Neynim (Aşıq Seyid İbrahim)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Neynim Müəllif: Aşıq Seyid İbrahim |
Mənbə: Şəhla Musayeva. "Köhnə ustadla yeni tanışlıq" (PDF) (az.). archive.org. 2020. İstifadə tarixi: 2020-04-19. |
Qəribəm, qürbətdə qanlar ağlaram,
Könlüm çox istəyir elimi, neynim.
Anadan, baladan çox intizaram,
Açıram əlimi, çatmayır, neynim.
Dansıda bilmirəm arzu-xəyalı,
Açıbdı başıma çox qeylü-qalı.
Necə dəyişməsin canımın halı,
Bağlayıb qoyubdu qolumu, neynim.
Yaralandım, qoşa çəkdim dərd-qəmi,
Tanrım tərsə yazdı, yazan qələmi.
İniltim, ah-zarım tutub aləmi,
Dərmanlar yandırır dilimi, neynim.
Məcnundan betərəm, çöllərdə qaldım.
Sevinc uzaq düşdü, kədər, qəm aldım.
Durduğum yerimdə boşaldım, doldum,
Pəsə kökləmişəm zilimi, neynim.
Seyid İbrahiməm, halımdı yaman,
Çalıb-çağırırdım eldə bir zaman.
Amansız xəstəlik verməyir aman,
Yanıldıb ayımı, ilimi, neynim.