Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı

Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı
Müəllif: Hacı Rza Sərraf
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,
Deyib danışmağa cananilən fərağət olaydı.

Bərabərimdə nigarım yanaydı şəm kimi,
Mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı.

Gəhi duraydı qabağımda sərv qamətilən,
Gözüm görə-göra bn nəşədə qiyamət olaydı.

Deyib, gülüb, oturaydıq kəmali işrətilən,
Bəsani-ayinə, dil xali əz küdurət olaydı.

O qədr söhbət edəydik olaydı nisfülleyl,
Yataydı yar dizim üstə, başı rahət olaydı.

Kənarə can tək alaydıra o tifli-məsumu,
Bu şərtilən aramızda hicabi-ismət olaydı.

Təhəmmül etməyə bari-girani-möhnətə, kaş,
Özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı,

Günüzlü yaridə ya olmayaydı işvəvü naz,
Bu nazı çəkməyə ya inki, məndə halət olaydı.

Şərari-şəmilə gördüm yanaldı pərvanə,
Dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı.

Yetibdi təngə dəxi təngnayi-aləmdən,
Əcəl gələydi, bu Sərraf öləydi, rahət olaydı.