Nuşapəri xanımın nağılı

Nağıllar. Nuşapəri xanımın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə Qəndəharda bir padşahın gözünün ağı-qarası, Nuşapəri adlı bir qızı varıdı. Nuşapərinin atası çox əzazil və zalım idi. Camaata qan ağladardı; başqa padşahlar bunun əlindən dad çəkərdi. Bu padşahın bir darğası varıdı, darğa da padşahdan geri qalmazdı. Darğa padşahın dediyini üç dəfə artıq camaatın kürəyindən çıxarardı. Darğanın əlindən adamlar başladılar şəhərdən qaçmağa. Kəndlilərin handa bir yaxşı qızını darğa görsəydi, onu ya Qəndəhar padşahı üçün, ya da özü üçün zornan gətirirdi.

Xəbəri sənə kimdən verim? Qəndəhar padşahının qızı Nuşapəri xanımdan. Nuşapəri xanım baxıb gördü ki, atasının bu vilayətdə zülmü günü-gündən artır. Az qalıb ki, camaat şəhəri qoyub qaçsın. Nuşapəri xanım özünü vurdu naxoşluğa. Xəbər getdi padşaha ki, bəs qızın naxoşlayıb. Qəndəhar padşahı bu xəbəri eşidən kimi ayağa durub, gəldi Nuşapəri xanımın yanına. Gördü ki, qızı yorğan-döşəkdədi. Qızından xəbər aldı:

– Qızım, naxoşluğun nədi?

Nuşapəri xanım baxıb gördü, atasıdı. Səsini, sifətini dəyişdirib, başladı zarıldamağa. Atası baxdı ki, qızı buna cavab vermədi, gedib oturdu yanında; başladı əliynən onun başını tumarlamağa. Sonra qızına dedi: – Ey əziz olan qızım, naxoşluğun nədi?

Qız zarıldaya-zarıldaya dedi:

– Ata, neçə gecədi ki, məni yuxuda bərk sıxıb incidirlər. Hamı yuxuma girib, səndən şikayət eləyir. Deyirlər atan bizi çox incidir. Mehriban ata, mənim naxoşluğum həmin yuxudan olub. Bu dərd məni saraldıb soldurubdu. Qorxumdan da sənə sirrimi aça bilmirəm.

Nuşapəri xanım sözünü tamam eləməmiş atası ayağa durub, qızının ağzına bir şillə vurdu. Nuşapəri xanımın ağzı doldu qannan. Şah hirsindən durub, getdi öz hərəmxanasına.

Nuşapəri xanım yerindən durdu, əlini, üzünü yuyub oturdu öz təxtində, başladı fikir eləməyə. Bu oturmağnan Nuşapəri xanım günü axşam elədi; axşam durub, bütün qaravaşlarını başına yığıb, əmr elədi ki, bunun yataq otağında heç kəs dayanmasın. Hamı qul-qaravaşlar, hərəsi bir tərəfə dağıldılar. Nuşapəri xanım ayağa durub bir dəst pəhləvan paltarı götürdü, ayaqdan geyinib başdan qıfıllandı, başdan geyinib ayaqdan qıfıllandı. Qılıncını belinə bağladı, qalxanını əlinə götürdü, yavaş-yavaş üz qoydu getməyə. Nuşapəri xanım şəhəri qapı-qapı gəzirdi. O, gecəni sübhə kimi gəzdi, bir şey tapmadı. Səhər namazında özünü evinə yetirdi, paltarını soyundu, girdi yorğan-döşəyə. Axşam olan kimi yerindən durdu, genə ayaqdan geyinib başdan qıfıllandı, başdan geyinib ayaqdan qıfıllandı. Qılıncını belinə bağladı, qalxanını əlinə götürdü, evdən çıxdı, üz qoydu yol getməyə. Nuşapəri gəzmədiyi yerləri başladı qarış-qarış gəzməyə. Yenə də bir şey tapa bilmədi. Amma gördü ki, şəhərin qırağında bir daxma var, o daxmadan işıq gəlir. Nuşapəri xanım öz-özünə dedi:

– Ey dad, atamın bu boyda şəhərində neçə min ev var, evlərin heç birindən işıq gəlmir, amma daxmadan işıq gəlir. Yəqin burda bir sirr var.

Nuşapəri xanımın ürəyinə şəkk damdı. İşığı tutub ona tərəf üz qoydu getməyə. Gedib çatdı həmən işıq gələn yerə. Nuşapəri xanım baxıb gördü, bura bir balaca daxmadı, amma həyətində bir ağac var. Nuşapəri xanım qapını döydü. Bu dəmdə Nuşapəri xanımın üzünə qapı açıldı. Bir qoca qarı Nuşapəri xanımın qabağına çıxıb dedi:

– Nə istəyirsən?

Nuşapəri xanım qoca qarıya dedi:

– Allah qonağı istərsənmi?

Qarı cavab verdi:

– Tanrıya da qurban olum, qonağına da.

Nuşapəri xanım içəri girdi, gördü ki, bura bir balaca daxmadı, amma sol tərəfdə bir qapı, sağ tərəfdə də bir mətbəx var. Nuşapəri xanım evə göz gəzdirib gördü ki, divardan bir qılınc asılıb.

Qarı Nuşapəri xanımı evə buraxmış və çıxıb getmişdi. Haçannanhaçana qayıdıb gəldi. Nuşapəri xanımın altına döşək saldı, su gətirdi, onun əl-ayağını yudu. Nuşapəri xanımı oturtdu evin başında. Aradan bir az keçdi, qarı ayağa durdu, Nuşapəri xanımın qabağına süfrə saldı, çay gətirdi. Çaydan sonra xörək gəldi. Qarıynan Nuşapəri xanım çörəyi yeyib qurtardılar. Yatmaq vaxtı gəlmişdi, qarı ayağa durub, Nuşapəri xanıma yer saldı. Nuşapəri xanım baxıb gördü ki, qarı yatmır. Nuşapəri xanım soyunmadı, paltarlı girdi yorğan-döşəyə, özünü yuxululuğa vurdu. Gördü qarı durdu ayağa, divardan qılıncı götürdü, üç dəfə qılıncı onun üstünə çəkdi. Nuşapəri xanım belə halı görəndə yerindən tərpənmədi, başa düşdü ki, burda bir sirr var. Qarı qılıncını yenə divardan asdı, sol tərəfdəki qapını açdı, o biri evə girdi. Aradan bir az keçdi, qarı iki küçük gətirdi evin ortasına. Küçükləri zəncirdən açdı, bunların altına yumşaq bir şey saldı. Bu küçüklər başladılar bir-biriynən oynamağa. O qədər oynadılar ki, axırda yoruldular, hərəsi bir tərəfə yıxılıb yatdılar. Qarı ayağa durdu, bunların altına bir dəst ipək yorğan-döşək saldı, küçükləri yorğan-döşəkdə yatırtdı, özü də oturdu bunların başının üstündə, başladı ağlamağa. Qarı o qədər ağladı ki, özündən gedib yıxıldı yerə. Haçannan- haçana özünə gəldi, oturdu bunların başının üstündə, əlinə yelpik alıb bu küçükləri yelləməkdə olsun, eşit Nuşapəri xanımdan. Nuşapəri xanım səbir eləyə bilmədi, yorğan-döşəkdən durdu, qarını paçalayıb qoydu dizinin altına. Çıxıb oturdu qarının sinəsinin üstündə. Qılıncını sivirib dedi:

– Ey qarı, gəl sən məni bu sirdən agah elə. Əgər məni agah eləməsən, and olsun Allaha, səni parça-parça eləyəcəyəm. Qarı dedi:

– Yox, demərəm.

Bunların hər ikisi başladılar sözləşməyə. Qarı baxıb gördü bu oğlan onu öldürəcək, başladı ağlamağa, dedi:

– Burax, deyim.

Nuşapəri dedi:

– And iç, sonra buraxım.

Qarı anasının südünə and içəndən sonra Nuşapəri xanım onu buraxdı, qarı ayağa durub oturdu bir tərəfdə, dedi:

– Ey pəhləvan, eşit, agah ol, bu iki küçüyü görürsən, bunlar insandı, bunları bir qarı tilsimə salıb.

Nuşapəri xanım dedi:

– Ey qarı, danış görək, necə olub qarı bunları tilsimə salıb?

Qarı gəlib oturdu Nuşapəri xanımın yanında, sağ əlini onun dizinə qoyub dedi:

– Günlərin bir günündə mənim ərim torunu götürüb dərya qırağına getdi ki, axşama kimi bir az balıqdan-zaddan tutub gətirsin. Axşam gördüm ərim boş gəlir. Xəbər aldım ondan:

– Kişi niyə belə?

Ərim dedi:

– Arvad, səhərdən neçə kərəmdi tor atıram dəryaya, toruma heç bir şey düşmür. Sabah da gedəcəyəm, Allah kərimdi, bəlkə balıqdanzaddan tutdum.

Səhər oldu. Ərim torunu götürdü, dərya qırağına getdi. Gün batana bir boy qalmışdı, gördüm ki, ərim dalında bir sandıq hıqqana-hıqqana gəlir. Mən tez ərimin qabağına çıxdım, dedim:

– A kişi, bu sandıq nədi?

Ərim dedi:

– Hələ bir kömək elə, sonra danışaram.

Mən sandığı ərimin dalından alıb yerə qoydum, ürəyim səbr eləmədi, yenə ərimdən xəbər aldım, a kişi, mən çatdadım, de görüm, bu sandıqdakılar nədi? Ərim dedi:

– Arvad, bilmirəm bu sandıqdakılar nədi? Mən səhər dəryaya getdim, üç dəfə tor atdım, toruma heç bir şey düşmədi. Amma gördüm ki, ləpə qabağına bir sandıq alıb, belədən-belə atır, belədən-belə. Mən tez dəryaya atılıb özümü yetirdim sandığa. Sandığı götürüb qoydum qırağa. Mən baxıb gördüm ərim çox uzun getdi, tez ayağa durub sandığın ağzını açdım, gördüm sandığın içində bir oğlan uşağı, bir də qız uşağı var. Mən bunları görən kimi, ərimə dedim:

– Ay kişi, nə yaxşı oldu, neçə ildi ki, biz Allahdan övlad istəyirdik, indi şükür olsun ki, arzumuza çatdıq.

Ərim dedi:

– Arvad, yubanma, bu uşaqları götür ayılt.

Mən tez uşaqları sandıqdan götürüb, dava-dərmən eləyib ayıltdım. Qayıtdım ki, sandığı götürüm, qoyum bu yana. Gördüm sandığın içində bir torba var. Tez torbanı götürüb açdıq, gördük içində bir xeylək qızıl var, qızılların içində də bir parça kağız var. Ərim tez kağızı götürüb oxutdurmağa apardı. Haçannan-haçana evə gəlib dedi:

– Arvad, bunlar əmi qızı, əmi oğludu. Ey pəhləvan, eşit və agah ol! Mən başladım bu iki yetimi böyütməyə, hər ikisini aparıb qoydum oxumağa. Nağıllarda vaxt tez başa gələr. Bu iki uşaq gəlib çatdılar on beş yaşa. Günlərin bir günü uşaqlar gəldilər yanıma. Mənə dedilər:

– Nənə, biz gedirik gəzməyə, bizə izn ver.

Mən dedim:

– Ay balalarım, gəlin gəzməyə getməyin.

Bunlar dedilər, yox ki, yox. Mən çox dedim, bunlar az eşitdilər. Axırda gördüm ki, uşaqlar məndən əl çəkmir. Mən də razılıq verdim, bunlar getdilər. Axşam oldu, ərim evə gəldi. Məndən xəbər aldı, bəs uşaqlar hanı?

Mən dedim:

– Ay kişi, uşaqlar günortaüstü mənə dedilər, biz gedirik gəzməyə, mən də razı oldum, amma bu vaxta kimi gəlib çıxmayıblar.

Kişi bu sözü eşidən kimi bir başına, bir döşünə vurdu, ayaqyalın, başıaçıq düşdü bunların dalısıncan. Şəhəri ələk-vələk elədi, tapa bilmədi, gəlib oturdu evdə. Ər-arvad bu minval bir ay gözlədik. Ay tamam oldu, gördük uşaqlardan bir xəbər yoxdu. Ərimin də ağlamaqdan gözləri kor olub, oturdu evin bir küncündə. Eşit, ey pəhləvan, bu sirdən agah ol! Günlərin bir günü, oturmuşdum həyətdə, düyü arıtlayırdım, gördüm, iki göyərçin2 gəlib qondu ağacın bir budağına. Böyük göyərçin dilə gəlib kiçik göyərçinə dedi:

– Bacılı, bacılı.

Böyük göyərçin dedi:

– Can bacılı.

Böyük göyərçin dedi:

– Bu qarını tanıyırsan?

Kiçik göyərçin dedi:

– Yox, bacılı, tanımıram.

Böyük göyərçin dedi:

– Bu qarının başına gələni Allah heç kafirə qismət eləməsin.

Kiçik göyərçin dedi:

– Bacılı-bacılı, danış görək bu qarının başına nə gəlib?

Böyük göyərçin bir budaq aşağı düşüb başladı sözə. Mən gördüm göyərçinlər dil açıb başladılar danışmağa, özümü qoydum bilməməzliyə. Durdum bunlara qulaq asmağa. Gördüm böyük göyərçin bacısının yanında oturub başladı nağıl eləməyə:

– Ey bacılı, günlərin bir günündə bu qarının əri iki yetim tapmışdı. Bu yetimlər əmi qızı, əmi oğlu idilər. Vaxt başa çatdı, bunlar yaşa doldular. Bir gün nənələrindən izn alıb getdilər gəzməyə. Güzarları düşdü padşa- hın bağına. Hər ikisi qol-boyun olub bir ağacın dibində yatdılar. Eşit padşahın şəhər darğasından. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. İstədi ki, gəlib çarhovuzda əl-üzünü yusun, gözü sataşdı bu qıznan oğlana. Tez özünü yetirdi ağacın dibinə. Gördü burda bir oğlannan qız yatıb, qız oğlandan gözəl, oğlan da qızdan gözəl. Tez bunları burda qoyub özünü yetirdi padşaha, xəbər elədi ki, sənin bağında bir qıznan bir oğlan yatıb, qız oğlandan gözəl, oğlan da qızdan gözəldi. Padşah bu xəbəri eşidən kimi, darğanın əlindən yapışıb bir baş gəldi həmin ağacın dibinə. Padşah gəlib gördü bir oğlan yatıb ki, dünyaya dəyər. Gözü sataşdı qıza, bir könüldən min könülə qıza aşiq oldu, əmr elədi oğlanı aparın dustaqxanaya, qızı da hərəmxanaya. Padşah əmri idi. Qıznan oğlanı bir-birindən ayırıb oğlanı dustaqxanaya, qızı da hərəmxanaya apardılar. Padşah gecəni səhərə kimi qıza zor-güc elədi onu özünə tabe eləsin, amma qız buna əl vermədi. Padşah lap dəli-divanə olmuşdu. Vəzir, vəkil gördü qız bu evə gələni padşah bunları tamam gözdən salıb, istədilər qızı öldürsünlər. Amma padşah bu işdən xəbərdar oldu, şəhərin qırağında bir qalaça tikdirdi, qızı gətirib saldı qalaçaya, qapısına da qarovulçu qoydu. Şəhərdə nə ki falçı, tilsimkar vardı, yolladı bu qızın yanına ki, onu başdan çıxarıb, özünə arvad eləsin. Amma qız əl vermədi. Axırda padşah naəlac qaldı. Hər gecə qızın yanına gedər, üzünü torpağa sürtərdi ki, qız bunnan söhbət eləsin, amma qız onu görəndə qaçıb gizlənərdi, ona fikir verməzdi. Bir müddət belə gəlib keçdi. Günlərin bir günü bir qarı bu işdən xəbərdar oldu, gəldi qalaçanın yanına, gördü ki, qız burda təkdi, istədi qızın yanına getsin, qarovulçular buraxmadı. Qız baxıb gördü ki, bunun yanına bir qarı gəlir, amma qarovulçular buraxmır. Tez qarovulçulara dedi:

– Qarını buraxın yanıma.

Qarovulçular qarını buraxdılar. Qarı özünü tez qıza yetirib, oturdu yanında, dedi:

– Qızım, bir qaşıq su ver içim, ürəyim yanır.

Qız buna su verdi. Qarı suyu alıb içəndən sonra bir ah çəkib dedi:

– Ey qız, indi ki sən padşaha getmək istəmirsən, niyə özünü burda çürüdürsən. Sənin əmin oğlu dustaqxanadadı, burdan bir lağım atdır dustaqxanaya. Əmin oğlunu hər gecə gətir sal yanına. Padşahın bundan nə xəbəri olar?

Qız gördü qarı ağıllı söz danışır. Qız dedi:

– Qarı nənə, lağımçı tap.

Qarı bu sözü eşidən kimi dedi:

– Mənim bu bir tay gözüm üstə.

Tez durub gəldi, özün yetirdi şəhərə, bir lağımatan tapıb, gətirdi qızın yanına. Qız lağımatana dedi:

– Ey lağımçı, bu qalaçadan padşahın dustaqxanasına lağımı neçə günə açarsan?

Lağımçı dedi:

– Bir gecəyə.

Qız razı oldu. Lağımçı başladı qalaçadan dustaqxanaya lağım atmağa. O, həmin gecə lağımı qurtardı. Qız öz əmisi oğlunu götürüb gətirdi yanına. Bunlar hər gecə bir-biriynən görüşüb, kef çəkməkdə olsunlar. Qarı gəldi padşahın yanına, nə illah elədi onu padşahın yanına buraxmadılar. Axırda qarı bir tilsim oxudu, oldu bir ilan, tez qapının deşiyindən özünü yetirdi padşaha. Cildindən çıxdı, padşahı yuxudan ayıldıb dedi:

– Ey padşah, filan qarıyam, gəlmişəm yanına. Neçə ildi məni yollayırsan qızın yanına. Mən qızı yola gətirə bilmirəm, amma sənə bir məsləhət görürəm, dur get tikdirdiyin qalaçaya, gör həmin qız nə busatdadı. Qarı padşaha bir çubuq vurub dedi:

– Əgər qız sənə əl verdi, heç, əl vermədi, bu çubuqnan o qızı vurub elərsən küçük. Bir ay ki qaldı, qız gəlib düşəcək sənin ayağına, başlayacaq yalvarmağa. Onda sən o küçüyü eləyərsən adam. Elə ki elədin adam, qıza təklif eləyərsən, qız özü razılıq verəcək, onda qızı alarsan. Qarı padşahı yoldan çıxartdı.

– Ey pəhləvan, eşit və agah ol! Bu söhbətin içində böyük göyərçin kiçik göyərçinə dedi:

– Bacılı-bacılı.

Kiçik göyərçin dedi:

– Can bacılı.

Böyük göyərçin dedi:

– Bacılı-bacılı, söhbətimiz qalsın, yarısını sabah elərik.

Bir vədə gördüm ki, göyərçinlərin hər ikisi qanad-qanada verib getdilər. Mən o günü səhərə kimi ağacın dibində yatdım. Səhər durub gördüm ki, həmin göyərçinlər yenə gəlib, qondular həmin budağa. Kiçik göyərçin dedi:

– Bacılı-bacılı, söhbətimiz yarımçıq qaldı. Danış görək, əmi qızıynan əmi oğlunun axırı necə oldu?

Böyük göyərçin sözə başlayıb dedi:

– Əgər qarı yatıbsa, ayılsın, ayıqsa eşitsin. Padşah qarını yola salandan sonra, gecədən bir şər keçirdi, özünü yetirdi həmin qalaçaya. Qapını açıb içəri girdi. Pilləkənləri yuxarı çıxıb qızın yataq otağına girdi. Padşah gördü qıznan oğlan qol-boyun olub yatıblar. Tez çubuğu vurub bunları elədi küçük. Aşağı düşdü, qalaçanın qapısına bir iri qıfıl vurdu, bir də qarovulçu qoydu.

Sonra kiçik göyərçin böyük göyərçinə dedi:

– Bacılı-bacılı, bəs qarı gedib, o küçükləri tapıb gətirə bilərmi?

Böyük göyərçin dedi:

– Nə üçün tapa bilməz? Elə ki gecədən bir şər keçdi, bir az bihuşdarı götürsün, getsin həmin qalaçaya. Görəcək qalaçanın qapısında bir qarovulçu oturub. Qarovulçu mürgüləməyə başlayanda bihuşdarını burnuna verib, onu bihuş eləsin, sonra küçükləri götürüb gəlsin evinə.

Kiçik göyərçin dedi:

– Bacılı-bacılı, bəs qarı necə eləsin ki, bu küçükləri insan cildinə salsın.

Böyük göyərçin dedi:

– Gərək həmin qarını tapsın, başını kəssin, ya qanından bunlara verib sağaltsın, ya da tilsimli çubuğu tapsın, hərəsinə bir dəfə vursun. Əgər belə eləsə, bunlar tilsimdən çıxarlar, yox, olmasa tilsimdən çıxmayacaqlar.

Söhbətlərini qurtaran kimi, göyərçinlər uçub getdilər. Mən də ayağa durub bir az bihuşdarı götürdüm, gecədən bir şər keçirdim, qalaçaya tərəf getməyə başladım. Gedib çatdım, gördüm qarovulçu yatıb. Tez bihuşdarını burnuna verib, qarovulçunu bihuş elədim. Qalanın qapısını sındırıb içəri girdim. Elə ki, qapını açdım, küçüklər məni görən kimi, ikisi də atıldı üstümə. Bunları qucağıma alıb, götürüb gəldim evə. İndi hər cümə axşamı bu küçükləri bir-birinin yanına buraxıram. Bunlar da bir-biriynən başlayırlar oynamağa, ta o vaxta kimi ki, yorulub ikisi də yatır. Mən də bunların başının üstündə oturub ağlayıram. Nuşapəri xanım çox məyus oldu, gecəni qarının yanında qaldı, səhər tezdən durub gəldi öz imarətinə. Otağının qapısını açıb içəri girdi, oturdu evdə. Axşam ki, oldu, Nuşapəri xanım bir dəst nimdaş arvad paltarı geydi çıxdı şəhərə gəzməyə; bazarnan gedirdi, gördü şəhərin darğası gəlir. Nuşapəri xanım darğanı görən kimi, başladı ona göz-qaş eləməyə. Darğa gördü bir qız buna göz-qaş eləyir. Yan alıb Nuşapərini götürüb apardı evinə. Darğa elə ki öz evinə çatdı, içəri girən kimi, tez öz arvadının qolundan tutdu, döyə-döyə aparıb saldı təndirə. Təndirin ağzını da örtdü. Darğa gəlib oturdu Nuşapərinin yanında. Nuşapəri gördü qapı döyüldü. Bir kəndli qız əlində bir sini aş içəri girdi. Qoydu darğanın qabağına. Darğa aşı qurtarandan sonra başladı kəndli qızıynan kefə.

Keflərini qurtarandan sonra, darğa kəndli qızının ağzına bir şillə vurub, saldı yola. Bu getməkdə olsun. Darğa durub gəldi Nuşapəri xanımın yanına. İstədi Nuşapəri xanımnan da eyş-işrətə məşğul olsun. Amma Nuşapəri xanım əl atdı darğanın belindən qılıncını çəkib, öz qılıncıynan boynun vurdu, gəldi təndirə sarı. Təndirin ağzını açdı, darğanın arvadını götürüb evinə apardı. Bunlar burada qalmaqda olsunlar, xəbəri sənə kimdən verim, padşahdan.

Səhər padşaha xəbər gəldi ki, darğanı öldürüblər. Bu xəbəri padşah eşidən kimi qırmızı geyinib çıxdı taxtda. Vəziri çağırtdırıb dedi:

– Vəzir, sənə üç gün möhlət verirəm, gərək darğanı öldürəni tapasan. Əgər tapmasan, boynunu vurduracağam.

Vəzir padşahın yanından çıxıb birbaş gəldi evə, başladı ağlamağa. Vəzir ağlamaqda olsun. Xəbəri sənə kimdən verim, vəzirin qızından. Vəzirin bir qızı varıdı. Bu qız hər bir tilsimdən, hər bir elmdən xəbərdardı. Vəzirin qızı gördü ki, atası oturub öz otağında ağlayır. Durub yanına gəldi, dedi:

– Ata, nə var, niyə ağlayırsan?

Vəzir dedi:

– Qızım, sən öz işində ol, mənim dərdimə əlac eləyə bilməzsən.

Vəzirin qızı dedi:

– Ata, gəl sən sirrini mənə de, bəlkə mən bu sirrə türkəçarə tapdım.

Vəzir dedi:

– İndi ki belədi, qulaq as. Padşahın bir darğası vardı, bu darğanı öldürüblər. Padşah mənə üç gün möhlət verib ki, gərək darğanı öldürəni tapam. Heç bilmirəm hardan tapım, nə eləyim?

Vəzirin qızı dedi:

– Ata, o mənim əlimdə.

Vəzir dedi:

– Qızım, necə yəni sənin əlində?

Vəzirin qızı dedi:

– Ata, sən get, mənə bir dəst rəmmal paltarı tap. Mən bu paltarı geyim, gedim səniynən dayanım padşahın qapısının qabağında. Sən gedib padşaha deyərsən ki, bir rəmmal tapmışam, o, darğanı öldürəni tapar.

Vəzirin qızı atasını yolladı bazara. Vəzir gedib qızına bir dəst rəmmal paltarı aldı. Rəmmal paltarını gətirib verdi qızına. Vəzirin qızı rəmmal paltarını geydi, düşdü rəmçi şəklinə. Atasına dedi:

– Di, mən hazıram, gəl gedək.

Atası qızını yanına salıb birbaş getdi padşahın yanına. Qız qapıda dayandı. Vəzir baş əyib, ədəb salamını yetirəndən sonra dedi:

– Şah sağ olsun, bir rəmçi tapmışam, yerin altını da bilir, üstünü də. Mənə söz verib ki, darğanı öldürəni tapsın. Əgər izn versən, gedib rəmçini çağıraram.

Padşah razı olub, əmr elədi gedib rəmçini çağırsınlar. Vəzir aşağı düşdü, gəlib özünü yetirdi qızına. Öz qızını padşahın yanına apardı. Vəzirin qızı padşahın yanına çatan kimi, iki əlini döşünə qoydu, ədəb salamını yetirib dayandı ayaq üstə, ta o vaxtacan ki, padşah ona yer göstərdi. Elə ki, padşah ona yer göstərdi, vəzirin qızı diz üstə oturdu. Padşah buna dedi:

– Rəmçisən?

Qız cavab verdi:

– Bəli, rəmçiyəm.

Padşah dedi:

– Mənim bir darğam vardı, onu bu günlərdə öldürüblər. Əgər onu öldürəni tapsan, dünyada nə istəsən sənə verərəm, əgər tapmasan boynunu vurduracağam.

Bu sözü vəzirin qızı eşidən kimi, bir hərəkət eləyib tez durdu rəml atmağa. Rəml atıb qurtarandan sonra padşaha dedi:

– Qibleyi-aləm sağ olsun, əgər qəzəbin tutmasa, deyərəm.

Padşah dedi:

– Deyinən, acığım tutmaz.

Vəzirin qızı edi:

– Qibleyi-aləm sağ olsun, sənin darğanı öldürən öz qızın Nuşapəri xanımdı.

Elə ki vəzirin qızı bu sözü dedi, padşah təxtinin üstündən yuxarı atıb, ayağa durdu. Vəzirin qızı gördü padşah dönüb quduz köpəyə. Özünə xəlvət bir yer tapdı, tez qaçıb getdi. Padşah o qədər qəzəbləndi ki, rəmçinin yerinə vəzirin boğazından tutub başladı boğmağa. Bu hay-küyə cəmi sarayda olanlar gəldilər, vəziri padşahın əlindən aldılar. Padşah əmr elədi gərək bu saat həmin rəmmalı tapıb boynunu vurasınız. Şəhərə adam yayıldı, amma rəmmalı tapa bilmədilər.

Eşit Nuşapəri xanımdan. Elə həmin vaxtlarda Nuşapəri xanım atasına belə bir kağız yazıb yolladı:

– Ey ata, filan qalada iki küçük var, gərək o küçükləri tilsimdən çıxartdırasan. Əgər çıxartdırmasan, səni özümə ata hesab eləmərəm.

Padşah bu kağızı oxuyanda çox qəzəbləndi, əmr elədi Nuşapəri xanımı şəhərdən çıxartsınlar. Adam gəlib Nuşapəri xanımın yanına, dedi padşah əmr edir, gərək şəhərdən çıxasan. Nuşapəri xanım bu sözü eşidən kimi dedi:

– Mənə iki saat möhlət versin.

Xəbər getdi padşaha, padşah dedi:

– Eybi yoxdu, verərəm.

Nuşapəri xanım bu iki saatın ərzində öz paltarını dəyişdirdi, bir dəst pəhləvan paltarı geydi, bir dəst kişi paltarı götürüb qoydu xurcununa. Atasının mehtərxanasına getdi, handa yaxşı bir atı var mindi, üz qoydu şəhərdən çıxmağa. Nuşapəri xanım yolnan getməkdə olsun, xəbəri sənə kimdən verim, quldurbaşıdan. Quldurbaşı öz mağarasında tək oturmuşdu. Yolnan gedib-gələni soyub çapırdı. Baxıb gördü yolnan bir atlı gəlir. Tez atına minib, gəlib durdu Nuşapəri xanımın qabağında. Nuşapəri xanım baxıb gördü bunun yolunun üstündə bir qara adam dayanıb, ona dedi:

– Ey atlı, gəl keç yolumdan, yol ver mənə gedim.

Quldurbaşı dedi:

– Ey pəhləvan, neçə ildi ki, mən bu dağın döşünə çəkilmişəm, burdan gəlib keçən bütün pəhləvanlar mənim nərəmin zərbindən tirtir əsir, amma sən mənim gözümə başqa cür görünürsən. Gərək mən sənnən qurşaq yapışam, hər kəs, hər kəsi basdı, o, onu öldürsün. Nuşapəri xanım dedi:

– Ey cavan, özünə yazığın gəlsin, yol ver, çıxım gedim.

Quldurbaşı dedi:

– Yox, gərək sənnən güləşəm.

Nuşapəri xanım baxıb gördü bundan əl çəkməyəcək, atın döndərib quldurbaşıynan vuruşmağa başladı. Nuşapəri xanım bir nərə çəkib, quldurbaşını yerdən qalxızıb göyə, elə vurdu yerə ki, tikəsi də tapılmadı. Nuşapəri xanım atını minib başladı yol getməyə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, özünü yetirdi İstanbul şəhərinin düzəngahına. Atından düşdü. Pəhləvan paltarını soyundu, bir dəst kişi paltarı geydi, genə atın minib getdi şəhərə. Karvansaraların birində atını bağladı. Bir neçə gün burda qaldı. Nuşapəri xanım gördü pulu qurtarıb, öz-özünə dedi ki, ey dad, pul qurtarıb, bu atı qoy çəkim bazara satım, sonra Allah kərimdi. Nuşapəri xanım atını bazara çəkdi, satıb həmin pulnan bir müddət şəhərdə dolanmağa başladı. Bir gün güzarı düşdü bir aşpaz dükanının qabağına. Durdu dükanın qabağında. Eşit aşpazdan. Aşpaz aftafanı əlinə götürüb bayıra çıxanda, gördü dükanın qabağında bir oğlan dayanıb. Aşpaz Nuşapəri xanıma tərəf gedib dedi:

– Ey oğlan, kimsən, burda niyə dayanmısan?

Nuşapəri xanım dedi:

– Qəribəm, atamdan acıq eləyib gəlmişəm bura.

Aşpaz bu oğlanı görən kimi məhəbbətini saldı ürəyinə, ona dedi:

– Oğlan, adın nədi?

Nuşapəri xanım dedi:

– Adım Əhməddi.

Aşpaz dedi:

– Əhməd, yanımda şəyird qalarsan?

Nuşapəri xanım dedi:

– Elə qalaram!

Aşpaz bunu dükana aparıb dedi:

– Bu dükan, bu da sənin yatmaq yerin.

Nuşapəri xanım əl-qolunu çırmaladı, durdu qab-qacağı yudu. O günün səhəri bir xörək bişirdi ki, bu xörəyin ləzzətindən heç kəs doymadı. Nuşapəri xanımın xörək bişirməsi yayıldı bütün şəhərə. Hamı gəlib Nuşapəri xanım olan dükanda xörək yeyirdi. Aşpaz baxıb gördü ki, əgər bundan qabaq əlli tümən qazanırdısa, indi qazancı birə üç artıb. Bunlar burda qalsın, xəbəri sənə İstanbul padşahının vəzirindən verim. İstanbul padşahının vəzirinin oğul-uşağı yoxudu. Ər-arvad Al- laha yalvarıb, övlad istəyirdilər. Bir gün vəzir baxıb gördü İstanbul padşahı öz oğlunu qucağına alıb gəzdirir. O saat onun əhvalı pozuldu. Tez durub bayıra çıxdı. Şəhərin küçəsiynən gedirdi, güzarı düşdü bu aşpaz dükanının qabağına. Dükana baxıb gördü dükanda bir şəyird var, ay parçası kimi. Vəzir tez özünü dükana saldı, bir yer tapıb əyləşdi. Nuşapəri xanım baxıb gördü dükana təzə bir adam gəldi. Tez onun qabağına gedib dedi:

– Meylin nə yemək istəyir?

Vəzir dedi:

– Mənə bir ləzzətli xörək gətir.

Nuşapəri xanım getdi, xörək gətirdi, qoydu onun qabağına. İstədi getsin, vəzir onu dayandırıb dedi:

– Ey oğlan, adın nədi?

Nuşapəri xanım dedi:

– Adım Əhməddi.

Vəzir xörəyini yeyib, birbaş gəldi evə. Axşama kimi dolandı. Gecədən bir az keçəndən sonra, vəzir ayağa durdu, birbaş gəldi həmin aşpazın dükanına. Gördü dükan bağlıdı, amma şəyird içəridədi. Qapını döydü. Nuşapəri xanım dükanın qapısını açıb dedi:

– Nə istəyirsən?

Vəzir dedi:

– Əhməd, mən İstanbul padşahının vəziriyəm, Neçə ildi Allaha yalvarıram mənə bir oğuldan-qızdan versin, amma Allah-taala məni bu nemətdən məhrum eləyib. Odu ki, gəlmişəm səni özümə oğulluğa götürəm. Nə deyirsən?

Nuşapəri xanım razı olub dedi:

– Sözüm yoxdu, amma qoy səhər olsun, ağam gəlsin, onnan haqqhesabımı qurtarım, gələrəm.

Vəzir bu sözü eşidən kimi sevinə-sevinə öz evinə getdi. Nuşapəri xanım gecəni yatıb, səhər tezdən durdu. Dükanı süpürdü, əti hazır eləyib başladı xörək bişirməyə. Bu dəmdə aşpaz gəlib çıxdı. Nuşapəri xanım aşpaza dedi:

– Atam-anam yadıma düşüb, mənə izn verginən, gedim öz vilayətimizə.

Aşpaz bu sözü eşidən kimi, başladı buna yalvarmağa:

– Sən məndən nə pislik gördün?

Nuşapəri xanım dedi:

– Mən səndən heç bir pislik görməmişəm, amma atam-anam, şəhərimiz yadıma düşüb. Odu ki, getmək istəyirəm.

Aşpaz dedi:

– İndi ki getmək istəyirsən, ixtiyar özündədi.

Nuşapəri xanım aşpazdan ayrılıb, şey-meyini götürdü, getdi. Vəzir də bir tərəfdən evdən çıxıb, dükana sarı gəlirdi. Vəzir baxıb gördü ki, həmin oğlan gəlir. Nuşapəri xanım vəzirə çatan kimi salam verdi. Vəzir dedi:

– Əhməd, indi gəl gedək bizə.

Vəzir Nuşapəri xanımı evinə aparıb, arvadına dedi:

– Arvad, bunu götürmüşəm oğulluğa.

Vəzirin arvadı Nuşapəri xanımın alnından öpdü, köynəyindən keçirdi. Nuşapəri xanım burda qalmaqda olsun, xəbəri verim sənə kimdən, İstanbul padşahından.

Qasid gəlib İstanbul padşahına dedi:

– Firəng padşahıynan Qəndəhar padşahı səndən yeddi ilin bac-xəracını istəyir.

İstanbul padşahı bu xəbəri eşidən kimi, vəziri yanına çağırtdırıb dedi:

– Vəzir, bundan qabaq Firəng padşahı tək gəlirdi üstümüzə, heç ona cavab verə bilmirdik. Amma indi Qəndəhar padşahıynan əlbir olub, yeddi ilin bac-xəracını istəyir. Biz buna nə cür cavab verəcəyik? Vəzir, bir tədbir!

Vəzir dedi:

– Bunun heç bir tədbiri yoxdu, ya gərək dava eləyəsən, ya da yeddi ilin bac-xəracını verəsən.

İstanbul padşahı dedi:

– Vəzir, get fikirləş, gör gücümüz bu iki padşaha çatar dava eləyək; yox çatmaz, yeddi ilin bac-xəracını verək, çarəmiz yoxdu.

Vəzir durub padşahın yanından birbaş evə gəldi. Nuşapəri xanım baxıb gördü atalığı çox qəmgindi. Nuşapəri xanım vəzirin otağına girib dedi:

– Ata, nə üçün belə pərişansan?

Vəzir dedi:

– Oğul, hər il Firəng padşahı üstümüzə qoşun çəkib, bizdən yeddi ilin bac-xəracını istəyirdi, biz bir təhər Firəng padşahının qoşununu sındırıb qaytarırdıq geri. Amma bu il Firəng padşahı Qəndəhar padşahıynan əlbir olub üstümüzə gəlməkdədi.

Nuşapəri xanım öz atasının adını eşidən kimi, ayağa durub dedi:

– Ata, məni apar padşahın yanına. Mən gərək gələn iki padşahnan dava eləyəm.

Vəzir dedi:

– Oğlum, göydə gəzirdim, yerdə rastıma düşmüsən, gəl, sən məni gözü yaşlı qoyma.

Nuşapəri xanım dedi:

– Gərək gedəm.

Vəzirin əlacı kəsildi, Nuşapəri xanımı götürüb, gəldi padşahın yanına, dedi:

– Qibleyi-aləm, bu mənim oğlumdu. Oğlum öz xahişiynən Qəndəharnan Firəng padşahının qabağına çıxmaq istəyir.

Padşah dedi:

– Vəzir, sənin oğlun yoxudu, bu nə cür oldu?

– Qibleyi-aləm sağ olsun, bu mənim gözümün ağı-qarası bir oğlumdu. Anası bunun xatirini o qədər istəyir ki, evdən bayıra buraxmır. İndi əmr sənindi.

Padşah dedi:

– İndi ki oğlun davaya getmək istəyir, mən bir söz demirəm.

Padşah əmr verdi bütün qoşunun ixtiyarı Nuşapəri xanıma verildi. Nuşapəri xanım öz otağına getdi. Bir dəst pəhləvan paltarı götürüb, başdan geyindi, ayaqdan qıfıllandı, ayaqdan geyindi, başdan qıfıllandı, atına minib, özün yetirdi dəryanın qırağına. Gördü atasının qoşunu quruynan, firəngin qoşunu gəmiynən gəlib çatdılar; hər ikisi düşüb çadır qurdular. Xəbəri sənə kimdən verim, Firəng padşahının oğlu Məlik Cümşüddən. Firəng padşahının oğlu Məlik Cümşüd qoşunun sərkərdəsiydi. İstanbul padşahının qoşununa tərəf baxıb gördü bunların içində bir oğlan var, yemə, içmə, gecə-gündüz bunun xəttü-xalına, gül camalına tamaşa elə. Firəng padşahının oğlu Məlik Cümşüd öz-özünə dedi:

– Ey dad, kaş bu mənim qardaşım olaydı!

Nuşapəri xanım da Firəng padşahının oğlunu görən kimi, min könüldən bir könülə ona aşiq oldu. Nuşapəri xanım cəng vurub, fürsəti fota vermədi. Özün yetirdi meydana. Gələn qoşunları qırıb qaytardı geriyə. İstanbul padşahına xəbər getdi ki, Firəng padşahının qoşunuynan Qəndəhar padşahının qoşunu sınıq düşdü. İstanbul padşahı bu xəbəri eşidən kimi, çox şad oldu, o günü təbil vurdurdu, böyük şadlıq elədi. Aradan bir müddət keçdi. Firəngnən Qəndəhar padşahı İstanbul padşahının üstünə yenə qoşun çəkdilər. İstanbul padşahı Nuşapəri xanımı yolladı qoşunun qabağına. Nuşapəri xanım cəng paltarı geydi, qılıncı belinə bağladı, gəldi qoşunun bərabərinə, hər iki tərəf çadır qurdu, amma bu dəfə Nuşapəri xanım davanın başlanmasını Firəng qoşunu tərəfdən gözləyirdi.

Bir neçə kəlmə eşit Firəng padşahının oğlundan. Firəng padşahının oğlu Məlik Cümşüd İstanbul padşahının qoşununa göz gəzdirib gördü ki, həmin oğlan burdadı. Tez bir kağız yazdı, elçiyə verib, yolladı Nuşapəri xanıma. Nuşapəri xanım kağızı açıb oxudu, gördü ki, Firəng padşahının oğlu yazır ki, ey pəhləvan, mən sənnən siğə qardaş olmaq istəyirəm, əgər qəbul eləməsən özümü öldürəcəyəm. Nuşapəri xanım adam yolladı ki, gedin Firəng padşahının oğlunu yanıma çağırın. Adam getdi, Firəng padşahının oğluna dedi:

– İstanbul padşahının sərkərdəsi səni öz çadırına çağırır.

Məlik Cümşüd başdan geyindi, ayaqdan qıfıllandı; ayaqdan geyindi, başdan qıfıllandı, özünə ziynət verib, getdi Nuşapəri xanımın yanına. Baxıb gördü ki, doğrudan da bir oğlandı, dünyalar malına dəyər. Məlik Cümşüd dedi:

– Ey pəhləvan, mən atamın qoşununu geri qaytaracağam, özü də sənlə siğə qardaş oldum, nə desən, qulluğunda hazıram.

Nuşapəri xanım bu oğlana bir könüldən min könülə aşiq oldu. Elə orda istədi paltarını soyunub özünü bildirsin, amma bir az səbr eləyib dedi:

– Məlik Cümşüd, mənim ürəyimdə əhdi-peymanım var, gərək indi mən əhdi-peymanımı yerinə yetirəm, indi ki elə oldu, gəl sən atanın qoşununu qaytar geriyə. Mən gərək Qəndəhar padşahının qoşunlarını öz şəhərinəcən qovam. Əgər mənnən getmək istəyirsən, gəl sən mənim qılıncımın altından keç, mən də sənin qılıncının altından keçim, əhd bağlayaq.

Hər iki pəhləvan razı oldu. Məlik Cümşüd öz atasının qoşununu geri qaytardı. Nuşapəri xanım ayağa durub gördü düşmən tərəfdən səs yoxdu, başladı dava şeypuru çaldırmağa. At minib, qılıncını çəkib başladı davaya. Məlik Cümşüd də qoşuldu Nuşapəriyə. Nuşapəri xanım bir nərə çəkib, atasının qoşununu qatıb qabağına, ta Qəndəhar şəhərinəcən qıra-qıra apardı. Qəndəhar padşahına xəbər getdi ki, iki pəhləvan sənin bütün qoşununu qırıb yarıdan keçirdi, az qalıblar şəhərə girsinlər. Qəndəhar padşahı bu xəbəri eşidən kimi, vəzirinin çağırtdırıb dedi:

– Vəzir, buna bir tədbir!

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, buna heç bir tədbir yoxdu, şəhərin nə ki, Pəhləvanları var, yollaginən bu pəhləvanların qabağına, bəlkə bunlar bacara bilə.

Padşah əmr elədi ki, şəhərdə olan bütün pəhləvanlar cəng* meydanına getsinlər. Təzədən qoşun yığdı. Pəhləvanlar dava paltarlarını geydi, əmud, qılınclarını götürüb özlərini yetirdilər meydana. Nuşapəri xanımnan Məlik Cümşüd baxıb gördü yer üzünü qara qarışqa kimi qoşun alıb, hər iki pəhləvan əl atdı qılınca, özlərini vurdular qoşuna, biri sağdan girdi, biri soldan, başladılar qoşunu taxıl kimi biçməyə. Bir vədə Qəndəhar padşahına xəbər getdi ki, ey təxti tarac olmuş, nə yatmısan, qoşun əldən getdi! Pəhləvanlar qırıldı! Padşah bu xəbəri eşidən kimi, başladı özünü didməyə. Əmr elədi həmin rəmmal gəlsin. Vəzir bir başına, bir döşünə döyə-döyə qızına dedi:

– Qızım, Allah evini yıxsın, yıxdın evimi. Padşah səni çağırır.

Qız dedi:

– Ata, tez mənim rəmçi paltarımı gətir. Mən bu saat gedib, rəm atıb padşaha deyərəm.

Vəzir qızının rəmmal paltarını gətirib verdi. Qız rəmmal paltarını geydi, özünü yetirdi padşahın yanına.

Qəndəhar padşahı dedi:

– Ey rəmmal, rəml at görək, bu davanın axırı hara çıxacaq.

Vəzir qızı başladı rəml atmağa, dedi:

– Qibleyi-aləm sağ olsun, eşit, agah ol, sənin üstünə qoşun çəkən, pəhləvanlarını qırıb dağıdan sənin öz qızın Nuşapəri xanımdı. Elə ki, bu sözü Qəndəhar padşahı eşitdi, ayağa durub əmr elədi atasından qalan pəhləvan paltarını götürüb gəlsinlər. Qəndəhar padşahı pəhləvan paltarını geyib, atını mindi, özünü yetirdi meydana. Nuşapəri xanım baxıb gördü bu dəfə meydana gələn atasıdı. Məlik Cümşüdə dedi:

– Məlik Cümşüd, nə badə bu qabaqda gələn qoca pəhləvannan işin ola, sən özünü vur o biri pəhləvanların içinə. Mən bunu gərək özüm öldürəm.

Məlik Cümşüd razı oldu, özünü verdi pəhləvanlara tərəf. Amma Nuşapəri xanım özünü verdi atası dayanan tərəfə. Nuşapəri xanım öz atasıynan üzbəüz durub dedi:

– Ata, necəsən?

Qəndəhar padşahı başını aşağı saldı, bir kəlmə də danışmadı, onun fikri o idi ki, fürsət tapıb qızının boynunu vursun. Nuşapəri xanım əl atdı qılınca, atasının boynunu vurub öldürdü. Sonra üz qoydu şəhərə, atasının nə ki tərəfdarı varıdı, hamısını qılıncdan keçirdi. Əmr elədi, filan evdə bir qarı var, o qarının yanında iki küçük var, gedin o iki küçüyü gətirin bura. Gedib küçükləri götürüb gəldilər. Küçüklər bura gəlməkdə olsun, eşit vəzirin qızından. Vəzirin qızı bildi ki, Nuşapəri xanım onu öldürəcək. Öz-özünə dedi: “Gedim uşaqları küçük eləyən qarını tapım gətirim Nuşapəri xanıma verim. Məndən razı qalsın, mənə dəyməsin”. Bir tilsim oxuyub oldu alıcı quş, çəkildi göyün üzünə. O, oğlannan qızı küçük eləyən qarını axtarıb tapdı. Gördü həmin qarı ki əmiqızıynan əmioğlunu küçük eləyib, o qarı təndirin başımda oturub çörək yapır. Vəzirin qızı göydən yerə endi, qarını vurdu caynağına, bağırda-bağırda götürüb gəldi Nuşapəri xanımın yanına.

Nuşapəri xanım dedi:

– Bu kimdi?

Vəzirin qızı dedi:

– Bu həmin qarıdı ki, əmiqızıynan əmioğlunu küçük eləyib qalaçada saxlatdırıb.

Nuşapəri xanım əlini belinə atıb, qılıncını siyirdi, qarının başını kəsdi, qanından bir şüşəyə töküb verdi bu küçüklərə, küçüklər oldular adam. Sonra Nuşapəri xanım Məlik Cümşüdü yanına çağırıb dedi:

– Ey Məlik Cümşüd, bu taxt, bu da sən, əyləş ədalətnən.

Məlik Cümşüd taxta əyləşib padşah oldu və Nuşapəriyə dedi:

– Qardaş, bəs sən hara gedirsən?

Nuşapəri xanım o biri evə keçib öz paltarını soyundu, bir dəst arvad paltarı geydi, özünə zinət verdi, gəldi Məlik Cümşüdün qabağına, dedi:

– Məlik Cümşüd, tanıdın?

Məlik Cümşüd dedi:

– Yox.

Nuşapəri xanım dedi:

– Mən həmin pəhləvanam ki, sənnən siğə qardaş olmuşam. Məlik Cümşüd dedi:

– Ey qız, gəl bu sirdən məni agah elə!

Nuşapəri xanım Məlik Cümşüdün yanında oturdu, başına gələn əhvalatı ona danışdı. Məlik Cümşüd bundakı şücaəti gördü, məhəbbəti birə min artdı. Hər ikisi durdular toy tədarükünə Nuşapəri xanım əvvəlcə adam elədiyi küçüklərə yeddi gün, yeddi gecə toy elədi, əmi qızıynan əmi oğlunu bir-birinə çatdırdı. Sonra başladı özlərinə qırx gün gün qırx gecə toy vurdurdu, bütün fağır-füqəraya, əlsiz-ayaqsızlara xörək payladı. Bunlar fağır-füqəranın tərəfində olub, camaatnan yaxşı rəftar elədilər. Onlar yeyib-içib yerə keçdilər. Siz də yeyin-için, muradınıza çatın.