Nəslimizin fəxri
Nəslimizin fəxri (2014) Müəllif: Araz Yaquboğlu |
Mənbə: "Zakir Kərimov-65", "Dünya" qəzeti (xüsusi buraxılış), №52, 23 noyabr 2014-cü il. səh.14 |
Allahın yaratdığı ən gözəl varlıq olan insan yaşa dolduqca saflaşır, müdrikləşir. İnsan dünya dediyimiz fani həyatın birinci yarısında görür, götürür, öyrənir: ikinci yarısında isə bunları gənc nəslə çatdırmaqla öz mənəvi missiyasını yerinə yetirir.
Hörmətli oxucu!
Yuxarıda dediklərimi bu yazımın qəhrəmanı Zakir Kərimova da şamil etmək olar. 23 noyabrda Zakir müəllimin 65 yaşı tamam olur. Bu gün Zakir müəllim də ömrünün ikinci – müdriklik çağını yaşamaqdadır. Zakir Kərimovla bir nəsildən, bir mahaldan, bir kənddən olmağıma görə həmişə fəxarət hissi keçirirəm. Onu tanıyanlar da, onun doğmaları da inanıram ki, mənimlə həmfikirdirlər. El misalına çevrilmiş belə bir deyim var: “İnsan vəzifədə tanınar!” Məhz Zakir Kərimovu cəmiyyətə sevdirən də elə budur.
Zakir müəllim kökünə, soyuna, elinin, obasının, mahalının milli-mənəvi dəyərlərinə bağlı insandır. Sazın-sözün vurğunudur. Dərdini, qəmini sazla ovundurar, poeziya ilə rahatlıq tapar. Doğulduğu Göyçə mahalını, onun insanlarını özü qədər sevən biridir. O, din əhli, ziyarət əhlidir. Müqəddəs məkanlarımızı: Məşhədi, Kərbəlanı ziyarət edib.
Zakir Kərimov xoşbəxt insandır. Birinci növbədə bir insan kimi bütün yüksək mənəvi keyfiyyətləri öz şəxsiyyətində cəmləşdirib. Həm də Zakir Kərimov ona görə xoşbəxt insandır ki, o Göyçə mahalının Daşkənd kəndində sayılıb seçilən nəsillərdən olan Rəsullu nəslinin nümayəndəsidir. Rəsullu nəsli Azərbaycan tarixinə, ədəbiyyatına, elminə öz adını qızıl hərflərlə yazmış neçə-neçə ünlü simalar yetirib. Göyçənin qorunmasında xüsusi qəhrəmanlıq göstərmiş Məşədi Qasım kimi, Qarabağ savaşında şəhid olan Yasif Kərimov, Ziyafət Balıyev, Abbas Qasımov, Nəbi Zeynalov, Mehdi Məhərrəmov kimi igid, cəsur oğullar; bu gün adı və şeirləri türk dünyasında əzbər olan böyük şairimiz Sərraf Şiruyə; elin, obanın şöhrətini öz zəngin yaradıcılıqları ilə uzaqlara yayan Həsən Xəyallı, Qəmgin Fəzi, Xasay Hacıyev, Aqil İman, Eldar Həsənli kimi dəyərli söz adamları; Azər, Əmirtarix və Savalan Kərimovlar kimi böyük elm adamları bu nəslin yetirmələridir.
Elimizin, obazmızın dəyərli ziyalısı Zakir Kərimovun 65 yaşının tamam olması münasibətilə təbrik edir, ona cansağlığı arzu edirəm. 80, 90, 100 yaşını da qeyd etməyi uca Tanrımız ona qismət eləsin!