Nuhçıxandan Naxçıvana

Nuhçıxandan Naxçıvana
Müəllif: İsa Həbibbəyli
Sister Projects. Həmçinin baxın: Haqqında • Sitatları Mənbə:Azərbaycan.- 2009.- 8 iyul.- S. 4.


Yeni Naxçıvan - qədim Naxçıvanın, Nuhçıxanın davamıdır, varisidir. Hazırkı mərhələdə Naxçıvanda şəhər mədəniyyətinin inkişafında davamlı ənənələrin qorunub saxlanılmasına ciddi fikir verilir. Bununla belə, yeni Naxçıvan - yeni epoxanın Naxçıvanıdır. Son illərdə Azərbaycan Prezidenti və Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən göstərilən dövlət qayğısının, aparılan məqsədyönlü siyasətin, fədakar işin sayəsində, həqiqətən, yeni bir Naxçıvan yaradılmışdır. Türk-müsəlman mədəniyyətinin, Azərbaycan memarlığının köklü ənənələri üzərində inkişaf etdirilən yeni Naxçıvan möhkəm milli zəminə malik Avropa tipli və səviyyəli şəhər mədəniyyətinə klassik nümunədir. Bu, Şərq yönlü Qərb şəhəridir, kiçik Parisdir.

Yeni Naxçıvan - ölkəmizdəki yeni intibahın şəhəridir. Yeni Naxçıvan yeni intibahın göstəricisidir, nümunəsidir, yeni dövrün intibah şəhəridir. Yeni Naxçıvan - böyük Azərbaycanın yeni həyatının faktıdır.Yeni Naxçıvan düşmən sərhədində alınmaz qaladır, Azərbaycanın Çənlibelidir!

"Naxçıvan" sözünün mənşəyi

Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir ifadəsi, yaxud Naxçı tayfa bildirən sözlər parfiyalılara, Nəqşi-cahan söz birləşməsi isə farslara aid mənbələrdə özünə yer almışdır. Tədqiqatçılardan Avropa yönlü araşdırma aparanlar yunan mənbələrinə, yəni Klavdi Ptolemeyin "Coğrafi təlimlər" kitabına, şərqşünaslar isə ərəbdilli və farsdilli mənbələrə üstünlük vermişlər. Belə məqamlarda Naxçıvanın yaşının qədimliyini isbat etmək istəyənlərin seçimi ilə Naxçıvan sözünün türk mənşəli olduğunu təsdiqləmək niyyətini izləyənlərin fikirləri fərqli olmuşdur. Bu yolla fikirlər haçalanmış, eyni sözün çoxsaylı variantları meydana çıxmış və yayılmışdır.

Fikrimizcə, digər bu tip məsələlərlə yanaşı, Naxçıvan sözünün etimologiyasını izah edərkən Avropa yönlü qaynaqlara, yaxud ərəb-fars mənbələrinə üstünlük verilməsi həm də keçmiş sovet hakimiyyəti zamanı milli söy-köklə bağlı məsələlərin xalqın özünə məxsus qədim mənbələr əsasında öyrənilməsinin məhdudlaşdırılması ilə bağlı olmuşdur. Vaxtilə xalqın kimliyini, söy-kökünü, formalaşma proseslərini yerli materiallar, milli qaynaqlar əsasında öyrənməyə cəhd göstərənlərin repressiyaların acı təqiblərinə məruz qalmaları uzun zaman bu istiqamətdə düşünüb-daşınmağın qeyri-mümkünlüyünü müəyyən etmişdir. Hətta XX əsrin səksəninci illərində Nuhun tufanı hadisəsi ilə səsləşən Gəmiqaya qayaüstü rəsmlərinin milli mənşəyi ətrafında ilkin mülahizələr irəli sürən tanınmış alim Əbülfəz Hüseyninin aqibəti tədqiqatçıları Azərbaycan xalqının qədimliyini və zənginliyini aydınlaşdıran araşdırmalara ehtiyatla yanaşmağa vadar etmişdir. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra bu istiqamətdə ciddi və əhəmiyyətli tədqiqatlar meydana çıxmağa başlamışdır. Bu mənada hazırkı mərhələdə milli söy-köklə, etnik formalaşma prosesləri ilə əlaqədar ərsəyə gələn, geniş ictimaiyyətə təqdim olunan tədqiqat əsərləri müstəqillik dövrü Azərbaycan elminin bəhrəsidir. Fikrimizcə, son illərdə bu kontekstdə Naxçıvan sözünün mənşəyi ilə bağlı yeni yanaşmaları ifadə edən tədqiqatların üzə çıxması da ölkəmizdə hazırkı tarixi şəraitdə digər sahələrdə olduğu kimi, elmi araşdırmalar baxımından da milli maraqların ön mövqeyə çəkilməsi ilə əlaqədardır.

Müşahidələr göstərir ki, muxtar respublikanın ərazisində Naxçıvan sözü ilə səslənən yerli materiallar arasında Nuh tufanı hadisəsi ilə bağlı toponimlər, əfsanə və rəvayətlər çoxluq təşkil edir. Belə ki, regionda Nuhdaban, Nuhəcir (Nəhəcir), Nuhram (Nehrəm) kimi qədim yaşayış yerləri ilə əlaqədar toponimlərin, habelə Nəbi yurdu, Qaranquş yaylağı, Xəzər obası, Naharbaşı məscidi (Ordubad) kimi yer adlarının, Peyğəmbər ayağı pirinin çağımıza qədər yaşaması burada Nuhun tufanı hadisəsinin dərin iz qoyduğunu göstərir.

Fikrimizcə, qeyd olunan toponimlərin Naxçıvan diyarındakı məşhur Gəmiqayaya yaxın ərazilərə aid olması Nuhun tufanı hadisəsinin bu regionla bağlılığı ehtimalını daha da qüvvətləndirir. Bu baxımdan yanaşdıqda Nuh peyğəmbərin gəmisinin son dayanacaqlarından biri kimi ehtimal olunan Gəmiqayanın sağ və sol ətəklərindəki Nürgüt, Nüvədi kimi yaşayış yerlərinin adlarının da müəyyən səviyyədə Nuh hadisəsi ilə səsləşdiyini ehtimal etmək olar.

Hətta Gəmiqayanın qabaq-qənşərindəki Cənubi Azərbaycanın Naxçıvandan çox da uzaq olmayan ərazilərində tərkibində Nuh elementi olan Nəhənd, Nehran, Nehram, Nəhqan kimi toponimlərin olması həmin ehtimalı gerçəkliyə daha da yaxınlaşdırır. Özündə qədim tarixin izlərini əks etdirən bu qəbildən olan çoxsaylı toponimlər Naxçıvan diyarının dünya tufanı, Nuh hadisəsi ilə əlaqədar olduğunu açıq-aşkar diktə edir. Bütün bunlar isə Naxçıvan sözünün Nuhçıxan, həzrəti Nuh peyğəmbərin gəmisinin gəlib çıxdığı məkan mənasını bildirməsi barədəki mülahizələrin reallığına inamı artırır. Məşhur Gəmiqaya üzərində qayıq, gəmi, tufan, qasırğa təsvirlərinin özünəməxsus yer tutması da toponimlərdə yaşayan həqiqətlərin qayaüstü rəsmlərdəki izlərinin daha bir təsdiqnaməsidir.

Başqa bir məsələ: Naxçıvan sözünün tərkibindəki Nax komponenti də Nuhla bağlı məna ifadə edə bilər. Doğrudur, tədqiqatlarda Nax-dan əsasən, nax-lar, yəni Nax etnosu, Nax tayfası kimi bəhs edilir. Və qədim tariximizdə naxçı qəbiləsi, Nax tayfaları məlum olduğu halda konkret mənada ayrıca Nuh qəbiləsi, yaxud tayfası adı ilə ayrıca bir etnos qeydə alınmamışdır. Ancaq nəzərə almaq lazımdır ki, geniş anlamda bəşəriyyət yeni həyata Nuhun tayfası, Nuhun törəmələrinin artması ilə başlamışdır. Ümumiyyətlə, insan oğlu həzrəti Nuh peyğəmbərin tayfasının törəməsidir. Millətlər və xalqlar Nuh peyğəmbərin törəmələrinin davamçılarıdırlar.

Həzrəti Nuh peyğəmbər ayrılıqda götürülmüş bir xalqın, xüsusi bir etnik qrupun deyil, bütövlükdə bəşəriyyətin ulu babasıdır. Buna görə də Naxçıvan sözünün tərkibindəki Nax komponenti çox asanlıqla Nuh kimi də oxuna bilər. Məlum olduğu kimi, həzrəti peyğəmbərin hazırda türk-müsəlman dünyasında Nuh kimi yazılan və tələffüz edilən adı ayrı-ayrı qövmlərdə Noy, hətta Nox kimi də işlədilir. İndi də Noy forması Avropa xalqlarının dillərində qalmaqdadır. Bizə görə, Nuh etnosu zaman-zaman dəyişərək Nuh-Noy, -Noux, Nox-Nax, yaxud da Noy-Nuh-Noux, Nəx-Nox şəklini almışdır. Yəni Nax etnosunun Nuh, Noy, Noux sözləri və anlayışları ilə əlaqədar olması mümkün ola bilən bir haldır. Vaxtilə akademik Ağamusa Axundov da Nax etnosunun nəticə etibarilə Nuh adından yaranması barədə ehtimal irəli sürərək yazmışdı: "Toponimin (Naxçıvan yer adının-İ.H) birinci tərkib hissəsi Nax Nuh peyğəmbərin adının fonetik variantıdır... Beləliklə, Naxçıvan - "Nuhçuların (Nuh tərəfdarlarının) məskəni" mənasını bildirən qədim toponim, Naxçıvan sözü yaranmışdır".

Bütün bunlar onu göstərir ki, etnos mənasında Nax elə Nuh deməkdir. Naxların da, Naxçıların da Nuh peyğəmbərin törəmələrinin davamçıları olmaları məntiqi mənada qəbul edilən mülahizədir. Bu isə o deməkdir ki, Nuhçıxan elə Naxçıvan mənasını ifadə edir. Bizə görə, hazırda Naxçıvan sözünün etimologiyası mənasında ən müxtəlif mənbələrdə daha çox istinad edilən, diqqət yetirilən, önəm verilən Nəxçirvanın adı da Nuhçıxan sözündən yaranmışdır. Yəni naxçılar, nəxçilər özləri də nuhçulardır. Başqa sözlə, naxçılar Nuh peyğəmbərin nəslinin bu diyardakı davamçılarından və yaxud da Nuhun tərəfdarlarından ibarətdir.

Fikrimizcə, Nuh peyğəmbərin ya övladları, ya da dünya tufanından sonra formalaşmış insan toplusu müqəddəs peyğəmbər tərəfindən yaradılmış yaşayış məskəninə onun şərəfinə Nuhçıxan adını vermişdir. Nuhçıxan Nuhun törəmələrinin və ya ən yaxın tərəfdarlarının formalaşdırdığı yaşayış məskəninin adıdır. Nuhçıxan sözü Naxçıvan adının ilkin variantı, yaxud ilk əsas variantlarından biridir:

- Nuhçıxan - Naxçıvandır. Yəni Naxçıvan Nuh peyğəmbərin gəlib çatdığı məkandır.

- Nuhçıxan - Nuhun özünün və övladlarının məskən salıb yaşadığı yerdir.

- Nuh peyğəmbərin dünya tufanı bəlasından xilas olub, yenidən bəşəriyyətə qaytarıldığı yer Nuhçıxandır - Naxçıvandır. Yəni Nuh peyğəmbər yeni həyata buradan başlamışdır.

- Nuhçıxan - Nuh peyğəmbərin övladları vasitəsilə insan nəslinin yenidən yaranıb meydana çıxdığı və dünyaya yayıldığı yerdir.

- Nuhçıxan - Nuh tayfasından törəyənlərin ilkin beşiyidir.

- Nuhçıxan - həzrəti Nuh peyğəmbərə iman gətirib, onu tanıyan və qəbul edənlərin, onun tərəfdarlarının yaşadığı məkandır.

- Nuhçıxan - Naxçıvan bəşər sivilizasiyasının tarixi yadigarlarından biridir.


Arxeologiyayaqədərki tarix


Aparılan arxeoloji tədqiqatlar Naxçıvan şəhərinin yaşının eramızdan əvvəl üçüncü minillikdən başlandığını təsdiq edən çoxsaylı faktlar, dəlil-sübutlar meydana qoymuşdur. Həyatını Naxçıvan diyarının öyrənilməsinə həsr etmiş Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev yazır: "Abidələrin tədqiqi göstərir ki, Azərbaycan mühüm qədim mədəniyyət ocağı sayılan Naxçıvanda eramızdan əvvəl üçüncü minilliyin sonları, ikinci minilliyin əvvəllərində artıq ilkin şəhər mərkəzləri yaranmışdır".

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə əlaqədar olaraq regionda uzun müddətli ardıcıl arxeoloji qazıntıların aparılması Naxçıvan şəhərinin yaşının müəyyən edilməsinin daha da konkretləşdirilməsinə imkan yaradır. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyevin "Naxçıvanın arxeoloji abidələri" monoqrafiyasındakı (2008) aşağıdakı mülahizələr konkret elmi qənaətləri meydana qoyur:

Eramızdan əvvəl üçüncü minilliyin sonunda iqtisadiyyatın və ticarətin inkişafı Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan vermişdir... Naxçıvan şəhərinin ərazisində eramızdan əvvəl ikinci minillikdə yaşayış olması heç bir şübhə doğurmur... Naxçıvan şəhəri üçüncü-ikinci minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olmuşdur".

Digər tanınmış tarixçi alimlərin son illərdə meydana gəlmiş elmi əsərlərində də Naxçıvanda ilkin şəhər mədəniyyətinin eramızdan əvvəl üçüncü minilliyin sonlarından etibarən formalaşdığı etiraf edilmişdir. Bu, arxeologiya elminin gələ biləcəyi yekun qənaətdir. Və bu, o deməkdir ki, hazırda bizim eranın üçüncü minilliyində yaşadığımız dövrdə Naxçıvan şəhərinin artıq beş min il yaşı var.

Bununla belə, burada diqqət yetiriləsi zəruri olan digər bir mühüm məqam da var ki, bu da şəhər mədəniyyəti anlayışının təsnifləndirilməsi ilə bağlıdır. Uzun illər ərzində Azərbaycan tarixşünaslığında üstünlük qazanan fikir bundan ibarətdir ki, şəhər mədəniyyəti düşüncəsi aşağıdakı iki mərhələdən ibarətdir: ilkin şəhər mədəniyyəti və ümumiyyətlə, şəhər mədəniyyəti.

İkinci anlayış artıq formalaşmış, inkişaf etmiş, yetkin şəhər infrastrukturu olan şəhər mədəniyyəti fikrini ifadə edir. Və çox vaxt da avropalılar özgə xalqların şəhər mədəniyyətinin tarixini bu mərhələdən etibarən hesablamağı əsas kimi götürürlər. Hətta "digər xalqların" şəhər mədəniyyəti tarixinin müəyyən olunmasında qədim yazılı mənbələrdə həmin şəhərin adının çəkilməsini də zəruri faktor kimi irəli sürürlər. Bu tip yanaşmanı keçmiş sovet hökuməti də əsas kimi qəbul etmişdi. Məsələ aydındır: tətbiq olunan modellər "digər xalqların" formalaşması, sivil yollarla inkişaf etməsi qənaətlərini arxa plana keçirmək və xristian dünyasının qədimliyini, mədəni təkamülünü əsas kimi qəbul etdirmək məntiqini izləyir. Bu, həm də qeyri-xristian xalqların yalnız və yalnız Avropadan, yaxud Rusiyadan təsirlənərək formalaşma prosesi keçirdiyi məntiqini diktə etmək üçün də məqbul üsuldur. Bizə görə, indi şəhər mədəniyyəti anlayışına yanaşma dəyişməli, hər hansı məlum sxem deyil, tarixin üzə çıxardığı faktlar, mətləblər prinsipə çevrilməlidir. Bu cəhətdən yanaşdıqda şəhər mədəniyyəti anlayışına bir az əvvəl qeyd etdiyimiz mərhələlərdən əlavə daha bir mərhələ - şəhərsalma mədəniyyəti mərhələsi də əlavə olunmalıdır. Fikrimizcə, bu, ilkin şəhər mədəniyyəti anlayışına yaxın olsa da, onun eynisi deyildir. Dünyada şəhərlər ilkin mədəniyyət səviyyəsinə çıxana qədər minilliklərlə yol keçməli olublar. Şəhərsalma mədəniyyətinə şəhərlərin salınmasına başlama prosesləri: yerin seçilməsi, şəhərsayağı məskunlaşmanın ilkin təzahürləri, qala-şəhər modeli və sair daxil edilə bilər.

Bu baxımdan yanaşdıqda Naxçıvanın şəhər kimi ilkin şəhər mədəniyyəti mərhələsindən əvvəl əsasının qoyulduğu qənaətinə gəlmək mümkündür. Məsələ burasındadır ki, həmin ibtidai şəhərin, protoşəhərin tarixini müəyyən etmək üçün arxeologiya elminin qənaətləri yetərincə olmaya bilər. Bu, artıq arxeologiyadan qabaqkı tarixdir. Həmin ən qədim mərhələnin tarixi gerçək tarixdən çox mifologiyada yaşayır. Keçmiş sovet hakimiyyəti illərində mifologiyaya dini düşüncə damğası vurulduğu üçün ateizm prinsipləri əsas götürülməklə tarixin öyrənilməsində bu faktordan istifadə arxa plana keçirilmişdi. Avropada isə mifoloji amil qədim tarixi müəyyən etməyin təməl prinsiplərindən biri kimi həmişə qəbul edilmişdir. Bu yaxınlarda Azərbaycan dilinə tərcümə edilmiş Nikolay Kunun 1914-cü ildə çapdan çıxmış "Qədim Yunanıstanın mifləri və əfsanələri" kimi çox əhəmiyyətli kitabında ifadə olunan mətləblər bu fikrin əyani təsdiqidir.

Naxçıvan şəhəri haqqındakı əfsanələr, əldə edilmiş mifoloji material bu şəhərin tarixinin dünya tufanından sonrakı hadisələrlə, yeni sivilizasiyanın başlanğıc dövrü ilə üzvi surətdə səsləşdiyini göstərir. Xalq ədəbiyyatı nümunələrində ayrı-ayrı detallarla yanaşı, Nuh peyğəmbərin və övladlarının Naxçıvan ərazisində yaşayış məskəni salmasını, burada yaşamasını, fəaliyyət göstərməsini nəzərə çarpdıran motivlər də var. Məsələn, Naxçıvan ərazisindən toplanılmış "Nuhdaban əfsanəsi"ndə deyilir ki, "Nuh Nəbi sözün qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar. Adına da Nuhdaban dedilər".

Folklor materiallarında Nuh peyğəmbərin övladlarının Gəmiqaya - İlandağ - Ağrıdağ arasında yurd salmaları qeyd olunur. Mifoloji materiallardan öyrənirik ki, "bu torpağın mayası oddan yoğrulmuşdur. Burda hər şey öz qidasını oddan - alovdan alır. Yanan dağların biri Gəmiqaya, biri İlandağ, biri Ağrıdağdır. Bu arada yurd salın. Dediyim üç dağ sizə qüvvət, bərəkət verəcək. Bərkdən, şərdən, yağıdan qoruyacaq".

Diqqətlə nəzər salsaq, Naxçıvan şəhəri məsafə etibarilə Naxçıvandakı Gəmiqaya ilə Türkiyə ərazisindəki Ağrıdağın tən ortasında yerləşir. Bundan başqa, "Nuh əfsanəsi" adlı toplama materialında konkret olaraq Nuh peyğəmbərin Naxçıvan şəhərinin əsasını qoymasına dair məlumatlar da var. Əfsanədən məlum olur ki, "rəvayətə görə, Nuh Nəbi oğlanları ilə Naxçıvanda məskən saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada qaldı".

Hətta XIX əsrin səksəninci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı K.A.Nikitinin (1832-1894) də yerli əhali arasından topladığı materiallar əsasında yazdığı "Naxçıvan şəhəri və Naxçıvan mahalı" adlı əsərində Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasına dair konkret mətləblər ifadə olunmuşdur: "Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşmışdır. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirmişdir. Şəhərin "ilk məskunlaşma yeri", yaxud "birinci dayanacaq" mənasını bildirən adı da buradan əmələ gəlmişdir.

Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşamışdır. Rəvayətə görə, ilk insan nəsilləri buradan yayılmışdır. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat etmiş və orada dəfn olunmuşlar".

Mənbələr əsasında Nuh peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu müəyyən edilmişdir. Hətta K.A.Nikitin 1882-ci ildə yazdığı "Naxçıvan şəhəri və Naxçıvan mahalı" adlı məqaləsində şəxsi müşahidələri əsasında həzrəti Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarının təsvirini də vermişdir. Məqalədə oxuyuruq: "Nuhun qəbri şəhərin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. ...İndiki görkəmdə yerdən qalxan çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, ortadan daş döşəmələrlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Rəvayətə görə, həmin dirəyin altında ulu Nuhun cənazəsi yerləşir". Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin (1892-1922) XX əsrin əvvəllərində naturadan çəkdiyi "Nuhun qəbri" adlı rəsm əsəri Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyun 2006-cı il tarixli sərəncamı əsasında Nuhun məzarı yenidən bərpa edilmiş, 2008-ci ildə həmin yerdə bəşəriyyətin ulu babasının türbəsi ucaldılmışdır. Bu abidə həm də Naxçıvanda dünya sivilizasiya proseslərinə və ənənələrinə bəslənilən ehtiramı da ifadə edir.

Deməli, böyük sivilizasiyanın yadigarı olan Naxçıvan şəhərinin yaşı həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisinin yerə, ana torpağa endiyi vaxdan başlanır. Bu yer ən qədim zamanlardan ilk insanların, Nuh tayfalarının ilkin yaşayış məskəni kimi salınma anından əsaslı bir şəhər mədəniyyəti səviyyəsinə çatanadək böyük bir yol keçmişdir. Hazırkı Naxçıvan şəhəri hələ ən qədim dövrlərdə həmin zəngin tarixi zəmində yaranıb formalaşmışdır. Beləliklə, dünya tufanı hadisəsi, sivilizasiya prosesləri ilə, Nuh peyğəmbərlə səsləşməsini nəzərə almaqla Naxçıvan şəhərinin 5 min illik tarixə malik olduğunu ehtimal etmək gerçəkliyə uyğundur. Bundan başqa, haqqında müqəddəs "Qurani-Kərim"də bəhs edilən və ərazi etibarilə Naxçıvan şəhərinə yaxın məsafədə yerləşən məşhur Əshabi-Kəhf mağaraları ilə bağlı əfsanədəki Dəğyənusun zülmündən qaçıb gizlənmiş insanların yuxudan ayıldıqdan sonra ərzaq almaq üçün getdikləri şəhərin də Naxçıvan şəhəri olmasını düşünmək lazım gəlir. Dəğyənus əsatirinin də islamdan çox əvvəlki qədim dövrlərlə səsləşməsi bu şəhərin minillikləri aşan qədim tarixi olduğunu təsdiq edir.

Nəhayət, həzrəti Nuh peyğəmbərlə əlaqədar miflərin məhz Naxçıvan diyarında indiyədək yaşaması və əsatirlərdə Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulmasının göstərilməsi burada şəhərsalmanın 5 min ildən çox yaşı olduğunu təsdiq edir. Nəticə olaraq demək mümkündür ki, Naxçıvanda ilkin şəhərsalma prosesi hələ 5 min il əvvəl başlanmışdır.

Böyük sivilizasiyanın yadigarlarından olan Naxçıvan protoşəhər kimi 5 min il əvvəl yaranmışdır. Arxeologiya elminin gəldiyi qənaəti mifologiya bir daha tamamlayır, möhkəmləndirir və daha dərinlərə aparır.

Naxçıvanın duz yaddaşı

Mifoloji materiallarda və arxeoloji araşdırmalarda Naxçıvan şəhəri ərazisinə yaxın ərazidə yerləşən Duzdağın - duz mədənlərinin də qədim tarixə malik olduğu qeyd edilir. Ümumiyyətlə, sənaye əlamətləri şəhərlə əlaqədar olduğu üçün məşhur Duzdağ regionda şəhərləşmənin tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, Duzdağın tarixinin araşdırılması sahəsində hələlik ciddi bir tədqiqat əsəri ortada yoxdur. Son vaxtlarda AMEA-nın Naxçıvan Bölməsi arxeoloqlarının Duzdağda axtarışlara başlaması yaxın zamanda bu istiqamətdə müəyyən elmi nəticələrin meydana çıxacağına ümid doğurur. Bizə görə, Naxçıvan şəhərinin də, ərazisinin də ən qədim tarixi Duzdağda yatır.

Mənbələrdə Duzdağla bağlı çox maraqlı, cəlbedici məlumatlar var. "Qafqaz" qəzetinin 9, 12, 16 mart 1855-ci il tarixli 20, 21, 22-ci saylarında çap olunmuş Pavel Şeremetyevski adlı müəllifin "Naxçıvan duz mədənləri" adlı geniş həcmə malik məqalələr silsiləsində Duzdağın tarixi eramızdan əvvəl üçüncü minilliyə aid edilir. K.A.Nikitin "Naxçıvan şəhəri və Naxçıvan mahalı" adlı məqaləsində (1882) Naxçıvan Duz mədənlərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğu göstərilir. Məqalədə deyilir ki, "hətta Nuhun Naxçıvandakı duz karxanasındakı fəaliyyəti xalqlar arasında dolaşan rəvayətlərdə indi də saxlanılmaqdadır. Guya ki, o, burada ilk çalışanlardan olmuşdur".

V.Q.Qriqoryevin "Naxçıvan şəhərinin statistik təsviri" adlı kitabında (1833) hələ ən qədim dövrlərdən duz mədənlərinin Naxçıvanın həyatındakı mühüm rolu xüsusi qeyd edilmiş, burada duz ticarətinə dair maraqlı faktlar öz əksini tapmışdır. Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz Şöbəsinin 1854-cü ildə Naxçıvan haqqında keçirdiyi müzakirələrdə, Engelqartın məruzəsində Duz mədənlərinin fəaliyyətinə ayrıca diqqət yetirilmişdir. Oxuduqlarımızdan, əldə etdiyimiz materiallardan belə qənaətə gəlmək mümkündür ki, Naxçıvanda şəhərtipli məskunlaşma və formalaşmanın səbəblərindən biri, bəlkə də birincisi bu ərazidə duz çıxarılması və ticarəti ilə bağlıdır. Fikrimizcə, duzçıxarma və duz ticarəti də mədənlərə yaxın ərazidə şəhərsalma zərurətini doğurmuşdur. Naxçıvan şəhərinin ilkin yeri də məsafə etibarilə duz mədənlərindən çox da uzaqda olmayan, indiki Naxçıvan Dövlət Universitetindən başlayaraq Əliabad kəndinin üst tərəfinədək uzanan ərazidə olmuşdur. Duzdağın eradan əvvəl üçüncü minilliyə aid edilməsi, duz çıxarmanın Nuh peyğəmbərlə əlaqələndirilməsi Naxçıvanda qədim şəhərləşmə prosesində, şəhərtipli mədəniyyətin əmələ gəlməsində bu amilin rolunu və əhəmiyyətini diqqət mərkəzinə çəkir.

Müxtəlif vaxtlarda Duzdağ ərazisindən tapılmış arxeoloji materiallar burada regionun, şəhərin və duzçıxarmanın tarixini dəqiqləşdirməyə, aydınlaşdırmağa şərait yaradır. K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan mahalı" məqaləsindəki aşağıdakı faktlar və mülahizələr bu cəhətdən mühüm əhəmiyyətə malikdir. "Naxçıvanın qədim mədəniyyətinə duz mədənlərindən tapılmış daş baltaları və daş pazları da aid etmək lazımdır. Bunlar 1870-ci ildə buradakı duz mədənlərinin sahibkarı cənab Beyer tərəfindən tapılmış, 2 ədədi Naxçıvan şəhər məktəbinə verilmiş, digər nümunələrindən bir hissə Tiflis muzeyinə, daha bir neçəsi isə Peterburqa göndərilmişdir. Daş baltalar və pazlar duzçıxarma alətləri kimi bu yerlərdə insanların ilk məskunlaşması çağlarına, daş dövrünə, hələ dəmirin əmələ gəlməsi insanlara bəlli olmadığı dövrlərə şahidlik edir. Başqa bir tərəfdən isə bu daş alətlər duz mədənlərinin də qədimliyini, duzçıxarmanın tarixəqədərki çağlarını göstərir".

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları da 2008-ci ildə Duzdağ ərazisindən daş alətlər tapmışlar. Naxçıvanın daş dövrü mədəniyyətinin ayrıca və konkret şəkildə öyrənilməsi zəruridir. Tapılmış daş alətlər və duzçıxarma prosesləri regiondakı şəhərləşmə prosesinin əlamətləri, yadigarlarıdır. Hazırda aparılan tədqiqatlar bu istiqamətdə düşündürücü, əhəmiyyətli faktları meydana çıxaracağına ümidlə baxmağa əsas verir.

Yeni Naxçıvan

Azərbaycanın üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri qədim karvan yollarının üzərində yerləşir. Naxçıvan-Culfa-Təbriz yolu bu regionu Şərqlə, Şərur-Sədərək-Ərzurum yolları qədim diyarı Avropa ilə əlaqələndirir. Tranzit əlaqələri hələ ən qədim zamanlardan Naxçıvanda çoxtərəfli böyük inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu əlaqə hələ XII əsrdə Naxçıvanda intibah şəhərinin və intibah mədəniyyəti abidələrinin yaranması ilə nəticələnmişdir. Burada şəhər mədəniyyətinin inkişaf etdirilməsində, genişlənməsində də İpək yolu əlaqələri mühüm əhəmiyyət kəsb etmişdir. Nəticədə Naxçıvanla yanaşı, Culfa və Ordubad, Gilan şəhərləri də yaranmış, sürətlə inkişaf etmişdir.

Yeni Naxçıvan - qədim Naxçıvanın, Nuhçıxanın davamıdır, varisidir. Hazırkı mərhələdə Naxçıvanda şəhər mədəniyyətinin inkişafında davamlı ənənələrin qorunub saxlanılmasına ciddi fikir verilir. Bununla belə, yeni Naxçıvan - yeni epoxanın Naxçıvanıdır. Son illərdə Azərbaycan Prezidenti və Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən göstərilən dövlət qayğısının, aparılan məqsədyönlü siyasətin, fədakar işin sayəsində, həqiqətən, yeni bir Naxçıvan yaradılmışdır. Türk-müsəlman mədəniyyətinin, Azərbaycan memarlığının köklü ənənələri üzərində inkişaf etdirilən yeni Naxçıvan möhkəm milli zəminə malik Avropa tipli və səviyyəli şəhər mədəniyyətinə klassik nümunədir. Bu, Şərq yönlü Qərb şəhəridir, kiçik Parisdir.

Yeni Naxçıvan - ölkəmizdəki yeni intibahın şəhəridir. Yeni Naxçıvan yeni intibahın göstəricisidir, nümunəsidir, yeni dövrün intibah şəhəridir.

Yeni Naxçıvan - böyük Azərbaycanın yeni həyatının faktıdır.

Naxçıvanın yeni dövrü bu qədim şəhərin 5 min illik inkişafında yeni tarixi mərhələdir. Naxçıvanda hazırkı mərhələdə Nuh peyğəmbərin məzarüstü abidəsinin ucaldılması buradakı çoxəsrlik inkişaf proseslərini tamamlayır. Bu, həm də ikinci sivilizasiyanın yaşıdı olan Nuhçıxanda - Naxçıvanda inkişaf baxımından yeni eranın başlamasını da bəyan edir. Artıq Naxçıvan şəhəri Azərbaycanın yeni inkişafı dövrünün qiymətli və əzəmətli bir əsəridir.

Yeni Naxçıvan düşmən sərhəddində alınmaz qaladır, Azərbaycanın Çənlibelidir!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinin qeyd edilməsi haqqındakı 6 fevral 2009-cu il tarixli sərəncamı bütövlükdə muxtar respublikanın, o cümlədən Nuhçıxanın - Naxçıvanın inkişaf yoluna gur işıq salır.