmənidir.)

420 İmam Əli əleyhis-salam bayramların birində (orucluq bayramında) buyurmuşdur: Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb (təzə paltar geyinən, amma Allahın yanında abrı olmayan kəsin yox). Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür.

421 İmam Əli əleyhis-salam (haram malın ziyanı barəsində) buyurmuşdur: Qiyamət gününün ən böyük peşmançılığı o şəxsin peşmançılıq və əfsusudur ki, var-dövlətini haram yolla qazanıb və digər bir şəxs onu irs apararaq Allahın itaət və bəndəliyində sərf edib. Beləliklə, həmin şəxs cənnətə, haram var-dövləti qazanan isə oda daxil olar.

422 İmam Əli əleyhis-salam (çox çalışmağın ziyanı barəsində) buyurmuşdur: İnsanların alış-verişdə ən çox ziyana uğrayanı və səy və təlaşda ən ümidsizi o kəsdir ki, bədənini öz arzularına çatmaq üçün köhnəldib (özünü qocaldaraq ömrünü başa çatdırıb), amma qəza-qədərlər istəyində ona yardım etməyiblər (o, öz arzularına çatmayıb). Beləliklə, o, həsrət və əfsusla dünyadan gedər və (çox çalışmalarında qazandığı) günahları ilə axirətə daxil olar.

423 İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur: Ruzi iki cürdür: biri səni axtarar, digərini isə sən axtararsan. Buna görə də kim dünyanı istəsə (ruzi üçün özünü çətinliyə salsa) ölüm onu axtarar, arxasınca düşər ki, dünyadan çıxarsın. Amma kim axirəti istəsə (itaət və bəndəliklə məşğul olaraq ruzi üçün ehtiyacından artıq çalışmasa) dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın. (Xülasə, axirət istəyəni ruzi özü axtarar, dünyatələb isə ruzini özü axtarar.)

424 İmam Əli əleyhis-salam (Allahın dostlarının bəzi xislətləri barəsində) buyurmuşdur: Allahın dostları camaat dünyanın zahirinə (zinət və bəzəyinə) baxanda onun batininə (yox olacağına) baxanlar, camaat onun bu günü ilə məşğul olanda (dünya malı əldə etmək fikrində olanda) onun sonu ilə məşğul olanlardır (ölüm səfəri üçün azuqə toplayanlardır). Beləliklə, onlar dünyanın onları öldürməsindən qorxduqları şeyi öldürərlər (ilahi əzab və cəzaya səbəb olan şeydən çəkinərlər), onun onları tərk edəcəyini bildikləri şeyini tərk edərlər (onlardan ayrılacağını bildikləri üçün onun malına ürək bağlamazlar), dünyadan başqalarının çox bəhrələnmələrinin (axirət bəhrələrinə nisbətdə) az olmasını və dünyanı əldə etmələrinin (əbədi səadəti) itirmək olduğunu (əbədi səadəti əldən çıxarmağa səbəb olmasını) görərlər. Onlar camaatın barışdığı şeylə düşmən, camaatın düşmən olduğu şeylə isə barışıqdadırlar (nəfsi istəklərdən çəkinərək onun müqabilində müqavimət göstərərlər). Kitab onların vasitəsi ilə tanındı (xalq Qur'anın hökmlərini dərk etdi) və onlar da həmin kitabla tanıdılar; kitab onların vasitəsi ilə öz yerində qaldı (dəyişdirilmək və azalıb-çoxalmaqdan qorundu) və onlar həmin kitabla qaldılar (malik olduqları bütün şeyləri ondan götürdülər). Öz ümid və arzularından (eyb və nöqsan sifətlərindən pak və uzaq Allahın savabından) üstün ümid, qorxularından (ilahi cəzadan) üstün qorxu görmürlər.

425 İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur: Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada salın. (Ölümün fikrində olun. Çünki onun çatması ilə bir neçə günlük ləzzətlər aradan gedəcək və günahların cəzası həmişəlik olaraq qalacaqdır.)

426 İmam Əli əleyhis-salam (insanları sınayaraq imtahan etmək barəsində) buyurmuşdur: (İnsanları) sına ki, (onları) düşmən biləsən. (Çünki zahirdə insanların çoxu pis deyildirlər. Amma sınayanda pislikləri üzə çıxır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bəziləri bu kəlamı Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql ediblər. Amma bu kəlamın Əmirəl-möminin əleyhis-salamdan olması nəzərinin dəlili, Sə’ləbin bu bəyanıdır: İbn Ə’rabi bizə nəql etdi ki, Mə’mun dedi: Əgər Əli əleyhis-salam «sına ki, düşmən biləsən» buyurmuş olmasaydı mən deyərdim ki, «insanları düşmən bil ki, onları sınayasan». 427 İmam Əli əleyhis-salam (şükr etmək, dua və tövbə barəsində) buyurmuşdur: Ola bilməz ki, Allah bəndənin üzünə şükr qapısını açsın (şükr etməyə əmr etsin), amma artım qapısını onun üzünə bağlasın (neməti artırmasın); dua və istəmək qapısını açsın (Ondan istənilməsinə əmr etsin), amma rəva olmaq qapısını üzünə bağlasın (onun istəyini qəbul etməsin); tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın (günahlarını bağışlamasın).

428 İmam Əli əleyhis-salam (comərdlik barəsində) buyurmuşdur: İnsanların comərdliyə ən layiqlisi comərdlərin onda kök atdığı (ata-babaları yaxşı və comərdlərdən olmuş) kəsdir.


429 İmam Əli əleyhis-salamdan soruşdular ki, ədalətlilik üstündür, yoxsa səxavətlilik? O Həzrət (ədalətin səxavətdən üstün olması barəsində belə) buyurdu: Ədalət işləri öz yerinə qoyur, səxavət isə onları öz yerindən çıxardır. (Çünki səxavətli şəxs lazım olandan artıq bağışlayır.) Ədalət hamını saxlayır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir verir. Buna görə də ədalət daha şərəfli və daha üstündür.

430 İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur: İnsanlar bilmədikləri şeyin düşmənidirlər. (Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qur'ani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər.»)

431 İmam Əli əleyhis-salam (pərhizkarlıq və zahidlik barəsində) buyurmuşdur: Zahidlik və pərhizkarlığın hamısı Qur’anın iki kəlməsində xülasə edilib. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Hədid surəsinin 23-cü ayəsində) buyurmuşdur: «لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ» «ki, heç vaxt əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verilənə sevinməyəsiniz.» Keçmişə heyfslənməyən və gələcəyə sevinməyən kəs, zahidliyi onun iki tərəfindən (keçmişə və gələcəyə etinasızlıqla) əldə edib. 432 İmam Əli əleyhis-salam (hökmdarlar barəsində) buyurmuşdur: Hökumətlər kişilərin (sınaq) meydanlarıdır. (Yarış atları müsabiqə meydanında tanındığı kimi insanların yaxşı və ya pis olmaları da onlar hakimiyyətə gələndə üzə çıxır.) 433 İmam Əli əleyhis-salam (işdə süstlük barəsində) buyurmuşdur: Yuxu gündüzün qərarlarını necə də çox pozur və məhv edir. (Bu kəlamın şərhi xütbələr fəslində 211-ci kəlamın şərhində deyildi.)

434 İmam Əli əleyhis-salam (yaşayış yeri barəsində) buyurmuşdur: Sənin üçün şəhərin biri digərindən daha münasib deyil. Şəhərlərin ən yaxşısı səni çiyinlərinə alan (əhalisi səni istəyən və yaşayışında rifah və asayişdə olduğun) şəhərdir.

435 Əştərin (Allah onu bağışlasın) ölüm xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun böyüklüyü və cəsurluğu barəsində belə) buyurmuşdur: Malik getdi, amma nə idi Malik! Allaha and olsun ki, əgər dağ idisə, ayrı qalmış və əzəmətli bir dağ idi; əgər daş idisə, elə möhkəm daş idi ki, (böyüklük və möhkəmliyindən) heç bir dırnaqlı heyvan ondan yuxarı qalxa bilmir və heç bir quş onun üzərindən uçmurdu. (O, tək və misilsiz idi, heç kəs ona qalib gələ bilməzdi. Seyyid Rəzi əleyhirrəhmə deyir:) (Əsas mətndəki) «فِنْد» «find» kəlməsi digər dağlardan ayrı olan dağ mənasındadır.

436 İmam Əli əleyhis-salam (işdə əzmkarlıq göstərərək onu davam etdirməyin mədhində) buyurmuşdur: Davam etdirilən az iş yorğunluq gətirən çox işdən daha yaxşıdır. (Bu kəlam elə 270-ci kəlamdır, amma kəlmələrində olan bir az fərqlə ki, onun şərhi orada deyildi.)


437 İmam Əli əleyhis-salam (sifətlərin inkişaf etməsi barəsində) buyurmuşdur: Birində (yaxşı və pisliyindən asılı olmayaraq) təəccüblü bir sifət və xislət olsa, onun bənzərlərini gözləyin. (Əgər həmin sifət yaxşı idisə daha yaxşı, pis idisə daha pis olacaq.)

438 İmam Əli əleyhis-salam söhbət əsnasında (şair) Fərəzdəqin atası Qalib ibn Sə’sə’əyə dedi: Çoxsaylı dəvələrini neylədin? Qalib dedi: Haqlar (xalqın onda olan haqları) onları dağıtdı (sədəqə, zəkat, qohum-əqrabaya kömək və borcun ödənilməsi kimi xeyirli yollarda işlədildi). O Həzrət əleyhis-salam (xalqın haqqını ödəməyin mədhində) buyurdu: Bu dağılmaq o dəvələrin dağılma yollarının ən tərifə layiqidir.

439 İmam Əli əleyhis-salam (dinin hökmlərini bilməməyin ziyanı barəsində) buyurmuşdur: Dinin hökmlərini bilmədən alver edən kəs ribaya (borcda harama və ilahi cəzaya səbəb olan faiz alıb verməyə) batar (düçar olar).

440 İmam Əli əleyhis-salam (naşükrlüyün ziyanı barəsində) buyurmuşdur: Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər.


441 İmam Əli əleyhis-salam (şərəf və heysiyyət barəsində) buyurmuşdur: Kimin nəfsi möhtərəm və uca olsa (kim özünü şərəfli bilsə), şəhvətləri onun yanında xar olar (zillət və xarlığa düşməmək üçün onlara tabe olmaz).

442 İmam Əli əleyhis-salam (zarafatın ziyanı barəsində) buyurmuşdur: Növündən asılı olmayaraq zarafat etmiş hər bir şəxs mütləq ağlının bir hissəsini müəyyən şəkildə itirəcəkdir. (Zarafat ağlın yüngülləşməsinə səbəb olur.)

443 İmam Əli əleyhis-salam (qarşılıqlı ünsiyyətdə olmaq barəsində) buyurmuşdur: Sənin, sənə rəğbəti olan kəsə etinasızlığın pay və qismətin azlığıdır (azalmasına səbəb olur). Sənə etinasız olan kəsə rəğbət göstərməyin isə nəfsin zilləti və xarlığıdır (xarlığına səbəb olur).

444 İmam Əli əleyhis-salam (Abdullah ibn Zübeyrin məzəmmətində) buyurmuşdur: Zübeyr onun nəhs oğlu Abdullah böyüyənə kimi həmişə biz əhli-beytdən (qohumlarımızdan) idi. 445 İmam Əli əleyhis-salam (öyünmək və məğrurluğun məzəmmətində) buyurmuşdur: Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir; nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir.

446 İmam Əli əleyhis-salam (həqiqi zənginlik və yoxsulluq barəsində) buyurmuşdur: Zənginlik və yoxsulluq (qiyamət günü) vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. (Həqiqi varlı o kəsdir ki, qiyamət günü ilahi savab və əbədi cənnət onun nəsibi olsun. Həmçinin həqiqi yoxsul o kəsdir ki, həmin gün Allahın cəza və əzabına düçar olsun.)

447 İmam Əli əleyhis-salamdan şairlərin ən böyüyünün kim olmasını soruşublar. O Həzrət (İmrəul Qeys barəsində) buyurmuşdur: Şairlər bir dəstə mərc atlarında çapmayıblar ki, onların kamilliklərinin sonu girov qamışın götürülməsində bilinsin. (Şairlərin şe’rlərinin hamısı bir səpkidə deyil və ona görə onların birini digərindən üstün tutmaq olmaz.) Əgər kiməsə üstünlük vermək labüd və zəruri olsa, onda «azğın şah» üstündür. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Həzrətin «الْمَلِكُ الضَّلِيلُ» «əl-məlikuz-zəlil», yəni, azğın şah ifadəsindən məqsədi İmrəul Qeysdir. (Onu şah adlandırmasının səbəbi şe’rlərinin gözəlliyidir. Azğın adlandırılmasının səbəbi isə onun kafir və fasiq olmasıdır.)

448 İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur: Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.

449 İmam Əli əleyhis-salam (elm və dünya istəyən barəsində) buyurmuşdur: İki yeyən doymaz: elm axtarışı və arzusunda olan (ki, hər nə qədər məsələlər aşkar olsa yenə də digər bir məchulu məlum etmək istəyər) və dünya istəyən (ki, hər nə qədər dünya malı əldə etsə yenə də digər şeylər əldə etmək arzusunda olar).

450 İmam Əli əleyhis-salam (imanın bəzi nişanələri barəsində) buyurmuşdur: İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın. Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan.

451 İmam Əli əleyhis-salam (tədbir tökmək və uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur: İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tökmək və uzaqgörənlikdə olur. (Buna görə də insan təvəkküldən əl götürməməli, öz tədbir və fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəlmələri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi.

452 İmam Əli əleyhis-salam (səbrlilik və tələsməmək barəsində) buyurmuşdur: Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik və tələsməmək bir dərəcə və mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik də etmir və işin sonunu fikirləşir.)

453 İmam Əli əleyhis-salam (qeybət etməyin məzəmmətində) buyurmuşdur: Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi və ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir). 454 İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur: Nə çox adam ki, barəsindəki gözəl sözlər səbəbindən (xalqın onun barəsində olan xoş sözlərinə görə) fitnə və çətinliyə düşüb.

455 İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur: Dünya özü üçün deyil, başqası üçün yaradılıb. (Dünya axirət üçün bir yoldur ki, insan savab əldə etmək üçün gərək onda bəndəlik etsin; həmişəlik deyil ki, onda ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun!)

456 İmam Əli əleyhis-salam (Bəni Üməyyə dövlətinin dağılması barəsində) buyurmuşdur: Bəni-Üməyyə üçün bir möhlət zamanı və bir fürsət meydanı vardır ki, onda (səltənət və şahlıq atını) çaparlar. Aralarında xilafət və şahlıq üstündə dava-dalaş düşəndən sonra goreşənlər (alçaq və nanəciblər) aldatmaq yolu ilə onlara hakim olarlar . (Seyyid Rəzi-rəhiməhullah-deyir:) (Əsas mətndə passiv növün feli sifəti olan) «أَلْمُرْوَدُ» «əl-murvəd» kəlməsinin kökü «الْاِرْوادُ» «əl-irvad»dır və mənası möhlət və fürsət verməkdir. O, «مُفْعَل» «muf'əl» vəznindədir. Bu ən dolğun və heyrətləndirici sözlərdəndir. Sanki o Həzrət əleyhis-salam onlara verilmiş zaman möhlətini, onların axırına kimi çapdıqları və sona çatandan sonra işlərinin nizam-intizamı pozulan meydana bənzədib.

457 İmam Əli əleyhis-salam Ənsarın mədhində buyurmuşdur: Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.


458 İmam Əli əleyhis-salam (gözün açıq olması barəsində) buyurmuşdur: Göz düz bağırsağın bağıdır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Bu kəlam heyranedici metaforalardandır. Sanki Həzrət düz bağırsağı qaba, gözü isə bağa oxaşadıb ki, bağ açılanda qab öz vəziyyətində qalmır (içində olanlar çölə tökülür). Daha məşhur nəzərə əsasən bu kəlam Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamlarındandır. Bir dəstə isə onu Əmirəl-möminin əleyhis-salamdan nəql edib. Bu məsələni Mübərrəd «əl-Müqtəzəb» kitabının «əl-ləfz bil-huruf» fəslində bəyan edib. Biz bu metafora barəsində özümüzün «Məcazatil-asaril-nəbəviyyə» adlı kitabımızda söhbət etmişik.

459 İmam Əli əleyhis-salam (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur: (Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu.

460 İmam Əli əleyhis-salam (qarşıya çıxacaq xoşagəlməz hadisələr barəsində) buyurmuşdur: İnsanlar üçün elə bir tikanlı (və çətin) zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq (mal və sərvətində xəsislik edərək onu Allah yolunda verməyəcək), halbuki bu işə əmr olunmayıb. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur'ani-Kərimin Bəqərə surəsinin 237-ci ayəsində) buyurub: «وَلا تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ» «Bir-birinizə yaxşılıq etməyi unutmayın (bir-birinizə yardım edin)!» Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və biçarələrlə alver edərlər (onlara baha satarlar, onlardan alanda isə ucuz alarlar). Halbuki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) acizlərə (yemək) satmağı (və ya onlarla alver etməyi) qadağan edib. (Çünki onlara kömək olunmalıdır, yaxud onlarla, aciz olmayanlarla aparılan alver kimi alver edilməlidir. Yəni, onlara kömək edilməsə də, heç olmasa alverdə onları aciz görüb aldatmaq olmaz və hamı ilə çəki və qiymətdə necə alver edilirsə onlarla da elə alver edilməlidir.)

461 İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur: Mənə görə iki nəfər həlak və məhv olacaqdır: (Biri məni sevməkdə) ifrata varan dost və (digəri mənə) yalan yapışdıran böhtançı (ki, mənə, məndə olmayan şeyi nisbət verər. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam o Həzrət əleyhis-salamın bu (yüz on üçüncü) kəlamı kimidir ki: Mənim yolumda iki nəfər həlak oldu: ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. (Bu kəlamın şərhi öz yerində bəyan edilib.)

462 İmam Əli əleyhis-salamdan tovhid və ədalət (onların mənaları) barəsində soruşdular. O Həzrət buyurdu: Tovhid və Allahı tək bilmək Onu fikir və xəyala gətirməməyindir. (Çünki zehn və xəyala gələn şey sənin kimi məxluqdur.) Ədalət Onu (Ona layiq olmayan şeylərdə) ittiham etməməyindir. (Çünki nalayiq iş görməyin səbəbi ya nadanlıq və cəhalətdir, ya da ehtiyac və naçarlıq ki, Allah bunların hər ikisindən uzaq və pakdır.) 463 İmam Əli əleyhis-salam (yersiz susmağın və yersiz danışmağın məzəmmətində) buyurmuşdur: Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.

464 İmam Əli əleyhis-salam (Allahdan) yağış yağmasını istədiyi duada belə buyurmuşdur: Allahım, bizə itaətsiz bərk buludlarla (yük çəkməyən itaətsiz dəvələr kimi olan yağışsız buludlarla) deyil, itaətkar ram buludlarla (ram olub yük çəkən dəvələr kimi olan yağışlı buludlarla) su ver. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Bu kəlam fəsahət və dolğunluğu heyrətləndirici olan kəlamlardandır. Belə ki, İmam əleyhis-salam gurultulu və vahiməli səsli, eləcə də parıltılı, işıqlı, küləkli ildırımlı və alovlu buludları (belində olan palan və yükləri yerə atmaq üçün) yüklə birlikdə sıçrayan və minənləri (yerə yıxmaq üçün) silkələyən itaətsiz dəvələrə, bu qorxulu şeylərə malik olmayan buludları isə südləri sağılanda itaətkarlıq edən və belinə minəndə xoş davranan ram dəvələrə oxşadıb. 465 İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, əgər (saqqalının) ağ tüklərini dəyişdirsəydin (onları rəngləsəydin) yaxşı olardı. Həzrət (rəng barəsində belə) buyurdu: Rəng zinət və gözəllikdir. (Amma) biz əzada və qəm-qüssədə olan bir tayfayıq. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Həzrətin («biz əzada və qəm-qüssədə olan bir tayfayıq» deməkdən) məqsədi Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatıdır. (Rəng barəsində on yeddinci kəlamın şərhində də danışılıb.) 466 İmam Əli əleyhis-salam (iffətliliyin mədhində) buyurmuşdur: Allah yolunda şəhid olmuş mücahidin savabı (haram və nalayiq işlər görmək) qüdrət və imkanı olan, amma iffət-ismət göstərən kəsdən çox deyil. (Haram və nalayiq işlərdən çəkinən) iffətli şəxsin mələklərdən biri olması daha yaxındır. (Bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.)

467 İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur: Qənaət tükənməz sərvətdir. (Çünki qənaət və əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:) Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir.

468 İmam Əli əleyhis-salam Ziyad ibn Əbihi Abdullah ibn Abbasın yerinə Fars vilayəti və onun ətraf bölgələrinə vali təyin edən zaman aralarında olan uzun bir söhbətdə onu (rəiyyətdən) vergiləri qabaqcadan almaqdan çəkindirərək buyurmuşdur: (Rəiyyətlə) ədalətli və insaflı ol və yolu azmaqdan və zülmdən qorx. Çünki yolu azmaq (insafsızlıq) didərginliyə (onların didərgin düşmələrinə) səbəb olur və zülm, qılınca (rəiyyətlə vali arasında çəkişmə və dava-dalaş yaranmasına) gətirib çıxarır (yaxud zülm, valinin rəiyyətin əli ilə öldürülməsinə səbəb olur).


469 İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur: (Allah yanında) ən ağır günah, insanın yüngül və kiçik hesab etdiyi günahdır.

470 İmam Əli əleyhis-salam (nadanı öyrətməyə təşviq edərək) buyurmuşdur: Allah alimlərdən öyrətmələri barəsində əhd-peyman almayınca nadanlardan öyrənmələri barəsində əhd-peyman almadı. (Nadanlara öyrənməyi o vaxt vacib etdi ki, ondan qabaq alimlərə öyrətməyi və elmlərini gizlətməməyi vacib etmişdi.)

471 İmam Əli əleyhis-salam (dostu əziyyətə salmağın məzəmmətində) buyurmuşdur: Qardaşların (dostların) ən pisi insanın ona görə zəhmətə düşdüyü (dostluğu çətinlik və əziyyətə səbəb olan) kəsdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Çünki «تَكْلِيف» «təklif», yəni, taqətdən artıq olan şey məşəqqətə səbəb olur və məşəqqət insanı zəhmətə salan qardaş və dostun bais olduğu şər və pislikdir. Buna görə də o, qardaşların ən pisidir.

472 İmam Əli əleyhis-salam (dostu itirmək barəsində) buyurmuşdur: Mömin öz qardaşını (dostunu) qəzəbləndirən (və ya utandıran) zaman ondan ayrılıb. (Qəzəbləndirmək və ya xəcalətli etmək ayrılığa səbəb olur. Seyyid Rəzi-rəhiməhullah-deyir:) (Ərəb dilində) birini qəzəbləndirən zaman «حَشَمَهُ» «həşəməhu» və «أَحْشَمَهُ» «əhşəməhu» deyilir. Bəziləri onun, «xəcalətli etmək, utandırmaq» (mənasında) olmasını deyiblər. «إِحْتَشَمَهُ» «ihtəşəməhu» (yəni,) «onun qəzəblənməsini və ya xəcalətli olmasını istədi». Və bu, (elə) onun ayrılığını güman etməkdir.