Rəvayətlər. Niqablı adam
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir arvadın əkiz uşaqları varmış. Bir gün uşaqların ikisini də tövlədəki dirəyin dibində çimizdirir, sonra bunları qurulayıb yatızdırır, gedir mal-qaraya baxsın. Neçə saat keçir, arvad baxır ki, uşaxları oyanmadı. Gəlir ki, bunları durğuzsun, görür uşaqları ölüb. Haray-qışqırıq salır, ancaq nə faydası.

Uşaqları basıdırırlar, qırxların da savırırlar. Ancaq arvad bir dəqiqə də ağlamağa ara vermir. Deyir ki, ay Allah, axı uşaqlarımın heç biri xəstə deyildi. Bircə biləydim ki, bunlar nə dərddən öldülər. Bir gün arvad yatıb yuxuda görür ki, qabağında üzü niqablı bir adam durub. Döşənir bunun ayaqlarına ki, sənə qurban olum, de görüm, mənim balalarım nə dərddən öldülər?

Niqablı adam deyir ki, sən uşaqları çimizdirməmişdən bir az qabaq həmin dirəyin altında bir cin doğmuşdu. Sən tası qoydun cinin balasının üstünə, onu öldürdün, cin də hirslənib sənin balalarını öldürdü. Gərək dirək dibində uşaq çimizdirməyəydin.

Arvad hövlnak yuxudan ayılır. Bilir ki, niqablı adam qurban olduqlarımızdan biriymiş, bunun yuxusuna girib ki, uşaqların nə dərddən öldüyünü buna desin.

Mənbə

redaktə