Niyə döndü (Ağdabanlı şair Qurban)

Niyə döndü
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.55

 
Bir dön bəri, ərzimi al,
Üzün məndən niyə döndü?
Yoxsa yatıb gur taleyim,
Üzün məndən niyə döndü?

Gül üzünə mail oldum,
Dərdindən saralıb-soldum.
Qara bulud kimi doldum,
Üzün məndən niyə döndü?

Qəmzən ox, qaşın kamandı,
Ölürəm ay yar, amandı.
Bu canım sənə qurbandı,
Üzün məndən niyə döndü?

Dərdimi dedim loğmana,
Dedi: - danışma əfsana.
Ağlayaram bir zamana,
Üzün məndən niyə döndü?

Əzəldən baxtım qaradı,
Ümidim gələn haradı?!
Yazıq Qurban füqaradı,
Üzün məndən niyə döndü?