Nişanədi
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Hüsnün tamaşadı, ay mina gərdən,
Camalın şövqünə ay nişanədi.
Aşıqsız, çalğısız, meysiz, məzəsiz,
Sən olan məclisə toy nişanədi.
 
Mətləbim şirindi dillərin kimi,
Təbim çox nazikdi əllərin kimi.
Könlüm pərişandı tellərin kimi,
Qaşların tağına yay nişanədi.

Bayraməli dərdi pünhanda çəkər,
Hökmünlə qapında işlərəm nökər.
İnsafın, mürvətin yoxdumu məgər?
Gözlərim yaşına çay nişanədi!