Nağıllar. Ocaq ilanı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Belə deyirlər ki, bir kənddə bir kişi varmış. Bu kişinin daxmasının ətrafı bağ-bağat imiş. Kişi həmişə tezdən durub bağ-bağatla məşğul olarmış. Bir səhər adəti üzrə yenə də bağa çıxır. Hava da yavaş-yavaş istiləşməyə başlayır. Kişi görür ki, bir böyük ilan daşın üzərində qıvrılıb özünü günə verir. İstəyir öldürsün, ilan fışıltıyla daşların arasında görünməz olur.

Kişi bu əhvalatı qoca adamlara danışır. Ona məsləhət edirlər ki, ilana toxunmasın. O, ocaq ilanıdır. Yurdun bərəkətidir. Onu incidib eləsə, küsüb gedər, yurdun bərəkətini də özü ilə aparar. Əgər öldürsə, böyük bəla üz verər. Çünki onlar yeddi qardaş olurlar. Harada olsalar, gəlib öz qardaşlarının intiqamını alarlar.

Kişi qocaların sözünə əməl etmir. Səhər durub ilanı güdməyə başlayır. Gün qızanda ilan yenə də daşın üstünə qalxıb qıvrılıb, özünü günə verir. Kişi fürsəti verməyib bir daş götürüb ilana atır. Ancaq daş ilana dəymir. İlan səsə oyanıb dimdik qalxır, qəzəbliqəzəbli fışıldamağa, dilini çıxartmağa başlayır. Sonra da sakitləşib öz yerində uzanır. Kişi bir daş da atır. Bu da ilanı tutmur. İlan birdən yerindən sıçrayır. Sürünüb oradan uzaqlaşır.

Bu əhvalatdan xeyli keçir. Kişi hər səhər gizlənib ilanı güdsə də, ondan əsər-əlamət görmür. Belə-belə günlər bir-birini əvəz eləyir. Kişinin bağ-bağatı tamam quruyur, tez-tez bədbəxt hadisə baş verir. Kişi başa düşür ki, nahaq qocaların sözünə baxmayıb, ocaq ilanını küsdürmüşdür. Ona görə də ona bədbəxtlik üz verir.