Niyə olub
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Sərvəti olana gen olan dünya,
Görəsən kasıba dar niyə olub?
Belə sahibsizmi zaman, Xudaya!
Tərlan olan yerdə sar niyə olub?

Oğrular, əyrilər çapdı, taladı,
Bu eli, obanı oda qaladı.
Pristavdı, nədi necə tuladı,
Beləsinə Allah yar niyə olub?

Oğrular at çapır kəndin içində,
İşi yox kotanda, əkin, biçində.
Beş-on ev aparır bir gün içində,
Dövran ədalətsiz var niyə olub?

Kim-kimə istəsə süyüyür xəncər,
Aralıq qatılar, məğşuşluq düşər.
İtər hədər yerə on-onbeş nəfər,
Əməl olunmursa ar niyə olub?

Şəriət yox, din-iman yox, insaf yox,
Fırıldaqçı qazılar çox, molla çox.
Kimi ac-yalavac, kimi şişkin tox,
El çılpaqdı, çovğun, qar niyə olub?

Biri ata minir, bəy, xanam deyir,
Biri qolu zorlu, gücsüzü döyür.
Alır ruzisini min söyüş söyür,
Xalq hər sərsəridən zar niyə olub?

Məmmədhüseynə dövran acı, gün acı,
Haqqın, ədalətin olduq möhtacı.
Min iş tutur Məşədi, o mömin Hacı,
Din-ərkan dillərdə car niyə olub?