Oğlanqız məqbərəsi

Rəvayətlər. Oğlanqız məqbərəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda Araz çayının qırağında iki qonşu kəndin adamları bir-biriynən yaxından dostluq edərmiş. Kəndlilər bir-birinin evinə gedər, hər dərdinə, sevincinə şərik olarmışlar. Bu kəndlərdən biri indiki Aza kəndi, o biri də Arazın o tayındakı kəndlərdən biri imiş.

Belə rəvayət edirlər ki, Aza kəndində bir kişinin gözünün ağıqarası bircə oğlu varmış. Kişi bütün var-dövlətini oğluna qurban deyib onu böyüdürmüş. Aylar, illər keçir, bu oğlan böyüyüb boyabaşa çatır. Eşq sevdası onun da başına dolur. O, Arazın o tayındakı kənddə bir qıza aşiq olur. Elə bil ki, oğlanın göbəyini həmin kənddə kəsiblərmiş, oğlan ordan əl çəkmir, qıznan tez-tez görüşürmüş. Sən demə, qızı həmin kənddə çox varlı bir kişinin oğlu da istəyirmiş. Di gəl ki, qız varlı oğlana getmək istəmirmiş. Məsələ çox müşkülləşir. Qız da ki, açılışıb ürəyini heç kimə deyə bilmir. Xəlvətcə qonşu kənddə istədiyi oğlana xəbər göndərir. Özü də Araz çayının qırağına gəlir ki, qoşulub qaçsın.

Bu vaxt qızı güdən varlı bunları görür. Qan vurur onun beyninə. O, qızı istəyən oğlanı ağır yaralayıb atır Araza. Sonra da qızı qaçırmaq istəyir. Qız duyuq düşüb başlayır Arazın qırağıynan qaçmağa. Görür ki, çayın suları al qana boyanıb. Qızı qəhər boğur. Varlı oğlan da onun dalınca gəlir. Qız onun əlindən qurtarmaq üçün özünü çaya atır. Çayın burulğanı qızı da qoynuna alır. Hay-küyə gələnlər neyləyirlərsə onları qurtara bilmirlər. Çay hər ikisini aparır. Hamı varlı oğlana nifrət yağdırır. Kasıb oğlanın atası var-yoxunu töküb hər iki gəncin nakam məhəbbətinə Aza kəndində qoşa məqbərə tikdirir. O vaxtdan da həmin qoşa məqbərəyə “Oğlan-qız məqbərəsi” deyirlər.

Mənbə

redaktə