Nəs ağı belə
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Zər-ziba xələti pünhan eylədin,
Biçdirdin qəddimə nəs ağı belə.
Al dillə gətirdin, mehman eylədin,
Qatdın şərbətimə nəs ağı belə.

Qəvvas dəryalarda bağlar sal indi,
Keçən günü, dost, yadına sal indi.
Şahmar zülfün gərdənindən sal indi,
At boynuma, elə nasağı belə.

O Xoyun səhrası, o da Salmasın,
Rəqib dost kuyində oda salmasın.
Fələk Ələsgər tək oda salmasın.
Nə naxoşu belə, nə sağı belə.