Ol zaman kim məst qıldı çeşmi məxmurun məni

Ol zaman kim məst qıldı çeşmi məxmurun məni
Müəllif: Həbibi
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27.

Ol zaman kim məst qıldı çeşmi məxmurun məni![1]
Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.

Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı,
Bu pərişan könlümün olalı zülfin məskəni.

Bu cəhanü can dimağın tazəvü xoşbu edər,
Dəprədə badi-səba çünkim şu zülfi-müşkini.

Ey şahənşahi-cəhan, vey padşahi-insü can,
Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni.

Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə,
Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni.

Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can,
Görəli can Kəbəsində çün o vəchi-əhsəni.

Bu Həbibi surəti-rəhmanə edər səcdəsin,
Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni.

Qeydlər

redaktə
  1. Bu qəzəl vəzn və qafiyə etibarilə nöqsanlıdır.