Ola (Aşıq Mirzə Bilal)

Ola
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.62

   
Allah bu zalım divanı
Yıxıb bir dəyişərmi ola?
İlahidən yanan çıraq
Bizim yurda düşərmi ola?

Əyilməz möhkəm vüqarım,
Tükənməzdir arzularım,
Görən, ya Rəbb, intizarım
Ürəyimi deşərmi ola?

Qan ağlayır tamam hər yan,
Tapılmamış dərdə dərman,
Boran, çiskin, bu kor duman,
Bu dağlardan aşırmı ola?