Nazənin
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Qədəm basıb xoş gəlmisən,
Sən bizim elə, Nazənin.
Qubarlanıb miskin könlüm,
Gəlibdi dilə, Nazənin.

Qəddi-qamətinə qurban,
Olmuşam hüsnünə heyran.
Həsrətindən vallah inan,
Düşmüşəm çölə, Nazənin.

Məmmədhüseyn sənə quldu,
Nə oldu ara vuruldu.
Saraldı şux gülüm soldu,
Sən bilə-bilə, Nazənin.