Olarmış (Şair Məmmədhüseyn)

Olarmış (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Neçə gündür boğur məni bu qəhər,
Yoxsulluq insana nə pis olarmış.
Varı olan keçib başda əyləşər,
Yoxsul olsa ayaqlarda qalarmış.

Əldə varı olan adam sayılar,
Yatmış olsa qəflətindən ayılar.
Xeyir-şər olanda əzəl çağrılar,
Yoxsul olsa hamı yaddan salarmış.

Məmmədhüseynəm, qanad çaldım havada,
Tərlan idim şikar aldım davada.
Qocalmışam indi qaldım yuvada,
Tərlan şikarını sar da alarmış.