Neynər
Müəllif: Aşıq Alı

Cümlə xilqət bu cahana mübtəla,
Cahanı sevməyən cananı neynər?!
Eşqdən bixəbər naşı, nadandı,
Əhli-ruh aləmdə nadanı neynər?

Hurirüxsar, hilalqaşlı, siyahtel,
Boyu mina, əndam büllur, incəbel.
Diyarım zibasın əsil mələk bil,
Bizim mahcamallar ədanı neynər?!

Səslə hüzuruma aqil kəsləri,
Hikməti dərk edən pürhəvəsləri.
Qovla məclisimdən kənar kəsləri,
Alı mərəkədə gədanı neynər?!