Nuhun oğlunun hekayəsi

Nuhun oğlunun hekayəsi

Sister Projects. Həmçinin baxın: Haqqında •


Nuhun başqa oğlunun adı Kənan idi və düşmənlərin zümrəsilə yaşayır, atasından uzaq gəzirdi. O, hələ də atasının dininə iman gətirməmişdi. Su bütün yer üzünü basanda Nuh və onunla birlikdə gəmidə olanlar o dəhşətli mənzərəyə tamaşa edirdilər. Birdən Nuhun gözü, başqa zalımlar kimi özünü boğulmaqdan xilas etməyə cəhd edən oğluna sataşdı. Nuhda atalıq məhəbbəti coşaraq onu çağırıb dedi: -“Oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O bədbəxt o qədər təkəbbürün əsiri idi ki, bu iztirablı halda atasının sözlərinə qulaq asmadan ona belə cavab verdi: -“Mən bir dağa sığınaram, o da məni sudan qoruyar.” Amma bundan qafil idi ki, bu sel kiçik, adi sellər kimi deyil, bəlkə Allahın tufan və sel şəklində düşən qəzəbidir və bu tufan qudurmuş, zalım insanları udur. Ondan qurtarmaq üçün heç bir çıxış yolu yoxdur. Nuh da bu məsələni ona başa saldı və ürəyi yanaraq dedi: -“Allahın iradə etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz. Nəhayət, (onun sözləri qurtarıb-qurtarmamış) dalğa ata ilə oğlunun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.”

Nuh qabaqcadan Allahdan vədə almışdı ki, öz ailəsini bu əzabdan xilas edəcək. Bu haləti görüb əllərini Onun dərgahına qaldırıb dedi: -“Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır.” Sən özün bu vədi vermişdin ki, mənim ailə üzvlərimi xilas edəcəksən. Allah Nuha belə cavab buyurdu: -“Ey Nuh, o sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürüm).”

Bir hədisdə İmam Rza (ə) bu ayənin təfsirində buyurur: -“O, Nuhun ögəy oğlu idi. Allaha itaətsizlik üzündən (atasına tabeçilik etmədi) onu atasından ayırıb Nuhun ailə üzvlərindən saymadı.” Yəni Allah dərgahında bəndələrin əməl və rəftarları tərəziyə qoyulur və Ona uzaq-yaxınlıq miqyası sayılır, nəinki onların əsl-nəcabətləri. Çünki əzab nazil olanda heç bir ailəvi əlaqələrin təsiri olmayacaqdır.

Bu arada Salman Farsi kimilər də tapılır ki, öz itaətçiliyi nəticəsində Rəsuli Əkrəm (s) onu öz kəramətli ailə üzvlərindən sayıb “Əs-Səlmanu minna Əhləl-beyt” (Salman biz Əhli-beytdəndir) sözü ilə fəxri mənsəbi (Əhli-beytdən olmağı) ona nəsib etdi. Amma əksinə, Nuhun oğlu öz itaətsizliyinə görə Şeyxul-ənbiya olan Nuh kimi əzəmətli peyğəmbərin ailəsindən qovur və onun barəsində belə xitab olunur: -“İnnəhu leysə min əhlik” (O, sənin ailəndən deyil.)

Sədi demişkən:

-”Pesəre Nuh ba bədan beneşəst,

Xandan nübüvvətəş qom şod.

Səge Əshabe-Kəhf ruzi çənd,

Peye mərdom gereft və adəm şod.

(Nuhun oğlu pis insanlarla oturub-durdu. Nübüvvət olan ailəni itirdi.

Amma Əshabi-Kəhfin iti bir neçə gün insanlarla dolandı, adam oldu.)

Deməli, Nuhla Allah arasında gedən sual-cavabdan belə məlum olur ki, Nuh öz oğlunun batini küfründən xəbərdar deyildi. Əks halda yalvararaq onun xilas olmasını Allahdan istəməzdi. Çünki özü Allahdan istəmişdi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma.” Bir tərəfdən bu cümlə ilə bütün yer üzündə olanların aradan getməsini istəmişdi. Başqa tərəfdən isə Allah taala kafirlər üçün vasitəçilik etməyi qadağan etmiş və açıq-aşkar demişdir: -“Zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.” Oğlunun kafirliyinə agah olan kimi bildi ki, atalıq məhəbbəti onu həyəcana gətirmiş və həqiqətindən xəbərdar olmadığı şeyi Allahdan istəməsinə peşman oldu. Bunu özü üçün böyük günah hesab edərək Allahdan üzr istədi və öz günahının bağışlanmasını xahiş edərək dedi: -“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan rəhm etməsən ziyana uğrayanlardan olaram.” Təbərsinin bu ayənin təfsirində dediyi sözlərə görə bu cümlələr Nuhun nəhayət təvazökarlığına açıq sübutdur. Çünki, heç bir günahın baş vermədiyi halda Allah dərgahına sığınaraq Ondan günahının bağışlanmasını istədi.

Həmçinin bax

redaktə