Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.136. |
Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır,
Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır.
Müjən gər səngdillər könlünü alsa əcəb olmaz,
Onun tək abnus ox layiqi-fulad peykandır.
Pərivəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın,
Sənin əksin alan fulad güzgulər firavandır.
Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər,
Pərilər ta’ətiçün xatəmi-mülki-Süleymandır.
Atın yolunda xublar sürsələr üz nola əmrinlə,
Mələk xeyli sücudi-Adəm etmək nəssi-Qur’andır.
Qatı könlünə bağrı daşların düşmüş qəmi-eşqin,
Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır.
Gəzər kuyində hər yan çox giribançak gülrüxlər,
Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.