Nadanlıq/Üçüncü məclis

İkinci məclis Nadanlıq. Üçüncü məclis
Müəllif: Nəriman Nərimanov
Dördüncü məclis


ƏVVƏLİNCİ GƏLİŞ

Hacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir.

H a c ı A b d u l l a (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nə kağızıdır. Ay gədə, Əhməd!

İKİNCİ GƏLİŞ

Ə h m ə d. Bəli.

(Əhməd içəri daxil olur.)
H a c ı A b d u l l a. Ömər evdədirmi?
Ə h m ə d. Evdədir.
H a c ı A b d u l l a. Çağır bura gəlsin. (Əhməd dişqarı çıxır, Ömər içəri daxil olur).

ÜÇÜNCÜ GƏLİŞ

H a c ı A b d u l l a. Bu kağızlara bax görüm, nə kağızıdı.
Ö m ə r (kağızları əlinə alıb diqqətlə bir-bir baxır). Bunlar baratdır. (Göstərir.) Bu Mələk Namaz qızının tərəfindəndir. Oğlu Tanrıverdini Sibirə göndərirlər, ona görə istəyir pul yığsın.
H a c ı A b d u l l a. Bizim, belə, gödək Tanrıverdinimi? (Təəccüb edir.)
Ö m ə r. Bəli.
H a c ı A b d u l l a. Bəgəm onu tutdularmı?
Ö m ə r. Hələ yaralıyıblar da!
H a c ı A b d u l l a. Ay yazıq. İgid də deyəndə belə olardı. Gözünə döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı?
Ö m ə r. Bundan sonra necə qurtarmaq və qurtarıb nə olacaq? Yaxşı oldu ki, tutdular! Bəlkə bir az sakitlik ola.
H a c ı A b d u l l a. Ay sarsaq, necə qıyıb elə deyirsən. Kəndin igidlərindən biri o idi. Doğrudan ki, yazıq! Hayıf sənə! (Əlini cibinə aparır.) Ala, bu on manatı ver gədəyə aparsın, anasına versin və yazdırsın ki, məlum olsun.
Ö m ə r (başını bulayır və pulu alır). Yaxşı, verərəm.
H a c ı A b d u l l a. Bəs o biri kağız nədi?
Ö m ə r (kağızı diqqət ilə oxuyur). Baxım görüm.
H a c ı A b d u l l a. O kağız rusca yazılıbdımı?
Ö m ə r. Bəli, ruscadır, naçalnikin tərəfindəndir. Sarvan mahalında təzə şkola açmaq istəyirlər. Ona görə naçalnik təvəqqe edir ki, hər kəs istəsə, şkolanı tikməkdən ötəri pul bağışlasın.
H a c ı A b d u l l a. Bizim belə bu şkoldanmı?
Ö m ə r. Bəli.
H a c ı A b d u l l a. Gör sən allah, nə sarsaq-sarsaq işlər görürlər! (üzünü xalqa tutur.) özgənin kəndində şkol açılır, bizmi pulunu verək və mənim nəyimə lazım ki, şkol açılır. O kağız heç! (Əli ilə göstərir.) Boş şeydi, cır getsin.
Ö m ə r. A ağa, belə işdə kömək etmək lazımdır. Bizim şkola tikiləndə naçalnik özu pul bağışlamadımı?
H a c ı A b d u l l a. Özgə axmaq iş görübdür, gərək məndəmi görəm! Kağızın cavabını yaz ki, atam şəhərə gedibdi, pul-zad yoxdur.
Ö m ə r. Ağa, naçalnikdən eyibdir. Sən göndərmirsən, mən on manat göndərərəm.
H a c ı A b d u l l a. Deyirəm axı, sənin başına at təpibdir. Bilmirəm haçan ağıla gələcəksən? Doğrudan da cahil! Pulun qədrini hələ bilməzsən.

(Ömər atasına əyri-əyri baxıb dişqarı çıxır.)

H a c ı A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlər: "Oxumaqdan qara adamın ağlını aparar".

DÖRDÜNCÜ GƏLİŞ

Yetər və Hacı Abdulla.

Y e t ə r (ağzı yaşmaqlı içəri daxil olur). A kişi, durub o biri dama getsənəm. Qurbanəlinin arvadı bizə gəlibdir, səndən qaçır.
H a c ı A b d u l l a. Dərənin ermənisindən qaçmır, məndənmi qaçır? Əh! (Durub gedir.)
Y e t ə r. Ay qız, ay Gülpəri bura gəl!

BEŞİNCİ GƏLİŞ

Yetər, Gülpəri.

G ü l p ə r i. Salaməleyküm!
Y e t ə r. Xoş gəlibsən! Otur görək. Uşaqların-zadın sağ-salamatdılarmı?
G ü l p ə r i. Canına duaçıdırlar.
Y e t ə p. Qurbanəli azarlıydı, indi yaxşıdımı?
G ü l p ə r i. Qurbanəli dəli olub, başına at təpib.
Y e t ə r. Necə, ay arvad?
G ü l p ə r i. Ağıldan kəm olub, bilmirəm deyir, hansı dəli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirəm ay kişi, başına atmı təpib? Dana-buzovumuzu kim otarar? Deyir: "Sən bilmirsən! Oğlum oxuyub abrizinni olacaq".
Y e t ə r. Ay qız, abrizinni hansıdır?
G ü l p ə r i. Nə bilim, oxuyanlara abrizinni demirlərmi?
Y e t ə r. Doğru deyirlər, kişinin ağlı az olar!
G ü l p ə r i. Allaha qurban olum, oxumaq fikrinə düşəndən tək səbirdi ki, gəlir. Axırı səbirdən qorxub fikrini dəyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getməyi öyrənmişdi, hərgah oxumağa getsəydi, ağlını qara alıb bunlar hamısı yadından çıxardı, gedərdi.
Y e t ə r. Bunlar yadından çıxmağı heç! özü böyüyəndə lap dəli olardı.
G ü l p ə r i. Doğrumu deyirsən?
Y e t ə r. Ay sağ olmuş! Bizim Öməri görmürsənmi? Allah ağlını alıbdır: gah kitabnan oynayır, gah nə bilim, maşınlar yazır. Əbəs yerə pulunu yox edir. İki ildir çalışıram, nə ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır.
G ü l p ə r i. Bəlkə düşmənləriniz oğlanın bəxtini bağlayıblar?
Y e t ə r. Allah bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədi?
G ü l p ə r i. Gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı! Kitabnan açdılar.
Y e t ə r. Elədi, elə. Yaxşı yadıma saldın. Dərviş baba cinləri gəzdirəndəmi?
G ü l p ə r i. Hə, hə…. Bax, o dərviş baba bir gün hamının gözünün qabağında cinlərə buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünə pul və bir yüzünə də qoyun.
Y e t ə r. İndi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdumu?
G ü l p ə r i. Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır.
Y e t ə r. Yaxşımı baxır?
G ü l p ə r i. Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi.
Y e t ə r. Dananı sonra tapdınızmı?
G ü l p ə r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi!
Y e t ə r. Ağrın alım, a Gülpəri, indi bu işdən ötəri o mollaya baxdırmaq olarmı?
G ü l p ə r i. Nə üçün olmur, sənə bir də bir şey deyim. Hərgah istəyirsən ki, işi düzəltsin, gərəkdi ki, pula qızırğanmıyasan.
Y e t ə r. Təki bu iş düzəlsin. özümün nə ki qızıl-gümüşüm var, hamısını bu yolda qurban eylərəm. Amma bu işi gərək bir sən biləsən, bir də mən.
G ü l p ə r i. Yaxşı, indi mən gedirəm mollanın yanına, deyərəm sizə gəlsin.
Y e t ə r. Yox! Yaxşı olar ki, sən əyləşəsən. Mən balaca qızı göndərrəm, getsin çağırsın. özün burda əhvalatı deyərsən, sonra mən də danışaram.
G ü l p ə r i. Yaxşı olar. (Yetər dişqarı çıxır.) Evin yıxılsın kişi! (üzünü xalqa.) İstəyir ki, mənim oğlumu da aparsın, dəli eləsin…. Biçarə oğlanın bəxtini görürsən necə bağlayıblarsa, arvaddan-zaddan heç fikir eləmir. Molla görək nə deyəcək?!

(Molla əlində ağac içəri daxil olur.)

ALTINCI GƏLİŞ

Molla və Gülpəri.

M o l l a. Salaməleyküm!
G ü l p ə r i (üzünü bir az örtür). Xoş gəldin, a molla? Buyur əyləş.
M o l l a. Nənə, qulluğunuz nədir? (Bir tərəfdə əyləşir.)
G ü l p ə r i. A molla! Səni bura Hacının arvadı Yetər çağırdıbdır. Gərək onun oğlundan ötəri kitaba baxasan, özü də indicə gələr.
M o l l a. Nə olubdur ki?
G ü l p ə r i. İndi neçə ildi ki, istəyirlər böyük oğlu Ömərdən ötəri arvad alsınlar, amma oğlan razı olmur.
M o l l a. Görünür, bəxtini bağlıyıblar.

YEDDİNCİ GƏLİŞ

Yetər içəri daxil olur. Molla yerindən durub təzim edir.

Y e t ə r. Əyləş! Xoş gəlibsən!
M o l l a. Çox razıyam, ana! Buyruğunuz nə ola?
Y e t ə p. Gülpəri demədimi?
M o l l a. Bəli, bəli, bildim. Çox əcəb. Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasıiız və gərəkdir ki, puldan əsla fikir etmiyəsiniz. Çünki o cinlər ki, mən onlara hökm edəcəyəm, pul barəsində çox danışıqlar sevməyirlər.
Y e t ə r. Ay molla, nə ki lazımdır sən elə və necə ki gərək olsa, mən hazıram. Ancaq iş düzəlsin və oğlum bilməsin.
M o l l a. Oğlanın bilməməyindən arxayın olun. Ancaq mənim dualarım özğələrinki kimi deyil, mənim dualarımın hərəsinin ayrı-ayrı qiyməti var….
G ü l p ə r i (tərəfə). Hələ baxmamış, evi yıxılmış puldan dəm vurur.
M o l l a. Və mənim bir duam vardır ki, hər kəlməsi bir manatdır! Hər kəs istəyir yazıram və neçə kəlmə olsa, ona görə pulumu alıram.
Y e t ə r (tərəfə). Doğrudan da ki, deyirlər: "Mollanın gözü heç doymaz".
M o l l a. Çox əcəb! (Əlini qoynuna aparıb kitabçasını çıxarır.) İndi mən bu kitaba baxaram və hərgah bu kitabla kimin və nəyin barəsində kitaba baxılacağını bildimsə, o vaxt yəqin ediniz ki, bu işi axırınadək aparacağam. Və hərgah bilməsəm, yəqin ediniz ki, bu iş başa gəlməz. Ondan ötəri ki, bir vaxt olur, cinlərimin kefi gələn zaman olub, pul çox almaqdan ötəri cavab vermirlər. cin tayfası pulu çox sevər.
Y e t ə r. Sən allah, a molla, puldan fikir eləmə. Mən səni və sənin cinlərini artıqlığınca razı eylərəm.
M o l l a (kitaba baxır). Bəli, görək, nə görükər. (Yavaş oxuyub gülür.) İşiniz çox yaxşı gəlibdir. (Arvadlar mollaya yaxın oturub diqqət ilə qulaq asırlar.) İndi mən bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyəcəyəm, ya yox. Çünki necə ki, əvvəl dedim: hərgah işi əvvəlindən doğru desəm, axırınadək doğru gedəcək. Qulaq verin. (Arvadlar dəxi də irəli otururlar.) Bu kitaba baxdıranın ismi Yetərdir.
G ü l p ə r i. İsmi nədir, a molla?
M o l l a. Yəni, adı! Bu Yetər… Çox aydın görünür…. öz oğlu Ömərdən ötəri kitaba baxdırır. Səbəb də budur ki, oğlan arvad almaq istəmir.
A r v a d l a r (bir-birinə). Ay qız, görürsən necə tapdı?
M o l l a. Hə … hə…. Getdikcə iş qaranlıqlaşır…. Heyf a!… Cavan oğlanın bəxtini bir adam bərk-bərk bağlayıbdır. ömrümdə bu qədər kitaba baxmışam, belə çətin işə hələ rast gəlməmişəm…. (Fikrə gedir.) İş qaranlıqlaşır, amma asana çıxmağa da ümid var. Ancaq … m … m … böyük cin gərək ki, naz edir….
Y e t ə r (əlini tez cibinə uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinə bağışla.
M o l l a (gülür). Deyirəm axı, niyə naz eyləyir. Görükür, qarnının ağrısı varmış. Bəh, bəh! Gör nə yaxşı görükür!
A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz heç şey görmürük?
M o l l a. Bacılar! Siz görə bilməzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır və elə bərk bağlayıbdır ki, heç vaxt arvad ala bilməz.
Y e t ə r (əli ilə dizinə vurur). Oğlumun evi yıxılıb gedibdir.
M o l l a. Rahat olunuz, belə şeylər mənim əlimdə asandır. Kitabda görünməyiiə görə lazım gəlir ki, o dua ki, mən sizə dedim, gərəkdir yazıla. (Kağız və qələm çıxardıb yazır və büküb Yetərə verir.) Bu duanın qiyməti on manatdır. Bunu axşamdan suya salarsınız, elə ki, suyun içində qarası gedər, ac qarnına verərsiniz, oğlan içsin.
Y e t ə r (əlini cibinə uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinə qızıl-gümüş verim?
M o l l a. Eybi yoxdur, amma gərəkdir qiyməti bir ola.
Y e t ə r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar.
M o l l a. Çox olmaq eyib eyləməz, az olmasın. Çünki az olsa, cinin şəninə toxunar. (Şeyləri alıb cibinə qoyur.) Və hərgah istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabah bir qoyun kəsəsiniz. Ətini bütün və bir cam qanından mənə göndərərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir.
Y e t ə r. Yaxşı, olmazmı ki, qoyunu sizə göndərəm, özünüz kəsəsiniz?
M o l l a. Çox əcəb! O hamısından yaxşı olar.
G ü l p ə r i. O yaxşıdır, çünki mollanın kəsməyində də bir iş var.
M o l l a. Əlbəttə! Mən kəsən hara, çoban kəsən hara! Bəli, dəxi mən öz işimi qurtardım, nə ki dedim, əlbəttə, hamısına əməl edərsiniz və onu da biliniz ki, hər nə olsa, bir həftədən sonra olacaqdır. Bir həftədən qabaq heç şey olmaz.(Ayağa durur.)
G ü l p ə r i. A molla, bircə mənim üçün də dırnağa bax. Yarım aydır beş tümənlik şeyim itibdir, bilmirəm, hansı əliqurumuş götürübdür.
M o l l a (oturur). Dırnağa baxaram, ancaq gərəkdir ki, nəziri qabaqca verəsən; çünki verməsən, heç şey görünməz.
G ü l p ə r i (əlini cibinə uzadır). Yanımda bircə şahı pulum var, al bunu, sabah da yumurta göndərərəm.
M o l l a (fikrə gedir, kitabı açıb oxuyur). Kitaba görə bu gün dırnağa baxmaq olmaz. Allah qoysa, sabah gələrsən, baxapam. (Ayağa durub gedir.) Xudahafiz!
Y e t ə r. Xoş gəldin, allah sənə ömür versin!
M o l l a (gedə-gedə). Qoyun yadınızdan çıxmasın.
Y e t ə r. Arxayın ol!
G ü l p ə r i. Qarnına şiş girsin, a molla! Gördün hələ, mənə dırnağa baxmadı!
Y e t ə r. Həlbət doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar hamısı kitablarda yazılıbdır, özlərindən demirlər ki.
G ü l p ə r i. Doğrudur, a bacı. Gördünmü sən allah, allahın tatı necə yerbəyer hamısını düz dedi!
Y e t ə p. Hər kəsə desən ki, Molla Qasım filan şeyi, filan əhvalatı kitabnan tapdı, deyəcəklər: "İnanmayın". Axı, necə inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi və nədən ötrü baxdırıram, hətta onu da bildi!
(Üzünü xalqa tərəf tutur.) Bunların hamısını evi yıxılmış birbəbir kitaba baxıb dedi!
G ü l p ə r i. İndi görək, bir həftədən sonra nə olacaqdır.
Y e t ə r. İnşaallah, belə bilirəm ki, bir ayadək toyunu eliyək!
G ü l p ə r i. Bunun toyunu gərək yaxşı eləyəsiniz. Ondan ötəri ki, balacaya arvad alanda toy olmadı.
Y e t ə r. Balaca, gözünə döndüyüm, bir gecənin içində qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallah, bunun toyunu yaxşı eliyərik. Sən də gələrsən, a Gülpəri!
G ü l p ə r i. Çox sağ ol, ağrın alım. (Durub getmək istəyir.)
Y e t ə r. A Gülpəri, bir az otur, danışaq!
G ü l p ə r i. Yox, ağrın alım. İndi Qurbanəli evə gələr, çörək istər yeməyə, verən də olmaz. Salamat qal.
Y e t ə r. Xoş gəldin! (Üzünü qibləyə tərəf.) Allah! Özün şahidsən, qızıl-gümüşümü verdim. Özün kömək elə! Mollanın duasını səbəb sal! (üzünü xalqa tərəf.) Qoy görüm, Hacı gələndə bir az genə pul ala bilərəmmi ki, mollaya göndərəm, ta işi yaxşı görsün.

SƏKKİZİNCİ GƏLİŞ

Hacı Abdulla və Yetər.

H a c ı A b d u l l a. Qonağın getdimi?
Y e t ə r (hirsli). Getdi, getdi.
H a c ı Abdulla. Niyə acıqlı-acıqlı danışırsan?
Y e t ə r. Acıqlı danışmayım, nə eləyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kənddə xəcalətdən məclislərə çıxa bilmirəm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır".
H a c ı A b d u l l a. O sözlər boşdur, hamısı məni tanıyır və mənim dövlətimi də bilir. Və oğlumun dəli olmağı da hamıya məlumdur. Kişi özü istəməyəndə mən gücnən almayacağam ki? Sən de görüm, mən nə eləyim?
Y e t ə r. Mən belə bilirəm bu iş dua işidir. Düşmənimiz azdırmı?!
H a c ı A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nə istəyirsən onu elə. İstəyirsən dua yazdır, istəyirsən kitaba baxdır. İşim yoxdur.
Y e t ə r. (pulu alıb cibinə qoyur). Görərsən ki, bu iş dua işi olacaqdır.

DOQQUZUNCU GƏLİŞ

Niyazəli, Hacı Abdulla və Yetər.

N i y a z ə l i (içəri daxil olur). Salaməleyküm!

(Yetər bir tərəfə çəkilib başını örtür.)

H a c ı A b d u l l a. Xoş gəlibsən, əyləş görək!
N i y a z ə l i. Kefin necədir, Yetər nənə?
Y e t ə r (yavaşdan). Sağ ol, əziz olasan.
N i y a z ə l i. Mən, doğrusu, gəlmişəm sizi sevindirim. Bir xeyir iş var.
H a c ı A b d u l l a, Y e t ər . Nə olubdur, xeyir ola?!
N i y a z ə l i. İnşaallah ki, xeyir olar! Üç gün bundan əvvəl sənin oğlun Ömərnən mənim oğlum ova gediblərmiş. Orda arvaddan söz düşüb, Ömər deyib ki: " Hərgah Ağakişinin böyük qızını mənə versələr, alaram".
Y e t ə r (tərəfə). Bəs molla deyirdi, bir həftədən sonra məlum olacaqdır?
H a c ı A b d u l l a. Bu bir çətin iş deyil. Ancaq mənim üçün ayıbdı, belə varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam.
Y e t ə r. Zərər yoxdu, təki o, arvad alsın.
N i y a z ə l i. Deyərlər, a Hacı, "oğul atasına oxşar", bu bilmirəm … heç kimə oxşamır. Mənim oğlum deyir: "Qoçaqlıqda əsla əli yoxdur, xasiyyəti də bir özgə xasiyyətdir".
H a c ı A b d u l l a. Dorğu deyirsən … mənə oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid də deyəndə odur! Qeyrətli, namuslu, düşmənini həmişə biləndi! (Dişqarıda qilü-qal düşür, tüfəng açılır.)

ONUNCU GƏLİŞ

Ömər, Niyazəli, Hacı Abdulla, Yetər.

Ö m ə r (tez özünü içəri salır, o yan-bu yana gəzinib hirsli danışır). Nə var, nə oturubsunuz? Özünüz öz əliniz ilə evinizi yıxdınız. (Atasına.) O qədər dəlini tərif etdiniz ki, indi bəlasını çəkiniz. (Gəzinir.)
H a c ı A b d u l l a, Y e t ə r, N i y a z ə l i. (ayağa dururlar). Nə olubdur ay balam! Nə olubdur?
Ö m ə r. Dəxi nə olacaqdır! Bundan artıqdamı şey istəyirsiniz olsun? Oğlun Vəli poçt yolunda dörd nəfər adamı bir-birinin yanına salıbdır.
H a c ı A b d u l l a. Öldürübdürmü?
Ö m ə r. Bəs neyləyibdir? Məni də az qalmışdı güllələyələr. Pristav elə bilir, gəlib evdə gizlənibdir. Bu saat kazaklar ilə gəlib evin dörd ətrafını kəsdiribdir. (Tüfəng açılır. Hamısı qorxur: Yetər başına, Hacı dizinə vururlar. Niyazəli qaçır.) İndicə pristav gəlib hamınızı tutacaqdır.
H a c ı A b d u l l a. Gördün hələ nə oldu?! Allah, özün rəhm elə! Bircə mən gizlənim, demiyəsiniz mən evdəyəm. (Qaçıb gizlənir, Yetər də onun dalınca. Genə tufəng açılır. Ömər bilmir nə etsin, bu vaxt pristav kazaklar ilə içəri daxil olur.
Burada adam tapmayıb, özgə otağa gedirlər.)

PƏRDƏ