Neylər (Aşıq Abbas Tufarqanlı)
Neylər Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Leyli yarım qəmər hüsnü,
Bu boyu, tələti neylər?
Yar ləbindən şəkər əmən,
Şəkəri, şərbəti neylər?
Siyah zülfü kəmənd olan,
Dahani dolu qənd olan,
Əzəl ilqara bənd olan
Sənədi, sərxətti neylər?
Abbas ağlar-gülər olsa,
Göz yaşını silər olsa,
Bir yar ki, dərd bilər olsa,
Göz, qaş işarəti neylər?