Olar (Aşıq Nəcəf Əlimərdanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olar Müəllif: Aşıq Nəcəf Əlimərdanlı |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Nagahdan atılsa mərd igidə daş,
Görmə bir kimsədən, o dostdan olar.
Namərdin yarası öldürməz mərdi,
Pozular damağı, həvəsdən olar.
Göz açıb dünyaya qıldım tamaşa,
Kim qaçar qəzanın toruna düşə,
İki həsrət bir-birinə qovuşa,
O gün cənnət bağı gülüstan olar.
Mətahım qəlp oldu, al qumaşım bez,
Gəl biçarə Nəcəf, hər cəfaya döz.
Yayılar aləmə nəsihətli söz,
Ariflər dilində bir dastan olar.