Ol mah vüsalilə xoş et bir gecə halim

Ol mah vüsalilə xoş et bir gecə halim
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.218.

Ol mah vüsalilə xoş et bir gecə halim,
Ey əxtəri-tale’ qoma boynunda vəbalim!

Fəryad ki, bər vermədi bidaddən özgə,
Göz yaşı ilə bəslədigim türfə nihalim.

Sınmış müjə tək, xəlq gözündən axıdır yaş,
Nəzzareyi-zə’fi-bədəni-muymisalim.

Ol şəm’ xəyalilə xoşam, ola ki, daim,
Bu surət ilə cizginə fanusi-xəyalim.

Suzandır odumdan tənimə sancılan oxlar,
Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim.

Saqi, qəmi-dövran ilə qayətdə məluləm,
Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim.

Lütf eylə, Füzuli, mənim əhvalımı ərz et
Ol sərvə ki, söyləşməyə qalmadı məcalim.