Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb Müəllif: Məhəmməd Füzuli |
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb,
Ağlar oldu halıma birəhm cananım görüb.
Eyləyən təyini-əczayi-müdava dərdimə,
Tərk edib, cəm etmədi hali-pərişanım görüb.
Lalərüxlər göysümün çakinə qılmazlar nəzər,
Hiç bir rəhm eyləməzlər daği-pinhanım görüb.
Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib,
Qalmasın heyrətdə çeşmi-gövhərəfşanım görüb.
Pərtövi-xurşid sanmın yerdə, kim dövri-fələk,
Yerə vurmuş afitabın mahi-tabanım görüb.
Suda əksi-sərv sanmın, kim qoparıb, bağiban
Suya salmış sərvini, sərvi-xuramanım görüb.
Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil,
Ol ki, eyb eylər mənim çaki-giribanım görüb.