(qıfılbənd)
İki yatmış gördüm bir dam içində,
Nəfəsi həm atəş, həm duman verir.
Neçə qoca gördüm onun önündə,
Dəyişib görkəmin çox cavan verir.
Hər elin, obanın olur gərəyi,
İki bəşər ona verir köməyi.
Zəhər olsa bənayəmin yeməyi,
Onlara dərmanı bu loğman verir.
Gah tərpənir, gah dayanıb dururlar,
Əziz qonaq kimi məskan qururlar.
Necə xanələrə zinət vururlar,
Zinətə çeşnini bir insan verir.
Arif olan bu mətləbdən söz qanar,
Ağzından od tökər, kürətək yanar.
Yaşlıya rəhm edər, mərhəmət qılar,
Ölünü dirildib təzə can verir.
Məmmədhüseyn deyər, budur nişanı,
Gizlənməz heç kimdən, gəzməz pünhanı.
Dolanar vüqarla gəzər hər yanı,
Cəmi məxluq o, kəslərə nan verir.