O olmasın, bu olsun/Üçüncü məclis

İkinci məclis O olmasın, bu olsun. Üçüncü məclis
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü məclis


Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ә h ә r r ә m K ә r b ә l a y ı N ә s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.

M u s i q i

H a m ı (oxuyurlar).

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

H a m a m d a n b i r s ә s.

Gəl, ey ha!… Bir yumurta!…

H a m ı.

Yaz, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.

M u s i q i

Dəllək qırxır, hamamçı qəlyan çəkir.

M ә ş ә d i Q ә z ә n f ә r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən?
H a m ı. Hamamda!…
M ә ş ә d i Q ә z ә n f ә r. Yazın istisində harada sərinləyə bilərsən?
H a m ı. Hamamda!
M ә ş ә d i Q ә z ә n f ә r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ә ş ә d i Q ә z ә n f ә r. Bəs belə de!
U s t a M ә h ә r r ә m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?
H a m ı. Hamamda!
U s t a M ә h ә r r ә m. Harda bir parça ləzzət görərsən?
H a m ı. Hamamda!
U s t a M ә h ә r r ә m. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
U s t a M ә h ә r r ә m. Bəs elə, de gəlsin!

H a m ı.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, tez gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

H a m a m d a n b i r s ә s. Gəl, ey ha!… Bir papiros, özü də müştük ucunda. (Aparırlar).

H a m ı.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

M u s i q i

K ә r b ә l a y ı N ә s i r (dəllək ülgüc itiləyərkən). Mən özüm bisavadam, amma kitabda yazılanlardan oxuyurdular, mən də eşitmişəm: müsəlman padşahları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harda təmiz olursan?
H a m ı. Hamamda!
K ә r b ә l a y ı N ә s i r. Harda pak olursan?
H a m ı. Hamamda!
K ә r b ә l a y ı N ә s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
K ә r b ә l a y ı N ә s i r. Bəs belə!
M ә ş ә d i Q ә z ә n f ә r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, nağıl deyənlər, dərvişlər hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən?
H a m ı. Hamamda!
M ә ş ә d i Q ә z ә n f ә r. Harda dünya qayğısını yadından çıxardarsan?
H a m ı. Hamamda!
M ә ş ә d i Q ә z ә n f ә r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ә ş ә d i Q ә z ә n f ә r. Bəs elə isə de gəlsin!

M u s i q i

H a m ı.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var!…

H a m a m d a n b i r s ә s. Gəl, ey he!… Ab xurdan, içində qəmiş. (Aparırlar).

M u s i q i

H a m ı. Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var! …. gəl.

U s t a M ә h ә r r ә m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ә h ә r r ә m. Harda yaxşı baş qırxdırmaq olar?
H a m ı. Hamamda!
U s t a M ә h ә r r ә m. Harda yaxşı həna yaxmaq olar?
H a m ı. Əşi, hamamda!
U s t a M ә h ә r r ә m. De, bəs belə!
M ә ş ә d i Q ә z ә n f ә r. Həna dedin, yadıma Sədi Əlyәəl-rəhmənin bir şeri düşdü ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir:

Gili-xoşbuyi dər həmmam ruzi
Rəsid əz dəsti-məhbubi be dəstəm.
Bədu qoftəm ke, mişki, ya ənbəri
Ki, əzbuyi-delavizi-to məstəm.
Bəqofta mən gili-naçiz budəm
Və leykən moddəti ba gün neşəstəm.
Kəmali-həmneşin bər mən əsər kərd
Və kərna mən haman xakəm ki, həstəm!

İnandırıram sizi ki, əgər Sədi Əlyәəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir?

H a m ı. Heç kəs!
M ә ş ә d i Q ә z ә n f ә p. Bəs belə isə de gəlsin!

M u s i q i

H a m ı.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

H a m a m d a n b i r s ә s. Gəl, ey ha!… Qətfə! Gəl apar!

Camadarlar qətfə ilə gedirlər.

H a m ı.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir. Amma zurna səsi gəlir. İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkilər geyinmələrini tamam edirlər. M ә ş ә d i İ b a d yaxasını düymələyir, sonra əlinə aynanı alıb, saqqalına baxır. H ә s ә n q u l u b ә y surtukunu geyir, R z a b ә y varatnikini taxır. H ә s ә n b ә y başını darayır.
Ә s g ә r çəkmələrini geyir, h a m b a l patavasını dolayır. Sairələr də kimi başını qurudur, kimi düymələrini bağlayır.

M ә ş ә d i Q ә z ә n f ә r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-uşaqlı olasan!
M ә ş ә d i İ b a d. Sağ olasan, vücudun bibəla olsun!
H a m ı. Allah mübarək eləsin, allah mübarək eləsin!
M ә ş ә d i İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir.
Ә s g ә r. Maşallah, lap cavan olubsan ki!
M ә ş ә d i İ b a d. Cavan olmayanda qoca deyiləm ki….
M ә ş ә d i Q ә z ә n f ә r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram.
H ә s ә n q u l u b ә y. Mən çoxdandır ki, töbə eləmişdim, ömrüm olanı müsəlman hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanımda o qədər əzizdir ki, töbəmi sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də…. Heç, daha keçibdir.
M ә ş ә d i Q ә z ә n f ә r. Bəs belə!
R z a b ә y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim.
M ә ş ә d i Q ә z ә n f ә r (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində urus çimir, erməni çimir, yəhudi çimir?!
R z a b ә y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetimdə yazaram. Belə eləməyin!
H ә s ә n q u l u b ә y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? (hambalı göstərir).
H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil?
H ә s ә n b ә y. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur, yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyә). No vı, vı rassujdayete kak burjuy! Necə yəni mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil?
H a m b a l. Əlbəttə, adamam!
H ә s ә n b ә y. Onun da iki qulağı var, sənin də!
H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi?
H ә s ә n b ә y. Onun da bir burnu var sənin də!
H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi?
H ә s ә n b ә y. Yedinstvennaya raznitsa bundadır ki….
H ә s ә n q u l u b ә y. (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan.
H ә s ә n b ә y. Net, mən kak istinnıy narodnik protestuyu!

Bunlar, R z a da iştirak edir,əllərilə işarələrlə danışıb bəhs edirlər.

M ә ş ә d i İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını hamam pulunu, inşaallah, mən verəcәyəm, hə?… Bu bahalıqda bir bu qədər hamam pulu heç bilirsən neçə elər? Görüm, hamamçını bir nokələkləyə bilərəmmi?
H ә s ә n q u l u b ә y. (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye!
H ә s ә n b ә y. Net! Ya doljen protestovat.
R z a b ә y. Əşi, ayıbdır hamamın içində….
H ә s ә n q u l u b ә y. Da protestuyte, skolko xotite!
H ә s ә n b ә y (bərkdən). Ya ne pozvolyu, çtobı….

Ә s g ә r, R z a tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar.

M ә ş ә d i Q ә z ә n f ә r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyunun təsirindəndir.
M ә ş ә d i I b a d (onlara). Bura bax, a!… Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki…. (Sükut; hamamçıya müraciətən). Məşədi Qəzənfər, sənin yadına gəlməz; çünki çox kiçikdin, mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlik Sonanı almışdım, toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik sənin atan Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki…. Nə qədər eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı…. Qərəz, rəhmətlik çox gözəl kişi idi….

Hamı bir-bnrinə baxıb himləşir.

M ә ş ә d i Q ә z ә n f ә r. Heç mənim özümü demirsən…. Keçən həftə bizim Məşədi Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük üstümə atdı, istədim almayam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların hərəsinə on manat naçay bağışladı; onun sabahı bir də görüm ki, bir dəst yaxşı libas, iki kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu.

B ә y l ә r himləşib gözləşirlər.

H ә s ә n q u l u b ә y. (Həsən bəyә). Vı vezde umestno, neumestno lezite sporit.
R z a b ә y. Yenə başladılar ki….
H ә s ә n b ә y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem.
H ә s ә n q u l u b ә y. Da vı, prosto obmanşik i vse!
H ә s ә n b ә y (bərkdən). Çto? Vı menya oskorblyayete?
H ә s ә n q u l u b ә y (o da bərkdən). Da oskorblyu!

Ara qarışır, R z a, Ә s g ә r, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər.

H ә s ә n b ә y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za oskorblenie. (Gedir).
R z a b ә y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da onun dalınca gedir).
H ә s ә n q u l u b ә y. (kefsiz)Həzərat, bagıslayın, xudafiz!… (Gedir).
Ә s g ә r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik!

Gedir, adamları da onun dalınca çıxırlar. Qalır hamam əhli ilə M ә ş ә d i İ b a d və h a m b a l.

M ә ş ә d i İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı!
M ә ş ә d i Q ә z ә n f ә r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır?
M ә ş ә d i İ b a d. Havanın təsirindəndir. (Ona). Qərdəş oğlu, haqq-hesabımız neçə elədi?
M ә ş ә d i Q ә z ә n f ә r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver, istərsən mən də atam kimi səndən heç zad almayım….
M ә ş ә d i İ b a d. Xeyr, çox sağ ol!(Kənara). O, mənə baha oturar. (Pul çıxardır verir). Bəsindirmi?
M ә ş ә d i Q ә z ә n f ә r. Bəsdir, allah bərəkət versin!
M ә ş ә d i İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə verərsiniz.
C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin!
H a m b a l. Məşədi, abbasını vermədin, ha!…
M ә ş ә d i İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın; hamam pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz də bir şey çalın, camaat yığılsın hamama, çıxaq gedək.

Z u r n a ç ı l a r çalırlar, bir qədər keçmiş çıxıb gedənlər h a m ı s ı geri qayıdırlar.

M ә ş ә d i İ b a d, (durur). Ya allah!…
H a m b a l kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər.
H a m a m ç ı, d ә l l ә k M ә h ә r r ә m, K ә r b ә l a y ı N ә s i r və
c a m a d a r l a r yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar.
M ә ş ә d i Q ә z ә n f ә r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə danışaq: harda yuyunub təmiz olarsan?
H a m ı. Hamamda!
U s t a M ә h ә r r ә m. Harda suya batıb çıxa bilərsən?
H a m ı. Hamamın xəznəsində.
K ә r b ә l a y ı N ә s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ә ş ә d i Q ә z ә n f ә r. Bəs elə isə de gəlsin!

M u s i q i

H a m ı.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var.
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

M u s i q i

(U s t a M ә h ә r r ә m l ә M ә ş ә d i Q ә z ә n f ә r kürkünü salıb oynayırlar, camadarlar da çırtıq vururlar.)

P ә r d ә