Oğlanqız dağı

Rəvayətlər. Oğlanqız dağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər ki, varlı bir kişi Ordubehiştdə yaşayıb, gözəlliyi dillər əzbəri olan bir qızı almaq istəyir. Buna görə də o, Ordubehiştə elçiliyə edib qızın atası ilə danışır. Qızın atası həmin kişinin varına aldanıb iki-üç günə toyun başlamasına söz verir. Ancaq qızın həmin kişidən zəhləsi gedir. Çünki kişi həm yaşlı, həm də çox çirkin imiş. İxtiyarı atasında olan qız özünü öldürmək qəsdinə düşür. Dərdini qonşu qıza söyləyir. O, qızın sevgilisinə xəbər aparır, oğlan gəlib çıxır. Qız öz sevgilisinə qoşulub qaçır. Bu işdən xəbər tutan varlı kişinin adamları onların dalınca düşürlər. Oğlanla qız yaxalanacaqlarını görüb dağlara üz tuturlar. Varlı kişinin adamlarının arxadan atdıqları ox onların hər ikisini yaralayır. Kürəyinə sancılan oxun ağrısına dözə bilməyən qız özünü oğlanın qolları arasına atır. Onlar düşmənin əlinə düşməsinlər deyə, Allaha yalvarırlar:

Bizi daş elə, daş elə,
Daşlara yoldaş elə.

Oğlanla qız ağır yaralanıb çoxlu qan itirdiklərindən ordaca ölürlər. Varlı kişinin adamları cəsədləri bir-birindən ayırır, basdırmırlar ki, qurd-quşa yem olsunlar. İllər keçdikcə oğlanla qızın cəsədləri daşa, qayaya çevrilir, birbirinə həsrətlə baxan qoşa dağ əmələ gəlir.

Elə o vaxtdan həmin qoşa dağ el arasında “Oğlan-Qız” adıyla tanınır.

Mənbə

redaktə