Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət

Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 83. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hurriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: "Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?

Nəmidani ki, in dilbər bu gün məxsusi Iranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?"

Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət.

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..