Ay olmaz
Müəllif: Aşıq Bəsti
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Zülmü şəbahətdə bəylərin tayı,
Olmaz bu dünyada, olmaz, ay olmaz.
Nə yar yara yetər, bir murad alar,
Bir kimsə vay olmaz, olmaz ay olmaz.

Hər nə görsə deyər, külli-var mənim,
Alma mənim, heyva mənim, nar mənim,
Söndürdü çırağım biilqar mənim,
Çeşmim kimi bir çay olmaz, ay olmaz.

Çox axtardıq tapammadıq bir çara,
Bəylər günümüzü eylədi qara,
Bunlar ki, var Bəsti daha dağlara,
Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz.