Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

İlisunun hamamına varanda,
Kəndin gözəlləri mənə tuş oldu.
Görən təki məndə aman qalmadı,
Əqil getdi başdan, lap bihuş oldu.

Kimisi gəlmişdi, keyfə, damağa,
Kimisi də yatıb qaldı sabaha,
Canım qurban ayna kimi qabağa
Ağ üzündə xalı qələm qaş oldu.

Mən Cüməyəm, başım düşdü bəlaya
Hamam döndü qızılgülə, lalaya.
Yönümü çevirdim Tovla Talaya,
Hayıf ki, yollarım qara daş oldu.