Oğlum (Mirzə Bilal)

Oğlum
Müəllif: Mirzə Bilal
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Düşmənin düşməndir, sən ki, bilirsən,
Dostundan gəl gözlə özünü, oğlum.
Demirəm danışma, oynama, gülmə,
Bildirmə sirrini, izini, oğlum.

Çoxalar dostların – ucalsa başın,
Yaxşı gündə yaxşı olar yoldaşın,
Qazancın azalsa, tükənsə aşın,
Görməzsən onların üzünü, oğlum.

Daralma dünyada, etmə namərdlik,
Daralsa barmaqdan çıxarmı üzük?
İstəsən vüqarın olsun uca, dik,
Onda de hər sözün düzünü, oğlum.

Güvənmə şöhrətə, güvənmə ada,
Vermə ömrü-günü havayı bada.
Atan Bilal deyir gələrsə qada,
Naçar qalıb yumma gözünü, oğlum.