Olmadı (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmadı (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Fələk əydi ayrı düşdüm elimdən,
Bəxtim yatdı, hala yanan olmadı.
Həsrət qoydu məni zaman gülümdən,
Anlayıb dərdimi qanan olmadı.

Bir gözəlin eşqi düşdü başıma,
Yaman səda gəlib çatdı guşuma.
O, pərimdi səbəb bu göz yaşıma,
Heç olmasa əhdi danan olmadı.

Məmmədhüseyn ahu-zarda qalıbdır,
Didərgindi yad diyarda qalıbdır.
Peyman etdim yarım harda qalıbdır,
Mənim bu halımı duyan olmadı.