Olaydı (Şair Əbülfət)

Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olaydı (Şair Əbülfət)
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

A yoldaşlar, a qardaşlar,
Son günümüz ağ olaydı.
Deyib, gülüb, danışaydıq,
Damağımız çağ olaydı.

Fələk bir dövran quraydı,
Könlümdən xəbər verəydi.
Məxluqat xoş gün görəydi,
Ürəklər yumşaq olaydı.

Qoyun-quzu çöldə yata,
Örüş malı güclə tuta.
Bağ-bostanda inci bitə,
Bir kökdə yüz tağ olaydı.

Yeyib-içib gəzdiyimiz,
Şəhdi-şəkər əzdiyimiz,
Süd gölündə üzdüyümüz
Gah aran, gah dağ olaydı.

Çəkiləydi çiskin, duman,
Sevinəydi qoca, cavan.
Dünya cənnət olan zaman
Əbülfət də sağ olaydı!