Naməni
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Qəriblikdə qəmxarımsan, əzizim,
Yetirərsən bir də dosta naməni.
İkidilli yardan həzər eylərəm,
Salır dildən-dilə, dastana məni.

Qarşı durdum Leyli dağı göründü,
Boyun tək sürahi, sağı göründü,
Qoynunda şamama tağı göründü,
Bəs niyə qoymursan bostana məni?

Ağzını oxşatdım zənbura, şana,
Naşı bülbül uçub qonar gülşana,
Yar, qəmzənə sinəm tutdum nişana,
Bəs niyə vurmursan, qəsdən, a məni?

Mən Qasımam, uzaq atdım daşımı,
Didəmdən axıtdım qanlı yaşımı,
Dost yolunda mən qoyaram başımı,
Doğru qəbul etsə astana, məni.