Olgunan
Müəllif: Aşıq Alı

Bir söz deyim xətrin mənnən xoş olsun,
Bir busə istərəm, qayıl olgunan.
Acıqlanıb mənə hədyan deyəndə
Düşgünən çöllərə sayıl olgunan.

Üzümə baxanda qoca görürsən,
Siyah zülfün dal-gərdəndə hörürsən,
Qəlbini əğyara, kara verirsən,
Baxgınan hikmətə mayıl olgunan.

Mina gərdən nəzik bədən ala sən,
İncə belə gümüş kəmər dola sən,
Alıyı çəkməynən nara, ala sən,
Könlünnən könlümə qayıl olgunan.