Nola, bir əl yetə ol zülfi-mütərra əlinə
Nola, bir əl yetə ol zülfi-mütərra əlinə Müəllif: Məhəmməd Əmin Dilsuz |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Nola, bir əl yetə ol zülfi-mütərra əlinə,
Bəlkə, sərriştə düşə aşiqi-rüsva əlinə.
Qeys tək kuhü biyabanidə sərgərdanəm,
Yoxdu bir mərd, əlimi ta verə Leyla əlinə.
Çox səadətdir, əzizim, ola bir fəsli-bahar,
Yetişə daməni-gül bülbüli-şeyda əlinə.
Dinü imanım əlimdən gedib, ol Sənan tək,
Düşmüşəm şəhri-müsəlmanidə tərsa əlinə.
Bişəkü şübhə olar hər iki dünyada əziz,
Verə gər Yusifi hər kimsə Züleyxa əlinə.
Əl-ayağım titrər, görcək o şuxun gül üzün,
Necə xummar alar sağəri-səhba əlinə.
Verməz əlbəttə könül, arif olan, aləm ara,
Hər pəriçöhrə və hər şuxi-dilara əlinə.
Niyə yüz min dili-divanəni zəncirə vurub,
Tapşırıb tar o iki zülfi-çəlipa əlinə?
Künci-meyxanəni məskən elə hər şamü səher,
Vermə, Dilsuz, yaxanı zahidü molla əlinə.