Olmasa (Aşıq Əsəd)

Olmasa
Müəllif: Aşıq Əsəd
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018.

Ağlı olan çox danışmaz,
Dərdi hazar olmasa;
Heç kimsənə xəstə yatmaz,
Canda azar olmasa.
Axtarıram, yoxdur təbib
Dərdə dərman eyləyə:
Çox çalışmaq əfsanədi,
Haqdan nəzər olmasa.

Dərdi olan tüccar kimi
Yuklə hər yana gedər;
Söylər dərdin dərd bilməzə.
Özü əfsanə gedər;
Axırında Məcnun olub,
Bər-biyabana gedər;
Qan ağlamaz, sızıldamaz,
Canda azar olmasa.

Dərdi olan yad olmasın
Ol mövlanın dərdindən;
Daima əlin çəkməsin
Mərd igidlər sirrindən.
Qəlb əyilsə, bulmaz şəfa,
Duman getməz sərindən;
Şahi-Mərdan-Şiri-Yəzdan
Dilində car olmasa.

Vaqifin ol gözəllərə
Tərif büsatı deyim;
 Ələsgər, Xəstə Qasımda
Var etiqadı deyim;
Şirin deyib qaya çapdı
Yazıq Fərhadı deyim;
Kərəm oda yanmaz idi,
Çeşmi-xumar olmasa.

Aşıq Əsəd xırd eləsin
Daim öz mətahını.
Həqiqətin, mərifətin
Gözlə bəndərgahını.
Doğru, düzgün, qeyrət ilə
Saxla dost irahını;
Dost dostundan kənar olmaz
Mərdiməzar olmasa.