Ola (divani, Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola (divani, Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Fələk, sənnən əlləşməyə,
Bir belə meydan ola.
Tut əlim, ətək sənin,
Ədalət divan ola.
Mən dedim ki, bu dünyada,
Səfa sürrəm baş-başa.
Nə bilim ki, top vura,
Toz qopa tufan ola.

Ey könül, sev xubları,
Dünya sənə dar olsa.
Bu fələyin yox vəfası,
Qoyma sənə yar olsa.
Pay beş arşın ağ olacaq,
Nə qədər də var olsa.
Xub yaraşar tərlanlara,
Yuvasında xan ola.

Bir kəsə ki, yar dedin,
Yar deyib əğyar eyləmə.
Sən ki, ona yar dedin,
Aləmdə xar eyləmə.
Əcəl gəldi Məmmədhüseyn,
Dünyanı dar eyləmə.
İlahidən dilək dilə,
Bəlkə xoş məqam ola.