Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə

Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə
Müəllif: Məhəmməd Füzuli


Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,
Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.

Olub heyran götürmən xəttü xalından nəzər guya,
Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.

Xəm etdin qamətim, gər tərki-sər qıldımsa məzurəm,
Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.

Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlüv,
Hübab altındadır ol nüktə kim, qorlar zülal üzrə.

Yazar göz pərdəsinə əşk şərhi-hal bilməz kim,
Oxunmaz qan ilə yazılsa xət övraqi-al üzrə

Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim,
Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə.

Füzulinin təriqi-nəzmə təbin müstəqim etmiş,
Xəyali-qamətin kim, bir əlifdir etidal üzrə.