Nolur
Müəllif: Zinhari


Nazlı dilbər, yerə baxma,
Bir şad olub qalsan nolur,
Dərdli canı oda yaxma,
Sözə qulaq assan nolur?

Ayrıldım səbrü qərardan,
Getdim tamam ixtiyardan,
Ümidim var qoşa nardan,
Sinən bəndin bölsən nolur?

Dişlərin əcəb dürdanə,
Odlar saldın şirin cana,
Bənzədim sanki Məcnuna,
Sən də Leyli olsan nolur?

Könlümdə var yüz xəyalım,
Yolundadır başım, malım,
Gecə-gündüz xarab halım,
Bir söz xəbər alsan nolur?

Rəhm eylə sən mən gədaya,
Gül ömrümü vermə zaya,
Dönüb şahinə, humaya
Bir qoluma qonsan nolur?

Aşiqlərin odu məndə,
Arzuların dadı səndə,
Olam gül üzünə bəndə,
Bircə dəfə gülsən nolur?

Zinhari der, çəkdim zarı,
Görməyə möhtac dildarı,
Mən istəməm özgə yarı,
İxlasımı bilsən nolur?