Oldu (Aşıq Ələsgər - Nəbi Miskin)
Oldu Müəllif: Aşıq Ələsgər - Nəbi Miskin |
Mənbə: Səməndər Məmmədov. "Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09. |
Ələsgər:
Dünya altı gündə neçə don geydi,
Nə üstə əyləşdi, bərqərar oldu?
Əzəli kimiydi ərşin bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?
Nəbi:
Dünya altı gündə dörd don geyindi,
Ab üstə əyləşdi bərqərar oldu.
Xey-xalığım haxda ərşin bənnası,
Ulduzun yeddisi səyahətkar oldu.
Ələsgər:
Nə qədərdi müğərrəbin mələyi?
Onların içində kim idi bəyi?
Canlıdı, cansızdı ərşin dirəyi,
Nə ilə çalındı, mötəbər oldu?
Nəbi:
Pənc-yek ayədi müqərrəbin mələyi,
Onların içində Cəbrayıl bəyi.
İsmi-əzəm cansızdı, ərşin dirəyi,
Çaldı lövhü-qələm, mötəbər oldu.
Ələsgər:
Ələsgər əl üzməz etiqadından,
Yer də xəbər verir göy büsatınnan.
Haqqınan peyğəmbər əhvalatınnan,
İslamam deyənə nə xəbər oldu?
Nəbi:
Nəbi də əl üzməz etiqadınnan,
Xilqəti hafizdi göy büsatınnan.
Haqqınan, peyğəmbər əhvalatınnan,
Mərifət İslama o xəbər oldu.