Olma
Olma Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.52-53 |
Məzluma hörmət et, qolundan yapış,
Əlindən var-yoxun alandan olma.
Haqq yoldan yayınma, sən Adəm kimi,
Nəfsindən peşiman olandan olma.
Həmişə qar olmaz dağların başı,
Qaçırma özündən yarı, yoldaşı.
Qohumu, qardaşı, yarı, sirdaşı,
İlan tək yalmanıb çalandan olma.
Beş gün bu dünyada ömr edər hərə,
Hərəsi meyl edər bir cür gövhərə..
Baxginən Cəmşidə, peyğəmbərlərə,
Mütini qürbətə salandan olma.
Seyrağub insandan yan dolanginən,
Salma bu dünyada qan, dolanginən.
Hər kəsə can denən, can dolanginən,
Hərcayı söyləyib güləndən olma.
Mirzə Bilal, möhkəm yapış halaldan,
Bunu öyüd aldın ata-anandan,
İstəyirsən get xəbər al mahaldan –
Zalımın qaydına qalandan olma.