Olarmış (Molla Cuma)
Olarmış Müəllif: Molla Cuma |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Bir iyidin bəxti olsa,
Ellər ona yar olarmış.
Dönüb işi tərsə düşsə,
Yarı da əğyar olarmış.
Bülbüllər çıxa bahara,
Sözləri bənzər gövhərə,
Kim getsə pulsuz bazara,
Şəhər ona dar olarmış.
Eşqin səməndini yaran,
Dost yolunda boynun buran,
Cavanlıqda dövran sürən,
Qocalıqda zar olarmış.
Kimdi mənim dərdim bilən,
Gözdən axan yaşım silən,
Cuma kimi yarı olan
Ağlamaqdan kor olarmış.