Novruzi-bahar oldu, cahan tazətər oldu

Novruzi-bahar oldu, cahan tazətər oldu
Müəllif: Molla Vəli Vidadi


Novruzi-bahar oldu, cahan tazətər oldu,
Rəf oldu ələmlər,

Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu,
Yandı oda qəmlər.

Qırx yeddi rəqəm sındı zimistan qələmindən,
Fürsət gülə düşdü.

Meydani-tərəbdə bu nə türfə hünər oldu,
Sərf oldu kərəmlər.

Göydən yerə yağdı nə gözəl şəbnəmi-rəhmət,
Bitdi gülü lalə.

Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu,
Açıldı irəmlər.

Yüz həmdü səna mayili-seyri-çəmən oldu,
Şad oldu könüllər.

Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu.
Xoş gəldi bu dəmlər.

Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm
Sultani-zəmanə?

Bu eydi-mübarəkdə ki, dünya xəbər oldu,
Saçıldı dirəmlər.