O nədir?
Müəllif: Cəfər Cabbarlı

Səndən xəbər alım haq bilən aşiq,
O nədir ki, sözü vardır, özü yox?
Cavab qaytar istəyinə müvafiq,
O nədir ki, özü vardır, sözü yox?

O nədir ki, bizləməsən, çalışmaz?
O nədir ki, dindirsən də danışmaz?
O nədir ki, xeyrə-şərə qarışmaz?
O nədir ki, haqq görməyə gözü yox?

O nədir ki, vaxtı keçmiş ölməyir?
O nədir ki, çox ağlayır gülməyir?
O nədir ki, yaxşı-yaman bilməyir?
O nədir ki, özün görər, bizi yox?

O nədir ki, Allahına pul deyir?
O nədir ki, ağasına qul deyir?
O nədir ki, olmaz şeyə ol deyir?
O nədir ki, əyrisi var, düzü yox?

O nədir ki, mümkün ikən tapılmaz?
O nədir ki, iynə satar, sap olmaz?
O nədir ki, istədiyin tapılmaz?
O nədir ki, arşını var, bezi yox!

O nədir ki, ayda qırx gün bağlanır
O nədir ki, bir həftədə bağlanır?
O nədir ki, qapısında ağlanır?
O nədir ki, "yox"dan başqa sözü yox?

O nədir ki, gün uzunu işləyir?
O nədir ki, işləmədən dişləyir?
O nədir ki, gündə birin boşlayır?
O nədir ki, oğlan sevər, qızı yox?

O nədir ki, bir həsirdir, dörd divar?
O nədir ki, bir qapıdır, bir açar?
O nədir ki, gördüyünə göz yumar?
O nədir ki, içində bir mizi yox?

O nədir ki, dəftəri çox, işi az?
O nədir ki, “sabah gəl"i qurtarmaz?
O nədir ki, qulaq verməz yüz min yaz?
O nədir ki, qışda getsən buzu yox?